09 oktyabr 2019 18:52
160

“Lufthansa” şirkəti: Bakı Xəzər dənizinin qiymətli incisi

Bakı şəhəri də Azərbaycanın əsas turizm mərkəzidir. Məlum olduğu kimi, Almaniyanın aparıcı və Avropanın ikinci böyük aviaşirkəti olan “Lufthansa” Bakını “ayın şəhəri” elan edib. Dövlət Turizm Agentliyindən  verilən məlumata görə, aviaşirkət Azərbaycanı “Odlar yurdu”, Bakının gecə mənzərəsini isə hər zaman hərəkətdə olan, alovlanan şəhərə bənzədib. Bakını Cənubi Qafqazın ən böyük şəhəri, Xəzər dənizinin qiymətli incisi adlandıran bu  aviaşirkət dənizkənarı bulvar ərazisinə də xüsusi toxunaraq bu ərazini insanları bir- birinə yaxınlaşdıran və mehribanlaşdıran məkan adlandırıb. Həmçinin aviaşirkət İçərişəhəri bir labirintə bənzədib. Yeni və köhnə memarlıq abidələrinin Bakıya xüsusi bir gözəllik verdiyini, Şərqlə Qərbin sintezini yaratdığını deyib. Heydər Əliyev Mərkəzini isə Azərbaycan cəmiyyətinin müasirləşməsinin simvolu kimi dəyərləndirib. Avropa ilə Asiya arasında yerləşən Bakını məşhurlaşan meqapolis adlandıran “Lufthansa” şirkəti öz müştərilərini Azərbaycana gəlməyə dəvət edib. Qeyd edək ki, Avropanın ikinci böyük aviaşirkəti olan “Lufthansa” hər ay öz füsunkarlığı ilə seçilən bir şəhəri “ayın şəhəri” elan edir. Bu yolla da həmin şəhərlərə turizm potensialını nümayiş etdirmək, perspektiv inkişafını gücləndirmək üçün geniş imkanlar yaratmış olur.

Bakı dünyanın ən təhlükəsiz şəhərləri siyahısına daxil edilib. Bu haqda məlumat “The Economist Intelligence Unit” və “The Economist” nəşrləri tərəfindən tərtib edilən illik hesabatda qeyd olunub. Siyahıda dünyanın 60 şəhəri yer alıb. Bakı maksimum 100 xaldan 56,4-ünü toplayaraq 49-cu yerdə qərarlaşıb. Həmçinin Bakı rəqəmsal təhlükəsizlik üzrə 46-cı, səhiyyənin təhlükəsizliyi üzrə 41-ci, infrastruktur təhlükəsizliyi üzrə 54-cü, şəxsi təhlükəsizlik üzrə isə 49-cu pillədə yer alıb. Onu da qeyd edək ki, bu reytinq göstəricisində MDB  ölkələrinin şəhərlərindən yalnız Moskva və Bakı şəhərləri yer alıb.

Fransanın “Tourmag” portalında “Azərbaycan- orijinal turizm istiqaməti” adlı məqalə yayılıb. Fransa Turizm Agentlikləri Milli Sindikatının (SNAV) Bakıda keçirilən ənənəvi illik konfransından sonra bu ölkənin turizm sahəsində ixtisaslaşmış agentlikləri ölkəmizin turizm imkanlarını təşviq edir. Məqalədə İl-de Frans regionunda fəaliyyət göstərən Turizm Müəssisələri Birliyinin prezidenti Mişel Laje-Erbonun toplantı üçün Bakını seçməsinin təsadüfi olmadığı qeyd edilir. Mişel Laje-Erbonun əsas məqsədi turizm, konqreslər, motivasiyalar və işgüzar sahələr üçün əsl imkan və yeni istiqamət olan Bakını kəşf etmək olub. Yazıda Bakının möhtəşəm şəhər olduğu diqqətə çatdırılır. Xüsusilə, paytaxtımızın XIX əsrin sonu, XX əsrin əvvəllərinə aid memarlıq üslubunun turizm agentliklərinin nümayəndələrini heyran etdiyi bildirilir. Müəllif Bakının bu gün tam təhlükəsiz yeni turist istiqaməti olduğunu vurğulayır. Müalicə turizmi ilə məşhur olan Naftalan şəhərindən, tarixi və mədəni abidələrimizdən, Qobustandan söz açır. Yazıda turistlərə Bakını heç bir şəhərlə müqayisə etməmək, gəlib onun özünəməxsus xüsusiyyətləri ilə tanış olmaq məsləhət görülür.

Rusiyanın “TurStat” turizm portal payız mövsümündə istirahət və səyahət üçün MDB-nin ən yaxşı şəhərlərinin reytinqini açıqlayıb. Bakı, rusiyalı turistlərin ən çox payız səyahətinə çıxdığı beş ölkədən biridir. Bunu biz ölkəyə gələn rusiyalı turistlərin sayında da görə bilərik. Azərbaycan rusiyalı turistlər üçün də çox maraqlıdır.

Təsadüfi deyil ki, Azərbaycanın, eləcə də şəhərlərinin müxtəlif beynəlxalq analitik mərkəzlərin həyata keçirdiyi “Təhlükəsiz ölkə” və “Təhlükəsiz şəhər” rəy sorğularında, beynəlxalq nəşrlərdə, turizm portallarında coğrafi məkanlar sırasında qabaqcıl yer tutur. Bakının dünyanın ən təhlükəsiz şəhərləri siyahısına daxil edilməsi iqtisadi sabitlik, biznes mühitinin inkişaf etdirilməsi, əhalininin sosial rifahı, investisiyanın cəlb edilməsi baxımından çox ciddi göstəricidir. Azərbaycanın məhz bu məzmun baxımından reytinqinin möhkəmlənməsi ölkəyə cəlb edilən turistlərin sayının artmasına da öz müsbət töhfəsini verə bilər. Bu, turizimin təşkili, Bakıya yeni turizm marşrutlarının yönəldilməsi üçün də əhəmiyyətlidir. Çünki bir çox turistlər bu və ya digər ölkəyə səfər edərkən həmin ölkənin təhlükəsizlik reytinqinə nəzər salırlar və təbii ki, daha təhlükəsiz şəhərlərə üz tuturlar. Bu baxımdan da həmin cədvəllərdən istifadə edirlər.

Yaqut Ağaşahqızı, “İki sahil”