Xüsusilə yay mövsümündə hər birimiz şahid olmuşuq ki, ətrafımızdakı iş yoldaşlarımızdan bəziləri “artıq tükənmişəm, heç işləyə bilmirəm. Bu işdən zövq ala bilmirəm” kimi şikayətlər edirlər. Nəticədə onlarda səbəbsiz yerə əsəbilik, duyğusallıq, özünə inamsızlıq kimi psixoloji məqamlar da müşahidə edilir.
Bu kimi mənfi xüsusiyyətlərin, gərginliklərin əsasında duran faktor birbaşa fəsillə əlaqədar deyil. Mütəxəssislərin qənaətinə görə, bütün bu əlamətlər tükənmişlik sindromunun təzahürüdür. Bu cür əlamətlər özünü daha açıq şəkildə isti aylarda büruzə verir. Bu həm psixoloji, həm fiziki , həm də zehni yorğunluqla əlaqəli şəkildə baş verir.
Məlumat üçün bildirək ki, bu sindrom zamanı ən çox rastlanan şikayətlər unutqanlıq, diqqət əskikliyi, öyrənmə, əzbərləmə çətinlikləri, beyində ağırlıq hissi, biganəlik, dözümsüzlük və tez əsəbləşməkdir.
Bir çoxları tükənmişlik sindromunu depressiya ilə qarışdırırlar. Amma bu heç də doğru deyil. Onlar arasında açıq-aydın fərqlər var. Bu tip sindromun tibbdə adı “burn out” və ya yanma sindromudur. Belə ki, 5 ildən artıq eyni işdə işləyən insanların 70%-dən çoxunda rast gəlinə biləcək psixoloji vəziyyətdir. Əsas əlamətləri depressiya ilə oxşar olsa da, tükənmişlik sindromu sırf iş həyatı ilə bağlı ümidlərin tükənməsi, motivasiyanın aşağı düşməsi ilə əlaqədar yaranır. Yəni, insanın normal həyatı davam edir, şəxsi həyatında münasibətləri qaydasında olur, həyatdan zövq ala bilir, amma iş mühitində bu göstəriciləri aşağı düşür. Əsas yaranma səbəbi dəyişiklik olmayan eyni mühitdə uzun müddət işləməkdir. Yəni, vəzifə artımı, əmək haqqı artımı olmadan işləmək, gözləntiləri ilə reallıqların üst-üstə düşməməsi, məzuniyyətsiz və istirahətsiz işləmək, rəhbər şəxs tərəfindən düzgün qiymətləndirirlməmək və ya motivasiya edilməmək, komanda ruhunun zəifliyi, iş yükünün düzgün bölünməməsi, ədalətsizlik, aşırı məsuliyyət və bənzər səbəblər “burn out”-u qaçılmaz edir.
Davamlı baş ağrıları, mədə-bağırsaq problemləri, əzələ və sinir ağrıları, iştahın pozulması kimi əlamətlər tükənmişlik sindromunun göstəricisi ola bilər. Bu kimi ağrıları özü müalicə etməyə çalışan şəxslər daha sonra tükənmişlik sindromunun qarşısının alınması prosesinin bir qədər ləngiməsinə səbəb olurlar. Bu sindromla yaşamaq iş keyfiyyətinin tamamilə aşağı düşməsinə və əvvəllər zövq ala bildiyi işdən heç bir zövq ala bilməməyə səbəb olur. Bəzən iş yerinin dəyişdirilməsi belə, sindromun əlamətlərinin aradan qalxmasına kömək etmir. Bu, xüsusilə, mütəxəssis yardımı almadan uzun müddət bu vəziyyətin davam etdiyi hallarda baş verir. Əslində bu, xəstəlik deyil.
Tükənmişlik sindromunun əlamətlərini hiss etdikdə iş yükünü azaltmalı, işdən sonra işlə bağlı düşünməməli, elektron poçtunuzu və iş telefonlarınızı bir kənara qoymalısınız. Əlamətlər davamlı olarsa, mütləq psixoloji xidmət göstərən mütəxəssisə müraciət etmək lazımdır. Ümumiyyətlə, rəhbər şəxslər də, işçilərinin psixi vəziyyətinin iş keyfiyyətinə təsirini və korporativ hədəflərə çatılmasında vacib olduğunu nəzərə alıb, iş mühitində komanda ruhunun formalaşmasına, ədalət və şəffaflıq prinsipinin qorunmasına əməl etməli, adi təşəkkürü işçilərdən əsirgəməməli, tez-tez korporativ işdən kənar tədbirlər həyata keçirməlidir. Bunları etməklə işçilərin psixi sağlamlığı qorunur ki, bu da şirkət və ya qurumun iş fəaliyyətinin daha da uğurlu olmasına stimul verir.
Həftə içi çalışan insanlar istirahət günlərini səmərəli şəkildə dəyərləndirməlidirlər. Bu onlara yeni iş həftəsinə yüksək enerji ilə qədəm qoymağa kömək edəcək. İstirahət planlarını fərqli və rəngarəng şəkildə qursunlar. Uzun müddət fasilə vermədən işləyən, sağlam qidalanmayan, əsəbləri, əhval-ruhiyyəsi yerində olmayan şəxslər xüsusilə bu sindroma tutulmamaq üçün diqqət etməlidirlər. İstənilən halda həm həftə sonlarını, həm də məzuniyyətinizi lazimi səviyyədə dəyərləndirin. Xüsusilə də ilin əsas istirahət zamanı olan yay fəslindən səmərəli şəkildə yararlanın.
Yaqut Ağaşahqızı, “İki sahil”