08 avqust 2020 16:37
1680

Məsuliyyətli olaq, cəmiyyətimizi qoruyaq...

Məsuliyyətli olaq, cəmiyyətimizi qoruyaq, karantin rejimindən çıxıb normal həyata qayıdaq

Bildiyimiz kimi, avqustun 5-dən karantin rejimində yenə də nisbi yumşalma olub. Lakin istənilən halda vətəndaşlarımız bu yumşalmadan sui-istifadə etməməli, bütün təlimatlara layiqincə əməl etməlidir. Prezident İlham Əliyev koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı 2020-ci il 6 avqustda keçirdiyi müşavirədəki çıxışı zamanı qeyd da etmişdi ki, yenə də xəstəliyin kəskin artdığını görsək, başqa çarə olmayacaq, rejim yenə də sərtləşdiriləcək.

Heç kəsə sirr deyil ki, koronovirus dünyanın bir nömrəli bəlası olaraq dünya üçün çox ciddi problemdir. Ona görə hamımız çox məsuliyyətli olmalıyıq və nə qədər məsuliyyətli olsaq, bir o qədər qısa müddət ərzində bu karantin rejimindən çıxaraq normal həyata qayıtmaq mümkün olar.

Onu da qeyd edək ki, bu gün nə qədər iqtisadiyyatımız ziyan görsə də, aparılan doğru iqtisadi siyasət xalqın sosial rifah halının pisləşməsinin qarşısını maksimum alıb. Ölkəmizdə iqtisadi və sosial məsələlər bu gündə də öz müsbət həllini tapır. Sadəcə olaraq, son aylar ərzində görülmüş işlərə baxmaq yetər. Məsələn, 5 milyona yaxın insanın geniş sosial paketlə əhatə edilməsi, dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləmədən, dövlət tərəfindən əməkhaqqı alması, 760 min sahibkara lazımi maliyyə dəstəyi göstərilərək onların iş yerlərinin qorunması və s.

Altı yüz min işsiz insan, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq öz işini itirən, aztəminatlı təbəqəyə aid olan insan dövlət tərəfindən qayğı ilə əhatə olunub. Onlara artıq bir neçə ay ərzində 190 manat müavinət verilir. Sosial dəstək bundan sonra da davam edəcək. Bu xüsusda qeyd edək ki, Azərbaycanın 13 şəhər və rayonunda sərt karantin rejimi tətbiq edilir. Həmin rayonların bu kateqoriyaya aid insanları bu dəstəklə bundan sonra da əhatə olunacaq və avqust ayında da onlara 190 manat ödəniləcək.

Eyni zamanda ölkəmizdə çox böyük sosial layihələr də həyata keçirilir və 2020-ci ildə bu layihələrin həcmi rekord həddə çatıb. Bu il rekord sayda məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunacaq. Həmçinin, bu il bu imkandan 7 mindən çox köçkün ailəsi faydalanacaq. Rekord sayda - 1500 şəhid ailəsi, Qarabağ müharibəsi əlili mənzillərlə təmin ediləcək. Ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaq. Bütün bunlar ölkəmizin gücünün, qüdrətinin göstəricisidir.

Bütün bunların fonunda əlbəttə ki, ölkəmizin inkişafı və tərəqqisi naminə koronavirusla bağlı təlimatlara layiqincə əməl edək, məsuliyyətli olaq, cəmiyyətimizi qoruyaq, karantin rejimindən çıxıb normal həyata qayıdaq.

Nüsrət Məmmədov, "İki sahil"