20 sentyabr 2019 15:25
388

«İki sahil» qəzeti Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb

Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, iqtisadi qüdrətinin artmasında, dünya iqtisadi sisteminə inteqrasiyasında və dünya birliyində layiqli yer tutmasında əhəmiyyətli rol oynayan, tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişinin imzalanmasından 25 il keçir.  “İki sahil” qəzetinin Neftçilər Gününə həsr olunmuş 80  səhifəlik  Xüsusi  buraxılışında  Azərbaycan  neft-qaz  sənayesinin  25 ildə   keçdiyi  inkişaf  yolunun təhlili aparılıb, ulu öndər Heydər Əliyevin müəllifi olduğu  neft strategiyasının uğurla həyata keçirilməsinə davamlı töhfələr verən SOCAR-ın və onun strukturlarının gördüyü işləri   əks etdirən  maraqlı  yazılar dərc edilib,  rəngli  şəkillər  və  yüksək  poliqrafik  tərtibat  xüsusi  diqqət çəkir.

Xüsusi buraxılışda yer alan  müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, neft strategiyasının müəllifi,  ulu öndər Heydər Əliyevin   “Əsrin müqaviləsi”” ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da  möhkəmləndirilməsi üçün gözəl imkan yaradacaq. İnanıram ki, XXI əsr Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaq» fikirləri bu günümüzə olan inama bir daha işıq salır.

Neft strategiyasının uğurla həyata keçirilməsində neftçilərin əməyi dövlətimiz tərəfindən hər zaman yüksək dəyərləndirilib.  Məhz ulu öndər Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli Fərmanı ilə    Neftçilər Gününün təsis  edilməsi, hər il 20 sentyabr  ərəfəsində neçə-neçə  qabaqcıl neftçinin yüksək dövlət mükafatları ilə  təltif edilməsi  cəmiyyətimizin avanqard qüvvəsi olan neftçilərin əməyinə verilən qiymətin, onlara göstərilən  diqqətin bariz nümunəsidir. Xüsusi buraxılışda dövlətimizin  başçısı İlham Əliyevin 19 sentyabr  2019-ci il tarixli «Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında», «Azərbaycan Respublikasının neft sənayesi işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında», «K.M.Kərimova Azərbaycan Respublikası  Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında”  Sərəncamları yer alıb. Eyni zamanda, “Əsrin müqaviləsi”nin uğurları rəqəmlərin dili ilə təqdim edilib.  Neft hasilatı 1997-ci ildəki 9 milyon tondan 2010-cu ildə 51 milyon tona çatıb. “Azəri-Çıraq-Günəşli” yataqlarından 492 milyon tona qədər neft və 161 milyard kubmetrədək qaz hasil edilib. 2050-ci ilədək  “Azəri-Çıraq-Günəşli” yataqlarından daha 500 milyon tona qədər neft hasil ediləcək. 2019-cu il  sentyabrın 1-dək dünya bazarlarına 554 milyon tona qədər Azərbaycan nefti çıxarılıb ki, bunun da  158 milyon tonu Bakı-Supsa, Bakı-Batumi, Bakı-Novorossiysk kəmərləri və dəmir yolu ilə, 396 milyon tonu isə Bakı-Tbilisi-Ceyhun kəməri ilə nəql edilib.

Xüsusi buraxılışda neft və qaz sənayesinin inkişafında xüsusi xidmətləri olan şəxslərin SOCAR-ın “Fəxri neftçi” döş nişanı ilə təltif edilməsi  də öz əksini tapıb.

SOCAR-ın prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayevin  “Əsrin müqaviləsi-Ulu Öndərimizin şah əsəri, bugünkü və gələcək inkişafımızın təməl daşıdır” sərlövhəli yazısında qeyd olunur ki, “Əsrin müqaviləsi”nin  icrası prosesi bizim üçün 25 il ərzində  alışdığımız adi həyat tərzi və fəaliyyətimizin obyektiv inikasıdırsa, tarixi baxımından, uzunmüddətli perspektiv və gələcəyə nəzər saldıqda bu hadisə Azərbaycanın inkişaf və yüksəliş yolunda əsas dönüş nöqtəsi olmuşdur. Ötən 25 ildə  qazandığımız uğurların bəhrələri xalqımızın gündəlik həyatında,  məişətində, maddi rifah halında bariz şəkildə hiss olunur. Görülən titanik işlər öz həcminə və və əhəmiyyətinə görə olduqca möhtəşəm və  heyrətamizdir.

Yazıda o da qeyd edilir ki,  dövlətimizin başçısı İlham Əliyev “Əsrin müqaviləsi”nin tarixi əhəmiyyətini vurğulayarkən onu “uğurlu inkişafımızın əsas mənbəyi” adlandırır.  Son 25 ildə  ölkəmizdə  neft hasilatı 4 dəfədən çox, qaz hasilatı 5 dəfə  artıb.

Məqalədə bildirilir  ki, Azərbaycanın qədim və şərəfli tarixə malik neft-qaz sənayesinin layiqli varisi olan SOCAR 25 il əvvəl regiondakı çoxsaylı yerli hasilatçı şirkətlərdən biri idisə, bu gün artıq dünyanın tanınmış enerji şirkətləri sırasında qərarlaşaraq ölkəmizin qlobal brendinə çevrilib. SOCAR və onun müəssisələri hazırda  dünyada tətbiq olunan əsas müasir texnoloji nailiyyətlərdən  yararlanır. Azərbaycan SOCAR-ın timsalında qardaş Türkiyənin ən böyük xarici investorudur. Bir sözlə, idarəçilik, kadr hazırlığı, avtomatlaşırma və rəqəmsallaşdırma, beynəlxalq maliyyə standartlarına keçid, uçot-nəzarət sisteminin təkmilləşdirilməsi, insan resurslarının inkişafı  istiqamətləri üzrə aparılmış islahatlar öz bəhrələrini verir.

Məqalədə bu əminlik ifadə olunur ki,  butün bu inkişafın  əsasında dayanan “Əsrin müqaviləsi” çıxdığımız yolda  bizim etibarlı bələdçimizdir. İllər keçəcək, nəsillər biri-birini əvəz edəcək, lakin “Əsrin müqaviləsi” çərçivəsində qazanılmış nailiyyətlər xalqımızın yaddaşında əbədi yaşayacaq.  

SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin “ Əsrə bərabər 25 il” yazısında müqavilənin imzalanmasına qədər  keçilən yoldan, aparılan danışıqlardan, həmçinin “Əsrin müqaviləsi”nin iqtisadi və siyasi əhəmiyyətindən geniş bəhs olunur. Müqavilənin imzalanmasının heç də asan başa gəlmədiyini qeyd edən akademik bildirir ki, ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra digər  sahələr kimi, neft sənayesinin bərpası və inkişafı ilə də  məşğul olmağa başladı. O vaxt «Azəri», «Çıraq», «Günəşli» yataqları ehtiyatlarının mənimsənilməsi üçün iki variantdan birini seçmək lazım idi: ya ölkəmizin maliyyə-iqtisadi vəziyyətinin düzəlməsi üçün 30-40 il gözləmək, ya da xarici neft şirkətlərini dəvət etmək. İkinci seçimə üstünlük verildi.

Yazıda o da vurğulanır ki,  danışıqlar 1994-cü ilin martında Bakıda başlandı, sonra Türkiyənin İstanbul şəhərində davam etdirildi: «Danışıqların həlledici mərhələsi Amerikanın Hyuston şəhərində keçirildi. Hyustonda  45 gün ərzində aparılan danışıqlar çox ağır keçdi.  O vaxt müstəqillik yoluna təzəcə qədəm qoymuş Azərbaycanda neftçi mütəxəssislərin xarici şirkətlərlə danışıqlarda kifayət qədər təcrübəsi yox idi. Aparılan danışıqların uğurla başa çatmasında o zaman SOCAR-ın Birinci vitse-prezidenti vəzifəsində çalışan cənab İlham Əliyevin xüsusi rolu olub.  Moskvada Beynəlxalq Münasibətlər İnstitutunu bitirən cənab İlham Əliyevin ingilis dilini və beynəlxalq hüquq məsələlərini gözəl bilməsi, tərəfdaşlarımızla birbaşa ünsiyyət qurub, mürəkkəb vəziyyətlərdən çıxış yollarını tapmaq və gərginliyi aradan qaldırmaq məharəti Vaşinqtonda səlahiyyətli şəxslərlə görüşlərdə də özünü göstərdi. Nəhayət, tərəflərin birgə işləmək, Xəzərin Azərbaycan sektorundakı zəngin neft və qaz yataqlarından ədalətlə bəhrələnmək istəyi üstün gəldi.”

Yazıda «Əsrin müqaviləsi»nin  Azərbaycan üçün  iqtisadi və siyasi əhəmiyyəti xüsusi qeyd edilir. Vurğulanır ki, müqavilə bir daha dünyaya nümayiş etdirdi ki, Azərbaycan müstəqil dövlət və etibarlı tərəfdaşdır, burada işləmək və bu ölkəyə sərmayə qoymaq olar. Müqavilənin iqtisadi əhəmiyyəti isə ondan ibarətdir ki,  neft hasilatı Azərbaycanın tarixində ən aşağı səviyyədən,  1997-ci ildəki 9 milyon tondan 2010-cu ildə 51 milyon tona çatdı.

Müəllif bu inamı  ifadə edir ki,  Azərbaycan  və onun neft-qaz sənayesi «Əsrin müqaviləsi»nin imzalanmasından ötən 25 ildə  uğurlu yol keçib. Bu  tərəqqi yolunda  hələ çox qələbənin, yeni parlaq nailiyyətlərin şahidi olacağıq.

Xüsusi buraxılışı   vərəqlədikcə SOCAR-ın ayrı-ayrı sahələrdə tətbiq etdiyi yeniliklər, təcrübələr,   qazandığı uğurlar ətraflı şəkildə ictimaiyyətə çatdırılır. “Xərclərin  optimallaşdırılması davam etdirilir”,  “SOCAR istiqrazları: Bakı Fond Birjasında ən çox  ticarət olunan korporativ maliyyə aləti”, “SOCAR-da əsas səmərəlilik göstəriciləri sisteminin icrasına başlanılıb”, “SAP ERP sisteminin modullarının istehsalatın digər sahələrində tətbiqi”, “Xarici investisiya fəaliyyətinin uğurlu nəticələri”, “SOCAR Polimed” və Karbamid zavodu: qeyri-neft sektoruna mühüm töhfə”, “Azərbaycan nefti və dünya bazarı”, “ “Neft və neft-kimya məhsullarının ixracı: rəqabətədavamlılıq da vacibdir, keyfiyyət də”,  “Neft-qaz emalı: keyfiyyətin daha da yaxşılaşdırılması prioritetdir”, “ “Sıxılmış təbii qaz: qənaətli və daha təhlükəsiz mühərrik yanacağı”, “Nəqliyyat sistemi təkmilləşir, hədəflər gerçəkləşir...”,  “Avtomatlaşdırılmış idarəetmə sistemi, sürətlənən texnoloji proseslər”, “Neftçilərə qayğı SOCAR-ın sosial layihələrində təsdiqini tapır”, “Neftçilərin sağlamlığının təminatı aktuallığını qoruyur”, “ Abadlıq və yenidənqurma: hər şey insanların rahatlığı üçün”, “İnnovativ texnologiyaların tətbiqi kadr hazırlığını aktuallaşdırır”, “Təhlükəsiz idarəetmənin təminatı prioritetdir”, “Yüksəkixtisaslı mütəxəssis və fəhlə kadrlar hazırlanır, peşəkarlıq səviyyəsi artır”, “SOCAR və İKT: proseslərin  genişmiqyaslı rəqəmsallaşması və biri-biri ilə inteqrasiyası davam edir”, “Qazlaşma səviyyəsi 95,8 faizə, abonentlərin sayı 2 milyon 243 minə yüksəlib”, “Mühüm ekoloji layihələr, əldə olunan nəticələr...”,  “Atmosferin çirklənməsinin qarşısının alınması prioritetlər sırasında”, “Əsas ekoloji göstərici: “Sıfır tullantı” prinsipi”, “SOCAR və strateji yol xəritələri”, “Yenidənqurma və modernizasiya davam edir”, “Azərikimya”nın yenidənqurulmasına 50-dən çox şirkət cəlb edilib”, “Əsrin müqaviləsi”: neft sənayesinin yeni inkişaf mərhələsi”, “Gələcək tədqiqatlar: yeni yollar, yeni imkanlar”, “”Axtarış-kəşfiyyat işlərində  yeni uğurlar”, “Əsrin müqaviləsi”ndən bu günədək addım-addım...”, “Dəniz yataqlarında yeni quyular istismara verilir”, “Qazmada innovativ texnologiyalar və mütərəqqi metodlar”, “Aliyə”: Süni zəkaya əsaslanan təhlillər”, “Qazmada modernləşmə, hasilata təsir edən müsbət amillər...” kimi  sərlövhəli  məqalələr Neftçilər Günü ilə bağlı son bir ildə görülən işlərin qısa hesabatını və növbəti ilin hədəflərini açıqlayır.  

Xüsusi buraxılışın son səhifəsində əksini tapan  ümummilli lider  Heydər Əliyevin  “Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin  inkişaf etməsi üçüın ən əsas amildir” fikri malik olduğumuz təbii resurslardan səmərəli istifadənin ölkəmizə qazandırdığı uğurlara və onların fonunda perspektivlərə bələdçilik edir.

Bu uğurlar fonunda  çoxminli  neftçi ailəsini   bayram münasibətilə  təbrik edir, onlara bol-bol uğurlar, Azərbaycanın yeni-yeni hədəflərə doğru irəliləməsində əhəmiyyətli rola malik olan  neft strategiyasının uğurlu icrasına töhfələrinin davamlı olmasını arzulayırıq.