10 yanvar 2020 19:08
1896

İnkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət!

Dövlətimizin başçısı İlham Əliyev Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsini şərtləndirən amilləri diqqətə çatdıraraq bildirir ki, əsas vəzifəmiz keçmişlə müasirliyin vəhdətini təşkil etməkdir

Ölkəmizdə həyata keçirilən inkişaf strategiyasının başlıca məqsədləri  davamlı və yüksək iqtisadi artıma və sosial rifaha nail olmaqdır. Bunun üçün iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsi, qeyri-neft sektorunun yüksək inkişaf tempinin təmin olunması, ətraf mühitin qorunması, sahibkarlığın dəstəklənməsi, vətəndaşların gündəlik rahat həyatı üçün lazım olan bütün infrastrukturun yaradılması, o cümlədən səhiyyə, təhsil, mədəniyyət, gənclər və idman, əhalinin sosial müdafiəsi sahələrində keyfiyyətli xidmət göstərilməsi kimi başlıca fəaliyyət istiqamətləri reallaşdırılır, genişmiqyaslı işlər görülür. Ölkədə gedən inkişaf hər bir bölgəni, şəhəri, qəsəbəni və kəndi əhatə edir.

Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən iqtisadiyyatın şaxələndirilməsinin prioritetliyini irəli sürdü və bu istiqamətdə biri-birindən əhəmiyyətli addımlar atır.  Bakı və Bakıətrafı qəsəbələrin, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının təsdiqlənməsi və uğurlu icrası qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa əsas yaradır. Dövlətimizin başçısının qeyd etdiyi kimi,  Azərbaycan quruculuq meydançasını xatırladır. İrəli sürülən təşəbbüslərin xalq tərəfindən dəstəklənməsi xoş əhval-ruhiyyənin yaranmasını şərtləndirir.

Hər bir Dövlət Proqramının uğurlu icrası növbəti sənədin qəbulunu zərurətə çevirir və yeni hədəflərin müəyyənləşdirilməsini şərtləndirir.  “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı” və “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurlu icrasının davamı olaraq “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” qəbul olundu və uğurla başa çatdı. Dövlət proqramları çərçivəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi Bakı şəhərində  irimiqyaslı infrastruktur layihələrinin gerçəkləşməsinə, sahibkarlıq və investisiya fəaliyyətinin genişlənməsinə, əhaliyə göstərilən xidmətlərin, o cümlədən kommunal və sosial xidmətlərin həcminin və keyfiyyətinin daha da yaxşılaşmasına, abadlıq işlərinin sürətlənməsinə şərait yaratdı. Həmin proqramların icrası nəticəsində Bakı şəhəri, onun qəsəbə və kəndləri yeni inkişaf mərhələsinə qədəm qoydu, rəqabətqabiliyyətli və ixracyönümlü ən müasir müəssisələr yaradıldı, yeni iş yerləri açıldı, əhalinin həyat səviyyəsi daha da yüksəldi.

Dövlətimizin başçısı İlham Əliyev  rayonlara yeni təyin olunan  İcra Hakimiyyəti başçılarını, həmçinin bu günlərdə  Anar Quliyevi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edərkən  uğurlu nəticələrə, eyni zamanda, hədəflərə diqqət yönəldərək bildirmişdir ki,  şəhərdə gedən abadlıq-quruculuq proseslərinə şəxsən nəzarət edirəm, bir çox layihələrin təşəbbüskarı olmuşam. Bu gün Bakı dünyanın ən gözəl şəhəri kimi inkişaf edir: “Vəzifə ondan ibarət idi ki, biz Bakını parklar və bağlar şəhərinə çevirək və buna nail oluruq. Bu gün həm Bakı sakinləri bunu görür, həm də xarici qonaqlar bunu qeyd edirlər.”

Təbii ki, müasirliyi və qədimliyi özündə birləşdirən Bakıya gələn qonaqlar yaradılan bu sintezdən heyranlıqlarını gizlətmirlər. Şəhərin ekoloji vəziyyəti yaxşılaşır, bu istiqamətdə mühüm layihələr icra edilir.

Bunlardan biri olaraq  Bibiheybət neft mədənlərində görülən işlərdən bəhs edən ölkə Prezidenti vurğulamışdır ki,  neftlə çirklənmiş yerlər, gölməçələr aradan götürüldü.  Həmin ərazilərdə yaşıllıq zolaqları,  gözəl parklar salınıb və vətəndaşların sərəncamına verilib. Həmçinin  Böyükşor gölü də böyük təhlükə mənbəyi idi. Həmin ərazi də  təmizləndi. Böyükşor gölünün bir hissəsi tam ekoloji standartlara cavab verir.

Dövlətimizin başçısının qeyd olunan görüşlərdə diqqət göstərdiyi məsələlərdən biri də Qara şəhərin Ağ şəhərə  çevrilməsi olmuşdur: “İndi bəzilərinin yadından çıxır ki, biz maşınla o yerdən keçəndə pəncərələri bağlayırdıq. Çünki tüstüdən, iydən dayanmaq mümkün deyildi. Biz Qara şəhəri Ağ şəhərə çevirdik. Hesab edirəm ki, bu da dünya miqyasında ən böyük və ən müasir standartlara cavab verən şəhərsalma layihələrindən biridir. Artıq orada çoxmənzilli evlər tikilir, ictimai zonalar yaradılır. Qara şəhəri ləğv edib onun yerində ekoloji təmiz Ağ şəhər yaratmaq bizim növbəti tarixi xidmətimizdir.”

Bakı yaşıl parklar, bağlar şəhərinə çevrilib.  Parkların sayına görə paytaxtımız  dünya miqyasında ən qabaqcıl yerlərdədir. Bu mühüm məqamı da xüsusi qeyd etmək lazımdır ki,  Heydər Əliyev Fondunun vitse-prezidenti  Leyla xanım Əliyevanın və onun təsisçisi olduğu IDEA İctimai Birliyinin səyləri nəticəsində bu gün Bakı şəhərində yeni bir format - məhəllələrarası parklar formatı tətbiq olunub və olunur. Bu ərazilərdəki onlarla binanın fasadları, dam örtükləri, blokları təmir olunub, su təchizatı sistemi yenilənib və bütün yaş kateqoriyaları üçün həm istirahət etmək, həm idmanla məşğul olmaq, həm də asudə vaxtı səmərəli keçirmək üçün şərait yaradılıb. 

“Biz elə etməliyik ki, Bakı şəhərinin hər bir yeri abad olsun və vətəndaşları narahat edən problemlər aradan qaldırılsın” söyləyən dövlətimizin başçısı İlham Əliyev diqqəti tikinti işlərinə yönəldərək bildirmişdir ki, vətəndaşların rahatlığı, ekoloji cəhətdən təmiz layihələrin icrası və  şəhərsalma qaydalarına tam riayət edilməsi əsas prinsiplər olmalıdır: “Əfsuslar olsun ki, əvvəlki dövrlərdə şəhərsalma qaydaları bəzi hallarda kobudcasına pozulurdu. Bakının müxtəlif yerlərində tarixi keçmişimizə zidd olan, heç bir memarlıq standartına uyğun olmayan yöndəmsiz və eybəcər binalar tikilirdi. O binalar elə tikilirdi ki, həm ümumi mənzərəyə ziyan vururdu, həm də orada heç bir şəhərsalma əmsalı nəzərdə tutulmurdu... Bakı şəhəri bizim tarixi sərvətimizdir. Biz imkan verə bilmərik ki, hansısa bir təmənnaya, hansısa bir hərisliyə görə şəhərimizin keçmişini məhv edək, yaxud da şəhərimizin gələcəyini şübhə altına qoyaq.”

Dövlətimizin başçısı daim çıxışlarında bildirir ki, biz xalq üçün çalışırıq, qururuq, yaradırıq, ölkəmizi gücləndiririk. Biz istəyirik ki, Azərbaycan qüdrətli dövlətə çevrilsin. Dövlətimiz nə qədər güclü olsa, insanlar da özlərini o qədər rahat hiss edəcək, təhlükəsizlik şəraitində yaşayacaqlar.

Ölkəmizə gələn qonaqlar da Bakının gözəlliyini, müasirliyi və qədimliyi özündə sintez etdiyini xüsusi qeyd edirlər. Azərbaycanın ənənələri olan ölkə kimi  təqdim olunması,  tariximizin, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində atılan addımların təqdir edilməsi həyata keçirilən siyasətin düzgünlüyünün və məqsədyönlülüyünün bariz nümunəsidir.

Ölkə Prezidenti bu mühüm məqamı da xüsusi qeyd edir ki,  Bakı şəhəri təkcə mərkəzdən ibarət deyil. Bakı və Bakıətrafı qəsəbələrdə, rayonlarda bütün infrasrtuktur yaradılmalıdır. “Biz şəhərin infrastrukturunu, ilk növbədə, vətəndaşlar, ondan sonra turistlər, xarici qonaqlar üçün yaradırıq” söyləyən dövlətimizin başçısı qeyd edir ki,  ilk növbədə, şəhər sakinlərinin problemlərini həll etməliyik. Süründürməçilik, rüşvətxorluq, vətəndaşlara biganə münasibət - bunlara son qoyulmalıdır.

Keçirilən hər bir qəbul, eyni zamanda Nazirlər Kabinetinin  iclasları əldə olunan uğurların təqdimatı ilə yanaşı, prioritetlərin açıqlanmasında və hədəflərə çatmaq üçün mexanizmlərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. Cənab İlham Əliyev hər çıxışında dövlət məmurlarını xalqla bir olmağa, onların qayğıları ilə maraqlanmağa və həlli istiqamətində ciddi addımlar atmağa, eyni zamanda inkişafa, quruculuğa böyük töhfələr verməyə, dəstək göstərməyə, səyləri birləşdirib konkret addımlar atmağa   çağırışlar edir.

2013-cü ildə  cənab İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda ölkə Prezidenti bu məqamı da xüsusi vurğulamışdır ki, hər bir icra başçısını  vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm: inkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət!

Təbii ki, bu prinsiplərin qorunması, vəhdətliyinin təmin edilməsi, həmçinin hər bir dövlət məmurunun, struktur rəhbərinin üzərinə düşən vəzifəni və tapşırıqları lazımi səviyyədə yerinə yetirməsi   fonunda yüksək nəticələrə nail olmaq mümkündür. Kompleks tədbirlərin həyata keçirilməsi hərtərəfli inkişafın təminatında əsasdır.  Bakı və Bakıətrafı qəsəbələrlə yanaşı, bölgələrin də sosial-iqtisadi inkişafının təmin edilməsi, infrastrukturun yeniləşdirilməsi, əhalinin sosial müadfiəsinin gücləndirilməsi istiqamətində davamlı addımların atılması, özünüməşğulluğun təminatı və sair kimi addımlar paytaxt və bölgələr arasında fərqin aradan götürülməsini, həmçinin bölgələrdə şəhərə axının qarşısının alınmasını şərtləndirir. Qeyd edək ki, son 16 ildə  2 milyona yaxın yeni iş yeri yaradılıb ki, bunun da böyük qismi regionların payına düşür. Dövlətimizin başçısı İlham Əliyevin bölgələrə hər səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. O da məlumdur ki, cənab İlham Əliyevin istər Bakı və Bakıətrafı qəsbələrə, istərsə də bölgələrə hər səfərindən sonra həmin qəsəbələrin,  regionların sosial-iqtisadi inkişafını sürətləndirmək üçün Tədbirlər Planı təsdiqlənir və Prezidentin Ehtiyat Fondundan vəsaitlər ayrılır. Bu gün paytaxt və bölgələrlə vətəndaşların elektrik enerjisi, su, təbii qazla təminatına xüsusi diqqət yetirilir və bu sahələrdə ciddi problemlər yoxdur. Qazlaşmanın səviyyəsi 96 faizdən çoxdur. Bu günlərdə dövlətimizin başçısı İlham Əliyev Vüqar Əhmədovu “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin  sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edərkən bu kimi məsələlərə xüsusi diqqət yönəltmişdir.

Qısa təhlil Bakının beynəlxalq maliyyə qurumlarının hesabatlarında   reytinqlərinə bir daha aydınlıq gətirir. Bakının təhlükəsiz ölkə olması beynəlxalq səviyyədə də etiraf olunan reallıqlar sırasındadır. Həmçinin Azərbaycan xalqı dünyanın ən xoşbəxt xalqları sırasında yer alır. Təbii ki, dövlətinə, xalqına xidməti fəaliyyətinin əsasında saxlayan,  hər kəsin Prezidenti olduğunu əməli fəaliyyəti ilə təsdiqləyən dövlət başçısına xalqın sevgisi  şəksiz olacaq. Eyni zamanda, gələcəyə böyük hədəflərlə addımlayan cənab İlham Əliyevin daim vurğuladığı kimi, irəli sürülən təşəbbüslərin xalq tərəfindən dəstəklənməsi yeni-yeni layihələrə yol açır. Bakı füsunkar gözəlliyi, təhlükəsiz şəhər olması ilə beynəlxalq tədbirlərin keçirilməsi üçün ideal məkan kimi qəbul olunur. Dövlətimizin uğurlu siyasəti qarşıdakı illərdə daha böyük uğurlara imza atacağımıza böyük əminliklər yaradır. Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsini şərtləndirən amilləri diqqətə çatdıran cənab İlham Əliyev bildirir:  “Əsas vəzifəmiz, - mən bu vəzifəni çox ciddi qoymuşdum, - ondan ibarət idi ki, biz keçmişlə müasirliyin vəhdətini təşkil etməliyik.”

Yeganə Əliyeva, “İki sahil”