18 noyabr 2019 20:15
884

“Mühacir” alverinin müdhiş gizlinləri üzə çıxır

Radikal müxalifət düşərgəsində təmsil olunan Müsavat Partiyasının çirkli “siyasi mühacir” biznesi ilə bağlı yeni faktlar üzə çıxır. Məsələ ilə bağlı təkzibolumaz dəlillər ortaya çıxdıqca partiyanın başqanı Arif Hacılı və onun “sağ əli” olan Gülağa Aslanlı müxtəlif vasitələrlə işin altından çıxmağa, özlərinə bəraət qazandırmağa çalışsalar da heç nəyə nail ola bilmirlər. Çünki heç kim, hətta baş verənləri heyrətlə qarşılayan  sıravi müsavatçılar belə onlara inanmır, əksinə bu rəzalət və rüsvayçılığa görə “başqan”dan hesabat, doğru-dürüst açıqlamalar tələb edirlər.

Vaxtilə Müsavat Partiyasına yaxınlığı ilə tanınan, bu təşkilatın rəhbərlərinin “siyasi mühacir” biznesinə şübhələri olan və hazırda Avropa ölkələrində yaşayan jurnalistlərin araşdırmaları sayəsində məsələ ilə bağlı daha tükürpədici faktlar ortaya çıxır.

Məsələn, hazırda Qərb ölkələrindən birində yaşayan müsavatçı jurnalist Yafəz Əkrəmoğlu 2014-cü ildə naxçıvanlı bir gəncə bu təşkilat A.Hacılının imzası ilə verilən saxta arayışdan bəhs edib.  O arayışda göstərilib ki, həmin şəxs guya Naxçıvan Muxtar Respublikası Babək rayon təşkilatı gənclər özəyinin fəal üzvüdür. Əslində isə Naxçıvanda bu təşkilatın heç “gənclər özəyi” deyilən bir qurum olmayıb. Müsavatçı jurnalistin sözlərinə görə o uzun müddət Müsavat Partiyasının Naxçıvan MR-dəki təşkilatında rəhbər vəzifələrdə çalışdığına görə bu təşkilatın fəallarını yaxşı tanıyır. Ancaq A.Hacılının imzası ilə arayış alan bu “fəalı” isə o tanımayıb. Hətta vurğulayıb ki,  hansısa siyasi fəal olan naxçıvanlı müsavatçı indiyə kimi mühacirətə gəlməyib. əgər belələri olsaydı o, mütləq həmin şəxsləri tanıyardı. Təbii ki, Y.Əkrəmoğlunun araşdırmaları ilə üzə çıxan faktlar mühacir alveri ilə məşğul olduqlarını danmağa çalışan A.Hacılı-G.Aslanlı cütlüyünə tərs sillə kimi dəyib. Şübhəsiz, məsələ ilə bağlı saysız-hesabsız nümunələr göstərmək olar. Ancaq burada daha maraqlı və ikrahdoğuran məqamlar var.

İş orasındadır ki, illərdən bəri anti-Azərbaycan dairələrlə işbirliyində olan, erməni lobbisinin maliyyəsi ilə fəaliyyət göstərən bəzi beynəlxalq təşkilatlarla sövdələşərək Azərbaycan əleyhinə çirkin qarayaxma kampaniyası aparan “siyasi mühacir”lərin də saxta miqrant alveri ilə məşğul olmasına dair xəbərlər dolaşır. Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri Rəşad Quliyev bildirib ki, Almaniyada yaşayan azərbaycanlılar bununla bağlı dəfələrlə ona müraciət ediblər. Bəzi Qərb ölkələrində məskunlaşan bu antimilli ünsürlər ölkəmizdəki məlum düşərgənin təmsilçilərindən olan partiyaların rəhbərləri ilə əlbir olub saxta mühacir alveri ilə məşğul olaraq külli miqdarda gəlir əldə ediblər: “Avropa polis orqanı bu məsələni ciddi şəkildə araşdırsa, bu gün əleyhimizə təbliğat aparanların əksəriyyəti-Tural Sadıqlı, Orduxan Teymurxan kimi insanlar, AXCP-dən bir neçə funksionerin bu cür fəaliyyətləri ortaya çıxacaq. Çünki bu adamlar saxta sənəd çıxarma aparatları ilə Çexiya, Polşaya aid sənədlər hazırlayırlar. Oturum üçün rədd cavabı almış insanlar həmin sənədlərlə yenidən qeydiyyata düşürlər. Hələ də belə insanlar var”.

Baş verənlər bir daha sübut edir ki, Müsavat partiyasının, bütövlükdə radikal müxalifətin “demokratiya”, “insan haqları”nın müdafiəsi barədə pafoslu çıxışlarının, respublikamızda sabitliyi pozmağa, ölkəmizin beynəlxalq imicinə, milli maraq və mənafelərimizə zərbə vurmağa hesablanmış cəhdlərinin, mitinq və piketlərinin, qanunsuz aksiyalarının yalnız bir məqsədi varmış: girişdikləri qanunsuz  mühacir biznesini daha da çiçəkləndirmək, Qərb ölkələrində  məqsədli şəkildə yerləşdirdikləri antimilli və cinayətkar şəbəkələr vasitəsilə daha çox pul, var-dövlət qazanmaq.

Təbii ki, bütün bunlar ürəkbulandıran, ikrahdoğuran mənzərədir. Yəqin ki, tezliklə antimilli, savadsız, bəsirətsiz, şəxsi ambisiyalar naminə milli maraqları ayaqlar altına atan, siyasəti öz çirkli məqsədləri naminə vasitəyə  çevirən radikalların cinayətkar əməllərinə dair daha dəhşətli faktlar üzə çıxacaq. Şübhəsiz, baş verən bütün bu hadisələr, mühacir biznesi ilə əlaqədar kriminal sövdələşmələr  marginallaşmış, antimilli dağıdıcı, pozucu və inkarçı dəstənin rüsvay olaraq siyasət səhnəsindən getməsini, onların yeni, sağlam müxalifətlə əvəzlənməsini  daha da tezləşdirəcək. Əslində Müsavat Partiyasının ifşa olunmuş “başbilənlərinin”, ümumiyyətlə,  radikal liderciklərin azacıq bir vicdanı, məntiqi, əxlaqı olsa nəinki aldadaraq “qoca qitə”nin ayrı-ayrı ölkələrində pis günə qoyduqları, həyatlarını zindan döndərdikləri, cinayətə sövq etdikləri şəxslərin və onların ailələrinin, bütövlükdə  cəmiyyətin qarşısında öz məsuliyyətlərini dərk edib istefa verər, siyasət meydanını tərk edərdilər. Çünki bu meydan onlarlıq deyil...

Zahid Rza, “İki sahil”