KÖŞƏ

Ceyhun Piriyev
[email protected]

Məcburi köçkünlərə dəstək: Dövlətlə yanaşı, özəl sektor da prosesə qoşulub

01 iyun 2020 11:02
3846

“Qobu-1” və “Qobu-2” layihəsi artıq 2018-ci və 2019-cu illərdə istifadəyə verilib. Bildirməliyəm ki, bu şəhərciklərin tikintisinin təşəbbüskarı Mehriban xanım olub və 2017-ci ildə onun iştirakı ilə burada təməl daşı qoyulub”.  Bu barədə Prezident İlham Əliyev Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışındakı nitqində bildirib.  

Qeyd edək ki, hələ 2017-ci ildə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sədrlik etdiyi ilk müşavirənin qaçqınların və məcburi köçkünlərin probleminin həllinə həsr olunması həyata keçirilən sosial siyasətin başlıca prioritetlərindən birininin məhz bu məsələ olduğunu nümayiş etdirirdi. Təkcə onu demək kifayət edir ki,  Qobu qəsəbəsində 3 layihə çərçivəsində 3700-ə yaxın məcburi köçkün ailəsi yerləşdiriləcək. 

Həmçinin 2003-cü ildə keçirilən prezident seçkiləri öncəsi cənab İlham Əliyevin proqramında yer alan məsələlərdən biri də 5 il ərzində çadır şəhərciklərinin ləğvi idi. Lakin nəinki 5 il, 4 il ərzində buna nail olundu. Bu müddət ərzində həyata keçirilən tədbirlər nəticəsində ölkə ərazisindəki bütün çadır düşərgələri artıq ləğv olundu və orada məskunlaşan məcburi köçkün ailələri yeni salınmış qəsəbələrə köçürüldü. Belə ki, dövlətimizin başçısı cənab İlham Əliyevin Prezident kimi imzaladığı ilk sərəncamlardan biri 2004-cü ildə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı ilə bağlı olmuşdu. Daha sonra 2007-ci və 2011-ci illərdə həmin proqrama əlavələr edilməklə qaçqın və məcburi köçkünlərin  sosial, təhsil, məşğulluq, yaşayış və tibbi təminatına uyğun olan lazımi tədbirlər mərhələlərlə həyata keçirilir. Bütün bunlarla bağlı dövlətimizin başçısı tərəfindən 2004-2019-cu illər ərzində 75 Fərman və Sərəncam imzalanıb.

Ümumilikdə, həyata keçirilən tədbirlər nəticəsində bu günədək 315 min məcburi köçkünün, yəni, 62 min 494 ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Lakin bununla belə, görülən işlərlə yanaşı, hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda kifayət qədər məcburi köçkün ailəsi yaşayır. Problemin həlli üçün Prezidentin göstərişi ilə hər il Dövlət Neft Fondundan yeni qəsəbələrin salınması üçün vəsait ayrılır. Hətta son illərdə neft gəlirlərinin azalmasına rəğmən, məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi davam edir.

Qobu qəsəbəsində salınan 3 yaşayış kompleksi isə artıq bu işlərə dövlətlə bərabər, özəl sektorun da dəstək verməsinin göstəricisidir. Başqa sözlə, bir neçə ilə əvvələ qədər bu işlər, demək olar ki, dövlətin üzərinə düşdüyü halda, hazırda bu sahədə özəl sektor da üzərinə öhdəlik götürməkdədir. Bu isə dəstək amili ilə yanaşı, özəl sektorun sosial məsuliyyətindən irəli gələn məsələdir. 

Daha dəqiq desək, özəl sektorun belə sosial layihələrə qoşulması Prezident İlham Əliyevin bir neçə il əvvəl onlara etdiyi çağırışdan irəli gəlir. Bir sözlə, ölkə başçısının çağırışından sonra məcburi köçkünlər üçün artıq 3-cü yaşayış kompleksi tikilib istifadəyə verilib. Sözügedən açılış nitqində bu məsələyə toxunan ölkə başçısı bunun sevindirici hal olması ilə yanaşı, özəl sektora edilən çağırışın cavabsız qalmaması kimi qiymətləndirib: “Şadam ki, mənim bir neçə il bundan əvvəlki çağırışımdan sonra özəl sektor artıq bu önəmli sosial layihələrə də qoşuldu. O vaxt mən özəl sektoru bu işlərə dəvət etmişdim və şadam ki, mənim çağırışım cavabsız qalmayıb. Bütün tikinti işləri, bütün investisiyalar özəl sektor tərəfindən təmin edilibdir”.

Dövlətimizin başçısı bu işdə xüsusilə “Paşa Holdinq” şirkətinin fəaliyyətini qeyd edib ki, bu da təsadüfi deyil. Məsələ burasındadır ki, bu şirkət digər sosialyönümlü layihələrdə olduğu, kimi bu dəfə də özəl sektorun flaqmanı olduğunu sübut edir.