27 fevral 2020 11:05
1756

Koronavirusla mübarizəyə hazırıqmı?

Azərbaycanda sanitar-epidemioloji vəziyyət xüsusi nəzarətdədir

31 dekabr 2019-cu ildə Çinin Ubey əyalətinin Uhan şəhərində aşkar olunan viruslu sətəlcəm faktının cari ilin yanvar ayının 9-da  mediaya indiyə qədər aşkar edilməmiş yeni bir koronavirus (COVİD-19)  səbəbindən baş verdiyi bildirilmişdi. Yanvarın 16-da isə artıq Azərbaycanda Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) və ölkəmizin Səhiyyə Nazirliyinin Çində yeni koronavirusun səbəb olduğu sətəlcəm alovlanması ilə əlaqədar beynəlxalq səfərlər və ticarətə dair tövsiyəsi yayıldı.

Bunları xatırlatmaqda məqsəd Azərbaycanda koronavirusla mübarizə tədbirlərinin virusun Çində yayılmasının ilkin mərhələsindən başladığını vurğulamaqdır. Söhbət ondan gedir ki, həmin vaxt bu tövsiyə əhalinin beynəlxalq səfər və ticarətdə ehtiyat tədbirləri görmələrinə hesablanmışdı.

Koronavirusun infeksiyası geniş yayılmağa başladıqdan sonra mümkün risklərin və onun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə Nazirlər Kabineti tərəfindən müvafiq komissiya yaradılıb, yanvarın 30-da Fəaliyyət Planı təsdiqlənib.

Həmçinin o da qeyd edilməlidir ki, virusun yayılmasının təhlükəli miqyas almağa başladığı ilk gündən Azərbaycanın bütün sərhəd-keçid məntəqələrində, o cümlədən hava limanlarda profilaktik tədbirlərin həyata keçirilməsinə başlanılıb.

Azərbaycanla həmsərhəd olan İranda da virusun aşkar olunması və artıq insan tələfatı faktları barədə rəsmi məlumatların yayıldığı şəraitdə bu ölkə ilə sərhəd-keçid məntəqələri xüsusi rejimdə fəaliyyətə keçib. Bununla da  koronovirus epidemiyasına qarşı həyata keçirilən qabaqlayıcı tədbirlər çərçivəsində ölkəmizin gömrük-sərhəd keçid məntəqələrində nəzarət tədbirləri daha da gücləndirilib. Belə ki, İrandan ölkə ərazisinə daxil olan şəxslərin bədən hərarəti ölkə sərhədini keçən anda, inzibati binaya daxil olmadan portativ termometrlərlə yoxlanılır. Eyni zamanda, təcili tibbi yardım avtomobilləri birbaşa postların ərazisinə cəlb olunub və 24 saat növbəli rejimdə fəaliyyət göstərirlər.

Bununla yanaşı, Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara və Biləsuvar gömrük-sərhəd buraxılış məntəqələrində də profilaktik tədbirlər və dezinfeksiya işləri aparılır. Komitənin yaydığı məlumata görə, Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsində həyata keçirilən qabaqlayıcı tədbirlərin daha da gücləndirilməsi məqsədi ilə Dövlət Gömrük Komitəsi sədrinin sərəncamına əsasən, Komitənin Tibbi Xidmət İdarəsinin mobil səyyar hospitalı və müvafiq tibbi heyəti bu gömrük-keçid məntəqəsinə ezam olunub. Eyni zamanda, Astara gömrük-sərhəd keçid məntəqəsi də Tibbi Xidmət İdarəsinin müvafiq tibbi heyəti ilə gücləndirilib. Bununla yanaşı, sərhəd-keçid məntəqələrində sanitar-dezinfeksiya işləri aparılır, Azərbaycan ərazisindən tranzit yüklərin daşınmasına nəzarət gücləndirilib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ehtiyat tədbirlərini davam etdirir.  Bu məqsədlə şirkətin balansında olan gəmilərdə, struktur idarələrin ərazilərində, keçid-mühafizə postlarında və yeməkxanalarında mütəmadi olaraq aparılan dezinfeksiya işlərinə nəzarət gücləndirilib. “Azərbaycan Dəmir Yolları” QSC həm daxili, həm də beynəlxalq istiqamətlər üzrə hərəkət edən qatarlarda və bütün yolboyu stansiyalarda koronavirusa qarşı gündəlik olaraq mütəmadi profilaktik dezinfeksiya işləri aparır.

Koronavirusa qarşı tədbirlərə Bakının əsas ictimai sərnişindaşıma nəqliyyatı vasitələrindən olan metropolitendə də başlanılıb. Bundan əlavə, İrandakı vəziyyətlə əlaqədar olaraq əhaliyə xüsusi zərurət olmadığı hallarda qonşu ölkəyə səfərlərini müvəqqəti olaraq təxirə salmaq da tövsiyə olunub. Eyni zamanda, koronavirus epidemiyasına qarşı mübarizə tədbirlərini gücləndirmək məqsədilə infeksiya riski olan ölkələrdən respublikamıza diri heyvanların, balıq və dəniz məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub.

Göründüyü kimi, hazırda Azərbaycanda sanitar-epidemioloji vəziyyət xüsusi nəzarətə götürülüb, aidiyyəti qurumlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər. Lakin görülən  tədbirlər heç də o demək deyil ki, Azərbaycanda koronavirusa yoluxma halı var. Digər tərəfdən elə bu tədbirlərin nəticəsidir ki, indiyədək ölkəmizdə  koronavirusa yoluxma halı qeydə alınmayıb.

İstənilən halda ÜST Azərbaycanın aidiyyəti qurumları ilə daimi təmasdadır. Nəticədə  bu barədə yayılmış rəsmi məlumatlardan da məlum olduğu kimi, ölkədə koronavirusa yoluxma halının müəyyənləşdirilməsi üçün bütün imkanlar, o cümlədən diaqnostik alətlər və tibbi ləvazimatlar yetərli dərəcədədir və belə demək mümkündürsə, yoluxma halının gizlədilməsi müzakirə mövzusu belə deyil.

Lakin təəssüf olsun ki, bir qayda olaraq beynəlxalq miqyasda təhlükəli hallarda ortaya çıxan təxribat xarakterli yanlış məlumatlar bu dəfə də müşahidə edilməkdədir. ÜST isə əhalini saxta xəbərlərə deyil,  yalnız Azərbaycanın rəsmi qurumlarının məlumatlarına etibar etməyə çağırıb. Qurum açıqlamasında əsassız xəbərləri koronavirusdan daha təhlükəli hesab edib.

Ceyhun Piriyev, “İki sahil”