KÖŞƏ

Nigar Orucova

İşğaldan azad edilmiş ərazilərdə yeni quruculuq dövrü başlayır

02 dekabr 2020 22:21
4380

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 30 ilə yaxındır davam edən işğala son qoydu. Sentyabrın 27-də başlayan və cəmi 44 gün davam edən Vətən Müharibəsi nəticəsində rəşadətli ordumuz işğalçı Ermənistanın ordusunu diz çökdürdü. Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Şuşa daxil olmaqla, ümumilikdə 300-dən artıq yaşayış məntəqəsi erməni işğalından azad edildi. Azərbaycan, Rusiya və Ermənistan arasında noyabrın 10-da imzalanan üçtərəfli bəyanata uyğun olaraq ötən ayın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də Laçın boşaldılaraq Silahlı Qüvvələrimizə təhvil verilibdi. Bununla da işğala son qoyularaq ölkəmizin ərazi bütövlüyü təmin olundu.

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin azad edilməsi əməliyyatı daha bir vacib məsələni aktuallaşdırdı. Həmin ərazilər tam azad olunduqdan sonra dağıdılmış infrastrukturun, xaraba qoyulmuş şəhər və kəndlərin bərpası dövlətimizin qarşısında duran əsas məsələlərdən biridir. Xatırlatmaq yerinə düşər ki, təkcə Ağdam rayonunun Azərbaycan dövlətinin nəzarətində olan ərazisində son illər ərzində böyük abadlıq və quruculuq işləri aparılmışdır. Prezident İlham Əliyevin göstərişi ilə Ağdam rayonunun mərkəzinə çevrilmiş Quzanlı qəsəbəsində sosial obyektlər tikilib istifadəyə verilmiş, sənaye müəssisələri, insanlar üçün iş yerləri yaradılmış, infrastruktur layihələri icra olunmuş, Olimpiya İdman Kompleksi, xəstəxana, məktəblər, Muğam Mərkəzi inşa edilmişdir. Ağdam rayonunun Azərbaycanın nəzarətində olan hissəsində 18 köçkün şəhərciyi salınmış, rayona 93 min köçkün yerləşdirilmişdir. Görülmüş işlər və investisiyalar hesabına bu gün Ağdam rayonunun əhalisinin 45% -i bu rayonun ərazisində yaşayır.

Beləliklə, Azərbaycan xalqı 30 ilə yaxın bir müddətdə erməni vandalları tərəfindən dağıdılan, xarabalığa çevrilən yaşayış məntəqələrimizi yenidən dirçəldəcək. Azad olunmuş ərazilərə həyat qaytarılacaq, yeni yaşayış binaları, məktəblər, tibb ocaqları və sair obyektlər tikiləcək, bütün lazımi infrastruktur yaradılacaq. Şuşa şəhərinə Füzuli istiqamətindən yeni yolun təməlinin qoyulması buna əyani misaldır. Füzuli-Şuşa avtomobil yolunun təməlqoyma mərasimi Qarabağa həyatın qaytarılmasının rəmzidir. Eyni zamanda, bu yol işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihədir.

Aparılan təhlillərə əsasən, 30 ilə yaxın düşmən tapdağı altında qalan ərazilərimizdə nəqliyyat infrastrukturu və avtomobil nəqliyyatı ilə xidməti təmin edə biləcək maddi və texniki bazanın demək olar ki, məhv edilməsi aşkarlanıb. 22 avtonəqliyyat müəssisəsi (bu müəssisələrə məxsus qarajlar, idarə binaları, sexlər, qaraj avadanlıqları, qurğular), 10 avtovağzal və avtostansiya kompleksi, avtonəqliyyat müəssisələrinə məxsus Ağdamda 160, Laçında 70, Füzulidə 60, Cəbrayılda 15, Zəngilanda 40, Şuşada 90, Xocalıda 70, Qubadlıda 50, Xankəndidə 350, Kəlbəcərdə 70, Ağdərədə 30, Xocəvənddə 10 ədəd, ümumilikdə 1015 ədəd nəqliyyat vasitəsi talan edilib, yararsız hala gətirilib. Məhv edilən nəqliyyat infrastrukturu və maddi-texniki bazanın dəyəri isə milyonlarla manat həcmində ölçülür.

Lakin dövlətimizin başçısının xüsusi tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Şuşa şəhərində həyat əhəmiyyətli infrastrukturların, həmçinin içməli su təchizatı sistemlərinin bərpası işləri həyata keçirilir. Bu da o deməkdir ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı müharibədən sonra vətəndaşlarımızın öz doğma yurdlarına qayıtmaları üçün müəyyən edilmiş Dövlət proqramlarını uğurla həyata keçirəcək.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov da bildirib ki, bərpa mərhələsindən sonra qısa zamanda həmin rayonlarımızda məhsul istehsalının 8 dəfəyədək artacağı proqnozlaşdırılır. V.Bayramovun fikrincə, bu o deməkdir ki, çox qısa zamanda həmin ərazilərimizdə yeni iş yerlərinin yaradılmasını və güclü iqtisadi inkişafı müşahidə edəcəyik. Lakin Prezident İlham Əliyevin xalqa müraciətində vurğuladığı kimi, bizim ölkəmiz üçün yeni dövr başlayır: “Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir”.