09 may 2020 18:50
895

Heydər Əliyev-dünya siyasətində rəqibi olmayan siyasətçi

Elman Nəsirov,

Azərbaycan Respublikası Milli Məclisinin deputatı,
Yeni Azərbaycan Partiyası Beynəlxalq Əlaqələr Komissiyasının katibi,
siyasi elmlər doktoru, professor

Ulu öndər Heydər Əliyev şəxsi ləyaqət hissini paklıq zirvəsinə qaldırmağı bacaran və bu unikal keyfiyyəti titanik siyasi fəaliyyətinin məhək daşına çevirməyə nail olan Böyük Azərbaycanlıdır.  Bu unukal xüsusiyyəti ilə dünya siyasətində onun rəqibi yoxdur. Yəqin ki, hələ uzun tarixi dövrdə də bu reallıq dəyişməz qalacaqdır. Necə deyərlər, dahilər ən azı 100 ildən bir doğulur.

O, Azərbaycanda siyasi plüralizm, siyasi mədəniyyət və siyasi sistemin yaranmasının əsasını qoyan dühadır. 1992-ci ildə bir müxalifət partiyası olaraq yaratdığı Yeni Azərbaycan Partiyası  hakimiyyətə sivil yolla gəlməyin əsl “yol xəritəsi”ni ortaya qoydu. Bununla da bir siyasi mədəniyyət və siyasi əxlaq nümunəsi yaratdı.  Bu nümunə əslində siyasi xəttindən və davranışından asılı olmayaraq  bütün siyasi qüvvələr üçün örnək olmalıdır. Bu nümunə özündə sağlam, obyektiv, şəffaf və demokratik mübarizə mədəniyyətini ehtiva edir və 100 faizlik qələbə təminatına görə unikaldır. Fikrimizi faktlar və arqumentlərlə əsaslandıraq.

Heç kəsə sirr deyildir ki, Ulu Öndər  1993-cü il 3 oktyabrda keçiriləcək prezident seçkiləri öncəsi seçkiqabağı təbliğat kampaniyasına xüsusi əhəmiyyət verir, praktiki olaraq əhalinin bütün təbəqələri ilə görüşürdü. Azərbaycan Respublikasının prezidentliyinə namizəd  Heydər Əliyev 1993-cü il sentyabrın 10-da yerli və xarici jurnalistlər üçün mətbuat konfransı keçirdi. Sentyabrın 20-də Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları, sentyabrın 21-də AMEA-da ziyalılar qarşısında, sentyabrın 22-də Ali Sovetdə Azərbaycan gənclərinin nümayəndələri, sentyabrın 28-də Bakı Məişət Kondisionerləri Zavodunda əmək kollektivlərinin təmsilçiləri qarşısında çıxışlar etdi. Bu çıxışlarda ulu öndər Heydər Əliyev Prezident seçiləcəyi təqdirdə xalqı narahat edən hansı müəkkəb problemlərin köklü həllinə nail olmağı hədəf seçdiyini bəyan etdi. Bu, ilk növbədə, polisin siyasi oyunbazlıqla məşğul olmaması və  ictimai asayişin qorunması ilə bağlı birbaşa vəzifəsini icra etməsi, müxtəlif rayonlarda kök salmış və dinc sakinləri qorxu altında saxlayan çoxsaylı gizli silahlı qrupların və bandaların üzə çıxarılması, onların ifşa və tərksilah edilməsi ilə bağlı idi.

Ziyalılar qarşısında çıxış edən Heydər Əliyev İdeoloji streotiplərdən və təhriflərdən azad olmuş real və həqiqi Azərbaycan tarixinin yazılmasını təxirəsalınmaz vəzifə kimi qarşıya qoydu. Ulu öndər xüsusi olaraq vurğuladı ki, tarixi qələmə alarkən ədalət hissini bir an yaddan çıxarmaq olmaz. Ağı ağ, qaranı qara yazmaq lazımdır. Bu xüsusda ümummilli lider xüsusi olaraq vurğuladı: “ 1920-ci ildən başlayaraq müstəqililik əldə etdiyimiz vaxtadək Azərbaycan xalqı böyük bir tarixi yol keçmişdir. Azərbaycanda boyük elm, mədəniyyət yaranmışdır. Ölkənin sənayesi, kənd təsərrüfatı inkişaf etmişdir. Bu dövrü tarixdən silmək olarmı? Şübhəsiz,  bu dövrün çox qaranlıq səhifələri də var-37-38-ci illər, elə 20-ci illərin əvvəlləri, 30-cu illər, repressiya illəri, qanunsuzluq, insan hüquqlarının pozulması, Azərbaycan xalqına böyük zərbələr vurulması. Bunlar həqiqətdir. Eyni zamanda o da həqiqətdir ki, bu dövrdə əzab-əziyyətlərlə, çətinliklərlə yanaşı, Azərbaycan xalqı öz iqtisadiyyatını yaratmışdır. Əgər 70-ci illərdə yaranmış bu iqtisadiyyat omasaydı, indi Azərbaycan Respublikası müstəqil dövlət kimi yaşaya bilərdimi?. Eləcə də şəxsiyyətləri itirmək olmaz. Bizim üçün Mirzə Fətəli Axundov da, Əhməd bəy Ağayev də, Məmməd Əmin Rəsulzadə də böyük şəxsiyyətlərdir. Nəriman Nərimanov da...Tarixi təhrif edənlər xalqa xəyanət edir. Tariximizdə olan şəxsiyyətlərin hamısı bizim üçün qiymətlidir. Onların heç birinə toxunmaq olmaz.” Hesab edirəm ki, bu movqeyi ilə ulu öndər  Heydər Əliyev bir daha paklıq zirvəsinə yüksələrək haqq və ədalətin keşiyində dayanırdı. Xalqın gözü tərəzidir. Xalq öz liderini birmənalı olaraq müəyyən edirdi. O xalq ki, ölkəsinin viran olduğunun fərqində idi və Heydər Əliyevə yeganə ümüd yeri kimi baxırdı.

Həmin çıxışında Heydər Əliyev Azərbaycanın o zamankı faciəli vəziyyətini fırtınanın sahilə tulladığı sınıq gəmi ilə müqayisə etdi: ”Həmin gəmini yenidən tikmək, elə vəziyyətə salmaq lazımdır ki, bir daha dənizə çıxa bilsin. Azərbaycan indi təxminən belə vəziyyətdədir.”

Gənclər qarşısında çıxında isə ulu öndər Heydər Əliyev olkənin təhsil və gənclər siyasəti sahəsində həlllini gozləyən olduqca mürəkkəb problemlərə diqqəti cəlb etdi və bu istiqamətlərdə konseptual yanaşmalarını ortaya qoydu. İlk növbədə onu vurğuladı ki, milli nihilizm mövqeyindən birdəfəlik imtina etmək lazımdır. Sovet ideologiyasını haqlı olaraq özümüzdən uzaqlaşdırsaq da, ancaq sovet təhsil sistemində bir çox müsbət cəhətlərin olduğunun da üstündən xətt çəkə bilmərik. Biz savadlı, təhsilli millətə çevrilmişik. Elmdə və mədəniyyətdə böyük uğurlara imza atmışıq. Bundan sonranı düşünmək lazımdır. İndi necə irəliləyək? Təkcə texnikumları kolleclərə, məktəbləri liseylərə, institutları universitetlərə və akademiyalara çevirməklə işləri düzəltmək olmaz.

Ulu Öndər hər zaman olduğu kimi, təkcə problemləri qabartmır, eyni zamnada onnların həlli yoluna işıq salırdı. Bu xüsusda o, Azərbaycan gənclərinin ABŞ, Boyük Britaniya, Fransa, Türkiyə, Rusiya və digər olkələrin nüfuzlu ali təhsil ocaqlarına göndərilməsinin vacibliyini vurğulayır və bu sahədə hələ sovet dövründə olduqca müsbət təcrübənin qazanıldığına diqqəti cəlb edirdi.

Eyni zamnada Ulu Öndər gənclər arasında xoşagəlməz hallarin, o cümlədən sərxoşluq, narkomaniya, ən dəhşətlisi isə fərariliyin artmasından ürək ağrısı ilə danışırdı: “Bilirsiniz adam dəhşətə gəlir. Axı nə üçün  Azərbaycan oğulları fərarı olsunlar? Fərarilik edən hər bir gənc gərək cəmiyyətin üzünə çıxa bilməsin, fərarilik xalqa düşmən olmaq deməkdir.”

Ulu öndər Heydər Əliyevin Azərbaycan gəncləri ilə bu və digər görüşləri cəmiyyətdə böyük siyasi rezonans doğurdu. Gənclərdə vətənpərvərlik hissləri miqyasagəlməz səviyyədə yüksəldi. Xalqımız bir daha əmin oldu ki, ona elə bir siyasi lider rəhbərlik etməyə hazırlaşır ki, onun polad iradəsi, əzmi və enerjisi sayəsində bütün bəlalardan hifz olacaqımız artıq xulya deyil, bir reallıqdır.

Oktyabrın 1-də isə Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirən Heydər Əliyev Bakıda respublikada yaşayan azsaylı xalqların nümayəndələri ilə gorüşdü. Bu görüşün olkəmizdə ictimai-siyasi sabitliyin təminatı baxımından mühüm əhəmiyyəti var idi. “Xalq Cəbhəsi-Müsavat” cütlüyünün antimilli siyasəti sayəsində ölkə ərazisində yaşaya xalaqlar arasında brlik və harmoniya deyil, təfriqə və toqquşma meyilləri güclənmişdi. Xüsusən azsaylı xalqlara süni şəkildə belə bir ideya təlqin olunurdu ki, siz Azərbaycanın köklü xalqları deyilsiniz, ikinci sort xalqlar statusundasınız. Əslində bu yarıtmaz və xəyanətkar siyasətin müəllifləri  olkənin bütövlüyü və suverenliyi əleyhinə ən qorxulu ssenarilərin formalaşmasına rəvac verir və dövlətçiliyə qarşı xəyanətkar yol seçmiş olurdular. Bu acı reallıqlar fonunda ulu öndər Heydər Əliyev məlum görüşdə xüsusi olaraq vurğuladı ki, Prezident seçiləcəyi təqdirdə o, respublikanın keçmiş rəhbərliyinin milli siyasətdə buraxdığı ciddi pozuntuların aradan qaldırılması üçün əlindən gələni əsirgəməyəcəkdir. Azərbaycanda yaşayan bütün xalqlar  siyasi əqidəsindən, millətindən, dinindən asılı olmayaraq bərabər hüquq və imkanlara malik olacaqlar.

Ulu öndər Heydər Əliyevin xalq tərəfindən böyük coşqu ilə qarşılanan seçki kampaniyası xalqın etimadını tam itirmiş Xalq Cəbhəsinin əsl antimilli, xəyanətkar və dönük mahiyyətinin daha bariz şəkildə üzə çıxmasına səbəb oldu. Onlar məğlubiyyətləri barışa bilmir, əvvəlcə referendumu, sonra isə prezident seçkilərini boykot etmək çağırışları ilə mitinqlər təşkil edirdilər. AXC-nin ekstrimist qanadı isə Türkiyə vətəndaşı Həsən Tokunun iştirakı ilə sentyabrın 30-da Heydər Əliyevin həyatına sui-qəsd təşkil etməyə cəhd göstərdilər. Nə bu sui-qəsd addımı, nə də sonralar təkrarlanan oxşar cinayətlər və dövlət çevrilişinə cəhdlər nəticəsiz qaldı. Xalq sevgisi və Ulu Yaradan missiyası millətin və dovlətin Xilaskarı olan Heydər Əliyevi hifz etdi.

O, qalibiyyətlər üçün doğulmuşdu. 1993-cü il 3 oktyabr prezident seçkilərində xalqın 98,8 % səsini toplayaraq hakimiyyəti olimpinin zirvəsinə yüksəlməlkə məhv olmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycan dövlətçiliyini xilas etdi, onun növbəti  intibahının əsasını qoydu. Bu yerdə bəzi paralellər aparıb, nəzri mülahizələrimizi əsaslandırmağa çalışaq.

Ötən əsrin 70-ci illərinin əvvəllərində “Literaturnaya qazeta”ya verdiyi məşhur müsahibəsində “Qoy ədalət zəfər çalsın!” deyən Heydər Əliyev özünün milli intibah missiyasının 1969-1982-ci illər tarixi çərçivəsində, sözün həqiqqi  mənasında, ədalətin zəfər çalmasına nail oldu. Ölkədə həmin illərdə 213 yeni sənaye müəssisəsi istismara verildi. Bakı Məişət Kondisionerləri, Salyan Plastmas Emalı zavodları, Sumqayıtda Kompressor Zavodu, Üst Trikotaj Fabriki, Bakıda Tikiş, Ayaqqabı hissələri fabrikləri, Şampan şərabı zavodu, Cəncədə Ət kombinatı, Qənnadi fabriki, Əlvan Metallar emalı zavodu, Lənkəranda Konserv zavodu, çay fabriki, Naxçıvanda Şüşə Qablar zavodu, Kəlbəcərdə “İstisu” mineral su zavodu, Yevlaxda Yunun İlkin Emalı fabriki və s. kimi böyük iqtisadi potensialı olan müəssisələr məhz həmin illərdə tikilib istifadəyə verildi. Qeyd edilən 13 il ərzində istehsal olunan sənaye məhsulu öz həcminə görə əvvəlki 50 ilə bərabər idi.

1969-cu ildən sonra Azərbaycanda geniş tikinti-quruculuq işlərinə start verildi. Respublika sanki tikinti meydanını xatırladırdı. 1975-1985-ci illərdə ümumi sahəsi 22, 2 milyon kvadratmetr olan mənzillər inşa edildi ki, bu göstərici Azərbaycanda bütün əvvəlki illərdə tikilmiş mənzillərin 70 faizini təşkil edirdi. Yeni iş yerlərinin yaradılması nəticəsində iqtisadiyyatda çalışanların ümumi sayı 1985-ci ildə 2,4 milyon nəfərə çatmışdı. Bu, 1970-ci ilin müvafiq göstəricisindən 1,5 dəfə çox idi. 1969-cu ildə orta aylıq əməkhaqqının səviyyəsinə görə Azərbaycan 15 müttəfiq respublika arasında axırıncı yerdə dayandığı halda, 1980-ci ildə 4-cü yerə çıxdı.

Həmin dövrdə kənd təsərrüfatının dirçəldilməsi və sonrakı inkişafı sahəsində də böyük islər görüldü.  Möhtərəm Heydər Əliyevin təşəbbüsü ilə 70-ci illərin əvvəllərində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində qısa müddət ərzində qidalılıq balansını itirmiş torpaqlar əsl məhsuldar torpaqlara çevrildi. İlk növbədə kənd təsərrüfatının su təhcizatı yaxşılaşdırıldı. Bu məqsədlə Yuxarı Qarabağ, Yuxarı Şirvan və Samur-Abşeron kanallarının tikintisi başa çatdırıldı, Naxçivan Muxtar Respublikasında “Arpaçay”, Lənkəranda “Xanbulançay”, Masallıda “Viləşçay”, Şəkidə “Əyriçay”,  Şəmkir və Ağstafa su dəryaçaları, “Bəhrəmtəpə” suvarma şəbəkəsi, İsmayıllıda “Aşıq Bayram” gölü istifadəyə verildi.

Əvvəllər əsassız olaraq azaldılmış taxıl, pambıq, meyvəçilik sahələri, habelə qoyunçuluq və quşçuluq yenidən bərpa olundu. Kənd təsərrüfatı üçün yüksək ixtisaslı kadrların hazırlanması sahəsində də ciddi addımlar atıldı. Yalnız Azərbaycan Respublikası Kənd Təsərrüfatı Akademiyasında 1970-1975-ci illərdə 40 min nəfərə yaxın ali təhsilli, respublikanın orta ixtisas məktəblərində isə 86, 4 min nəfər orta ixtisas təhsilli kənd təsərrüfatı mütəxəssisi hazırlandı.

Ümummilli lider Heydər Əliyevin titanik fəaliyyətinin nəticəsi olaraq 1981-ci ildə respublika tarixində ilk dəfə olaraq 402 min ton taxıl, 1 milyon 151 min ton pambıq, 1milyon 616 min ton üzüm, 644 min ton tərəvəz, 41 min ton ton bostan məhsulları, 26 min ton yaşıl çay yarpağı, 125 min ton mal-qara və quş əti, 340 min ton süd, 294 milyon ədəd yumurta və 12 min ton yun tədarük edildi.

Ümumən, həmin illərdə kənd təsərrüfatının məcmu məhsulu 2,6 dəfə artdı.

 “Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır” deyən möhtərəm Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə təhsil, səhiyyə, mədəniyyət, incəsənət və milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı sahəsində də ciddi və əhəmiyyətli addımlar atıldı.

Həmin dövrdə Azərbaycanda məktəbəqədər tərbiyə müəssisələrindən tutmuş ali məktəblərədək bütün təhsil ocaqları əvvəlki illərlə müqayisədə yeni inkişaf pilləsinə qalxdı, bu istiqamətdə aparılan ardıcıl və məqsədyönlü dövlət siyasəti Azərbaycan əhalisinin təhsil, ümummədəni və intellektual səviyyəsinin yüksəldilməsində müstəsna rol oynadı.

70-ci illərdə və 80-ci illərin əvvəllərində ali təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində böyuk işlər görüldü. Ölkə rəhbərinin təşəbbüsü və qayğısı ilə ali məktəblər üçün çoxlu sayda tədris korpusları, yataqxana kompleksləri tikildi.

Heydər Əliyevin 1970-80-ci illərdə Azərbaycanda ali təhsilin inkişafı yolundakı böyük xidmətlərindən biri də yeni ali təhsil ocaqlarının yaradılması idi. Ümumiyyətlə, 1970-82-ci illərdə Azərbaycanda 5 yeni ali məktəb yaradıldı, çoxlu ixtisaslar, kafedralar, problem laboratoriyaları açıldı. Əgər 60-cı illərin sonunda respublikada 12 ali məktəb, bunlarda 105 fakultə, 450 kafedra var idisə və burada 139 ixtisas üzrə kadr hazırlığı aparılırdısa, 1982-ci ildə artıq 136 fakültəni və 530 kafedranı birləşdirən 17 ali təhsil  müəssisəsi fəaliyyət göstərirdi. Bütün bu uğurlar da möhtərəm Heydər Əliyevin ali təhsilin inkişafına, respublikanın kadr potensialının gücləndirilməsinə vətəndaş qayğısının nəticəsində mümkün olmuşdur.

Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafında müstəsna xidmətlərindən biri də 1970-1980-ci illərdə şəxsi təşəbbüsü və qayğısı sayəsində Azərbaycandan kənarda, keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən  çox nüfuzlu ali məktəbində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və xüsusi ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssislər kimi hazırlanmasına imkan və şərait yaratması olmuşdur. Onu da qeyd edək ki, Azərbaycandan kənarda təhsil alanların milli tərkibində azərbaycanlıların sayı 1970-ci ilədək 40 faiz təşkil edirdisə, ümummilli lider Heydər Əliyevin apardığı uzaqgörən siyasət nəticəsində 1976-cı ildə müvafiq göstərici 85 faizə, 1977-ci ildə 92 faizə, 1980-ci illərin əvvəllərində isə 97, 6 faizə yüksəlmiş oldu. Bu addımlar öz xarakteri etibarilə strateji məzmun kəsb edirdi. Daha dəqiq desək, bir tərəfdən Azərbaycanın yüksək ixtisaslı kadrlara olan ehtiyacını təmin edirdi, digər tərəfdən potensial Azərbaycan diasporunun formalaşması prosesinin konturları cızılırdı. Təsadüfi deyildir ki, bu gün MDB məkanında Azərbaycan diasporunun sosial tərkibinin böyük bir hissəsini məhz həmin illərdə Ulu Öndərin xeyir-duası ilə təhsil almış insanlar təşkil edir və onlar müstəqil dövlətimizin maraqlarını təmsil olduqları ölkələrdə şərəflə qoruyurlar.

“Xalqı həmişə mənəviyyat birləşdirmişdir. Çünki başqa əsaslara nisbətən mənəvi əsaslar daha üstündür” deyən Ümummilli Liderin qənaətinə görə, milli özünüdərkə xalqın yaratdığı və yaşatdığı mədəni sərvətlərə dərindən yiyələnməklə çatmaq olar. Ulu öndər başqa bir fikrində isə qeyd edirdi ki, məşhur filosof Bəhmənyarın və mütəfəkkir şair Nizaminin, riyaziyyatçı-astronom Nəsrəddin Tusinin və dahi lirik şair Füzulinin, orta əsrlərin böyük alimi Rəşidəddinin və üsyankar şair Nəsiminin, tarixçi Abbasqulu ağa Bakıxanovun və realist yazıçı Mirzə Fətəli Axundovun, görkəmli satiriklərdən Mirzə Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin və bir çox başqa korifeylərin adları bu mədəniyyətin çoxəsrlik tarixini bəzəyir. Biz Azərbaycan xalqının bu və ya digər görkəmli oğullarına ona görə minnətdarıq ki, onlar zülmətli irtica və özbaşınalıq şəraitində  Azərbaycan xalqının ictimai fikrini, elm və mədəniyyətinin məşəlini göz bəbəyi kimi qorumuşlar.

Vətənsevər hər bir azərbaycanlı isə Heydər Əliyevə xalqımızın həmin görkəmli simalarının bizə miras qoyduqları mizilsiz ədəbi irsə olduqca böyük dəyər verdiyi və onları yaddaşlarda əbədiləşdirdiyinə görə minnətdar olmalıdır.

Heydər Əliyev böyük siyasi ustalıqla 59 yaşında pantürkist-millətçi ittihamı ilə Sibirə sürgün edilən dahi Hüseyn Cavidin nəşini 100 illiyində Vətənə gətirməklə əslində milli hissə və duyğuya malik olan şəxsiyyətlərin hamısının cənazəsini, ruhunu öz doğma vətənlərinə-Azərbaycana qaytarmış oldu.

Danılmaz həqiqətdir ki, 1930-cu illərdə SSRİ-nin dövlət mükafatı “Rusca-azərbaycanca lüğət”ə verilirdisə, məhz Heydər Əliyevin qətiyyəti sayəsində 1970-ci illərdə “Azərbaycan dili” dərsliyi eyni etimada layiq görüldü. Bu mükafatların arxasında böyük siyasi mətləblər gizlənirdi. Başqa sözlə, birinci halda rus dilinin (ruslaşdırma) təbliğinə, ikinci halda isə doğma dilimizin (milliləşmənin) inkişafına görə ali mükafat verilmişdi. Bu, ulu öndərin millətin genetik kodunun mühüm komponenti hesab etdiyi milli dilə verdiyi əvəzsiz dəyər idi. Elə bu məntiqlə də Heydər Əliyev böyük səylər hesabına 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasına nail olmuşdu.

Bütün bu və digər xidmətləri ilə Heydər Əliyev ədəbi-mədəni irsimizin, dilimizin, ziyalılarımızın, ən başlıcası isə  milli özünüdərk və kimliyimizin əvəzsiz himayədarı və hamisi zirvəsinə yüksəlmiş oldu.

Təbii ki, fitri istedadı və iti fəhmi hesabına ölkəmizin perspektiv müstəqilliyini proqnozlaşdıran Heydər Əliyev suveren dövlətçiliyimizin sosial-iqtisadi, ictimai-siyasi və xüsusilə də təhlükəsizlik sahəsində hansı ciddi problemlərlə sınağa çəkiləcəyini də görməyə bilməzdi. Bu baxımdan ümummilli liderin hələ Sovet dövründə respublikamız üçün milli hərbi kadrların hazırlanması sahəsində atdığı uzaqgörən addımların ölkəmizin Ermənistanın təcavüzünə məruz qaldığı zamanda necə misilsiz əhəmiyyət daşıdığınının bir daha şahidi olduq.

Bu, bir həqiqətdir ki, Sovet dövlətində bütün sahələr kimi, ordu quruculuğu prosesi də məlum siyasi-ideoloji prinsiplərə əsaslanırdı. Rəsmi Moskva milli respublikalarda, ələlxüsus müsəlman dövlətlərində milli hərbi kadrların hazırlanması yönündə cəhdləri bir qayda olaraq qısqanclıqla qarşılayır və buna mane olurdu. Müttəfiq respublikalarda hərbi tədris məktəbləri əsasən Rusiya, Ukrayna və Belarusda fəaliyyət göstərirdi.

"Bunları görəndə, düşünürdüm ki, yaxşı, biz Sovet İttifaqının bərabərhüquqlu müttəfiq respublikasıyıq, böyük səlahiyyətlərimiz var. Biz nə üçün ordudan təcrid olunuruq?"  Bu sözləri mərhum Heydər Əliyev 2003-cü il aprelin 21-də, Cəmşid Naxçıvanski adına hərbi məktəbin 30 illik yubiley təntənəsində çıxış edərkən demişdi.

Ulu öndər Heydər Əliyev 1973-cü ildə böyük səylər nəticəsində belə bir məktəbin yaradılmasına nail olmuşdu. Həmin dövrdə Azərbaycan ildə təxminən 60 min gənci ordu sıralarına göndərirdi. Ancaq onların tam əksəriyyəti inşaat batalyonlarında xidmət keçirdi. Hərbi hissələrdə azərbaycanlı zabitləri isə, necə deyərlər, barmaqla saymaq olardı. Əlbəttə, indi bəziləri 1973-cü ildə Bakıda belə bir hərbi məktəbin yaradılmasını bir zavod, fabrik tikintisi qədər adi qərar hesab edə bilərlər. Amma buna nail olmaq üçün həqiqətən böyük siyasət və uzaqgörənlik lazım idi. Sovet rejiminin ən güclü vaxtlarında Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına rəsmi Moskva laqeyid yanaşa bilməzdi. Təsadüfi deyil ki, həmin dövrdə Bakıya təşrif buyuran çeşidli komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını "əsaslandırmağa" çalışırdılar. Amma H.Əliyev bu cəhdlərin qarşısını qətiyyətlə almağı bacardı. Həmin vaxtdan 20 il ötdü və Heydər Əliyevin yaratdığı hərbi məktəb müstəqil Azərbaycanda ordu quruculuğu üçün əsas bazalardan birinə çevrildi. 70-ci illərdə həmin məktəbin müdavimləri olan zabitlər artıq müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin komandirləri, generallarıdırlar.

Beləliklə, Heydər Əliyev 1969-1982-ci illərdə Sovet İttifaqı çərçivəsində perspektiv müstəqil Azərbaycan dövləti üçün xidmət edə biləcək bütün zəruri  addımları atmağa nail oldu. 1991-ci ildə müstəqilliyini bəyan edən Azərbaycan Respublikası əslində real suverenliyinə 1993-cü ildə nail oldu. Həmin il xalqın israrlı tələb və xahişindən sonra Heydər Əliyevin hakimiyyətə qayıdışı baş verdi və bununla da Azərbaycanda milli intibah dövrünün ikinci mərhəsi (1993-2003-cü illər) başlandı. Bu dövr Ulu Öndərin təbirincə desək, “müstəqilliyin əldə edilməsindən daha çətin olan onun qorunması və möhkəmləndirilməsi” ilə xarakterizə olunurdu. Həmin dövrdə Rusiyanın siyasi-hərbi elitasında formalaşmış mövqeyə görə, ərazisindən hərbi bazaları çıxarılan və birmənalı olaraq Qərbə inteqrasiya xəttini seçən Azərbaycan regionda Kremlin uzağagedən planları üçün birbaşa təhlükə mənbəyi rolunu oynayır. Həmin mərhələdə hakimiyyətdə olan Müsavat-AXC cütlüyünün həyata keçirdiyi səbatsız daxili və onun davamı olan xarici siyasət kursu Rusiyanın Azərbaycana münasibətdə məlum sərt mövqeyinin formalaşmasında az rol oynamadı. Nəticədə məhz həmin illərdə Rusiyanın himayəsi ilə torpaqlarımızın Ermənistan tərəfindən işğalı həyata keçirildi.

Yeri gəlmişkən, burada bir həqiqəti də xüsusi olaraq qeyd edək ki, Azərbaycan xalqının ən ağır dərdi olan Dağlıq Qarabağ problemi ilə bağlı ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə həyata keçirdiyi siyasətin nəticəsində  bu dövrdə erməni millətçiləri bir dəfə də olsun ölkəmizə qarşı ərazi iddialarını açıq şəkildə dilə gətirməyə cəsarət etmədilər və buna imkan verilmədi. Prezident Ilham Əliiyevin Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə qeyd etdiyi kimi, “1987-ci ildə Heydər Əliyev vəzifədən gedəndən sonra iki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana vermək haqqında beynəlxalq mətbuatda və sovet mətbuatında məsələ qaldırmışlar. Artıq Dağlıq Qarabağda separatçı meyillərə elə bil ki, yaşıl işıq yandırıldı. Heydər Əliyev vəzifədən gedəndən 3 ay sonra Sumqayıt hadisələri baş vermişdir. Sumqayıt hadisələri də məkrli planın tərkib hissəsi idi. Plan ondan ibarət idi ki, Heydər Əliyev hakimiyyətdən getsin. Çünki onun Siyasi Büronun üzvü kimi fəaliyyəti erməni millətçilərə imkan vermirdi ki, məsələ qaldırsınlar”.

Bundan savayı, Müsavat-AXC cütlüyünün mövcud şəraitə adekvat olmayan məqamda “Cənubi Azərbaycan” problemini qaldırması nəticəsində İranla da münasibətlər son dərəcə kəskinləşdi. Bu siyasətin nəticəsində faktiki olaraq Azərbaycan həm şimaldan, həm də cənubdan ağır təzyiq altına düşdü. ABŞ Konqresi isə Azərbaycanı dövlət səviyyəsində hər cür yardımdan məhrum edən “907-ci əlavə”ni qəbul etdi.

Bu şəraitdə dövlətçiliyimiz üçün ən təhlükəli proses separatizm və onun nəticəsində ərazi bütövlüyümüz növbəti dəfə pozulması təhlükəsi ilə bağlı idi. Erməni işğalçılarının aramsız hücumları, Cənubda “Talış Muğan Respublikası”nın elan edilməsi, şimalda “Sadval” təşkilatının ərazi iddiaları və Gəncədə Surət Hüseynova məxsus hərbi hissənin üsyan etməsi həmin dövrdə ölkəmizin dəhşətli siyasi kataklizmlər mərhələsində olduğunu bir daha təsdiqləyir. Əslində respublikamız real vətəndaş müharibəsi astanasına idi. Ölkədə hakimiyyətsizlik və xaos hökm sürürdü. İnfilyasiya 1992-ci ildə 1174%, 1993-cü ildə isə 1080%-ə çatmışdı. Yuxarıda qeyd etdiyimiz kimi, yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi və xahişi ilə hakimiyyətə qayıdışından sonra hədəfinə çevrildiyimiz bu ağır problemlər öz həllini tapmağa başladı. Lakin bu prosesin özü də hamar yol ilə getmədi. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında Azərbaycanın müstəqilliyini istəməyən xarici qüvvələrin himayəsi ilə respublikamızda dövlət çevrilişlərinə cəhdlər edildi. Prezident Heydər Əliyevlə xalqın sarsılmaz birliyi bu sınaqlardan da uğurlu çıxışı təmin etdi. Zəmanəmizin dühası olan Heydər Əliyev xalqımızın və dövlətçiliyimizin tarixində, əgər bir sözlə ifadə etmək mümkünsə, məhz Xilaskar missiyasını yerinə yetirdi.

Burada bir haşiyə çıxmaq istəyirik. Məlum olduğu kimi, 1997-ci ildə Prezident Heydər Əliyevin ABŞ-a ilk rəsmi səfəri zamanı ona bu dövlətin ən məşhur 4 prezidentindən biri olan (C.Vaşinqton, T.Cefferson  F.D. Ruzveltlə birlikdə) Avraam Linkolnun büstü bağışlanmışdı. Bu, təsadüfi olmayıb, rəmzi mənası olan bir hadisə idi. Prezident A.Linkolun ABŞ-ın bütövlüyünün qorunması naminə separatçı Cənub ştatları ilə mübarizə aparmalı olmuş və nəticədə ölkə miqyasında 600 mindən artıq itkilərin verilməsinə baxmayaraq, dövlətçiliyin məhvinin qarşısını ala bilmişdi. Amerikalılar indiyədək seçdikləri bütün prezidentlər içərisində yalnız 4-nə heykəl qoyublar. Həmin prezidentlərdən biri də məhz A.Linkolundur. Zənnimizcə, amerikalıların Heydər Əliyevlə Avraam Linkolun arasında paralel aparmalarının motivi gün kimi aydındır. Hər ikisi öz xalqları və dövlətlərinin  Xilaskarıdırlar.

Ümummilli Lider Azərbaycanda demokratik inkişaf proseslərinin də əsasını qoydu. Ölkəmizdə şəxsiyyətin azadlığı və toxunulmazlığı, habelə onların hüquqi müdafiəsi təmin edildi, çoxpartiyalı sistem üçün əsaslar yaradıldı, siyasi plüralizm, vicdan və etiqad azadlığı, azlıqların hüquqları, qanun qarşısında bərabərlik təmin edildi. Azərbaycan Respublikasının qanunvericilik aktlarında əks olunan, onun ayrılmaz komponenti olan təqsirsizlik prezumpsiyası təmin edildi. Bundan savayı, Konstitusiya Məhkəməsi, üçpilləli məhkəmə sistemi, yeni məhkəmə korpusu yaradıldı, məhkəmələrin müstəqilliyi və prosedur qaydalarının şəffaflaşması təmin edildi, on minlərlə insan amnistiya edildi və böyük sayda məhkum bağışlandı, senzura ləğv edildi, KİV-in azadlığı və QHT-lərin sərbəst fəaliyyəti təmin edildi.

Bu prosesdə-demokratik dövlət quruculuğu istiqamətində Ümummilli Liderin miras qoyduğu irsin öyrənilməsi, təbliği və tətbiqində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətləri müstəsna əhəmiyyət kəsb edir. Başqa sözlə, Ulu Öndərin irsinin öyrənilməsi istiqamətində irimiqyaslı proqramların həyata keçirilməsini dəstəkləmək, Azərbaycan xalqının rifahının yüksəldilməsinə yönəldilmiş təşəbbüsləri himayə etmək, ölkədə elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq, milli-mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsinə və digər mühüm vəzifələrin yerinə yetirilməsinə nail olmaq ölkənin birinci xanımının rəhbərlik etdiyi təşkilatın genişmiqyaslı fəaliyyətinin prioritet istiqamətlərini təşkil edir və geniş ictimaiyyət tərəfindən olduqca yüksək dəyərləndirilir. Hörmətli Mehriban xanımın qazandığı ümumxalq sevgisinin kökündə dayanan əsas amil insanların inamını qazanması ilə bağlıdır.  Mehriban xanım Əliyeva 2018-ci ilin 28 fevral tarixində Rusiyanın nüfuzlu “Rossiya-24” kanalına müsahibəsində bu xüsusda haqlı olaraq vurğulayır ki, “Üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam.”

Azərbaycan xalqı qəlbində əbədi heykəlini qoyduğu Ulu Öndərin anadan olmasının 97-ci  ildönümünü  onun siyasi xətti ətrafında daha sıx və monolit birlik nümayiş etdirərək qeyd edir. Eyni zamanda xalqımız Heydər Əliyevin fiziki itkisindən nə qədər çox kədərlənsə də, təskinliyini onda tapır ki, bu gün ulu öndərin şah əsəri olan müstəqil Azərbaycan etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir.  Zəmanəmizin dühasından “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. O, Azərbaycanın çağdaş tarixinə yeni missiya ilə daxil olmuşdur. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan özünün milli dövlət quruculuğu  və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Bu mərhələ inqilabi xarakterli, dərin və hərtərəfli islahatlar kursu ilə xarakterizə olunur.

Sabitlik, təhlükəsizlik və inkişaf bu mərhələni tam xarakterizə edən ifadələrdir. Sözün həqiqi mənasında son 17 il ərzində ölkəmizdə sabitlik və əminamanlıq hökm sürmüşdür. Azərbaycan bü gün müsəlman dünyasında bir sabitlik adası kimi məşhurdur. Təkcə sabitliyin olmaması kifayətdir ki, dövlət xaos və anarxiyaya yuvarlansın. Qonşu regionlarda və dünyada baş verən qanlı münaqişılır, toqquşmalar, müharibələr, risqlər və təhdidlər fonunda ölkəmizdə həyat tərzinə çevrilmiş sabitlik mühiti bizim tarixi nailiyyətimiz və sərvətimizdir. Sabitliyimiz təhlükəsizliymizi şərtləndirir. Sabitlik və təhlükəzsizliyimizin təminatçısı Azərbaycan xalqı və onun hakimiyyətlə olan monolit birliyidir. Səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyidir. Bu birliyin kökündə dayanan  əsas amil xalqın öz Prezidentinə olan inamı, etimadı və etibarı ilə bağlıdır. Prezidentin xalqının sevgisini qazanmasını şərtləndirən əsas amil isə, onun hər hansı beynəlxalq siyasi dairənin və ya dövlətin diqtəsi altında deyil, məhz öz xalqının mənafeyindən irəli gələn bir siyasəti həyata keçirməsidir. Həmin siyasətin adına müstəqil siyasət deyirlər. Bəli, Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün dünyada müstəqil siyasət həyata keçirən lider kimi tanınmış  və nüfuz sahibi olmuşdur. Müstəqil siyasət həyata keçirmək çətin, mürəkkəb, lakin şərəfli fəaliyyətdir. Dövlət başçısının özünün  qeyd etdiyi kim, ən asan olan hər hansı bir böyük dövlətin qanadları altına sığınıb öz siyasətini həyata keçirməkdir. Lakin bu siyasət heç bir halda hakimiyyətin mənbəyi olan xalqın milli mənafeyni nəzərə ala bilməz. Prezident İlham Əliyev üçün hər şeydə ümdə olan məhz milli maraqlardır. Elə bu səbəbdən dövlətimizin rəhbəri İlham Əliyev çətin, lakin şərəfli yolu seçmişdir. Bu yol bizə ulu öndər Heydər Əliyevdən miras qalmışdır. Məhz bu yolla getdikdə xalq öz taleyinin sahibi olur. Məhz bu yol yegənə düzgün yoldur. Məhz bu yolla Prezident İlham Əliyev Azərbaycanı uca zirvələrə aparır.