KÖŞƏ

Azər Qismət

Müxalifəti bekarlıq yıxacaq

05 mart 2019 14:29
4100

Hərbi xidmətin çoxdankı klassik qanunu hələ də öz qüvvəsində qalmaqdadır: “Əsgər bekar qalmamalıdır”. Onu müxtəlif hərbi təlimlərlə yükləmək lazımdır. Bu, özlüyündə iki xoş və əhəmiyyətli cəhəti ehtiva edir. Birinci cəhət bundan ibarətdir ki, əsgər bekar qalarsa (söhbət dinc dövrün hərbi xidmətindən gedir) çəkisi artır, səhər idmanında nə boynu dönür, nə qaçmağa nəfəsi çatır. Belə olan surətdə müharibə siqanlında çətinliklər yaranır. Belə əsgərlə bir kilometrdən uzağa getmək mümkün deyil. İkincisi bekar qalmamağın əhəmiyyətli cəhətidir. Əgər əsgər bekar qalarsa, beyninə müxtəlif fikirlər dolar. Bekarın işi boş-boş düşünməkdir axı?! Deyilə bilər ki, düşünsün də, bunun ətrafa nə zərəri var? Əslində, zərəri var. Alt şüurda düşünülən nəsnə gerçəkliyini tapar. Beynin funksiyasından biri gələn fikri reallaşdırmaqdır. Əks təqdirdə beyin narahatlıqdan başını divara çırpar.

Bekar əsgər fərarilik etməkdən, zabit heyəti ilə çoxdankı incikliyi xatırlayıb haqq-hesab çürütməkdən tutmuş Vətənə xəyanətə qədər istənilən əməl törədər. Deməli, məsələnin fəlsəfi çaları belədir ki, pis əməllər bekarlıqdan yaranır. İş-gücü olan adamın isə boş düşüncələrə, arzulara, xəyallara vaxtı qalmır. O, işini yerinə yetirir, növbəti günlər üçün yeni motivasiya xarakterli planlar qurur.

Bax, Azərbaycan müxalifəti də bekardır. Etiraz edib deyə bilərlər ki, “biz bekar deyilik”. Ancaq doğrudan da bekardırlar. Kimisə təhqir etmək, od-alov püskürmək iş deyil. Müxalifət liderlərinin ətrafına toplaşanlara nəzər salsaq görərik ki, əksəriyyəti normal işlə məşğul olmur. Normal işi olan hər gün işlədiyi idarəyə gedir. Bəs, bu neçə il ərzində müxalifət liderlərimiz nə edə bilərdi? Ən azından siyasi savadlarını artıra bilərdilər. Normal ölkələrin partiya liderləri daim öz üzərlərində çalışırlar. Daim axtarışda olurlar, siyasi gündəmlə maraqlanırlar, beynəlxalq təhlilçiləri qəbul edib məsləhətləşirlər, bilmədiklərini öyrənirlər.

Hələ nitq qabiliyyətini demirəm. Hər bir partiya lideri nitq qabiliyyətini inkişaf etdirməkdən tutmuş imicmeykerə qədər tədbirlər planı hazırlayır. Ən azından xarici dillərdən birini öyrənir. Bəs, bizim müxalifət liderlərində siyasi çəki anlayışı varmı? Xatırladaq ki, bu çəkiyə yuxarıdakı göstəricilər daxildir.

Məsələn, Əli Kərimlini misal çəkək. O, bu illər ərzində bir neçə xarici dil öyrənə bilərdi. Daha xaricdən gələn donor təşkilatların nümayəndələrini tərcüməçi vasitəsilə məlumatlandırmazdı. Yaxud, hər hansı elmi iş mövzusu götürər, sonda müdafiə edərdi. Onun elmi iş götürməsinə hakimiyyət mane olmazdı. Əksinə, sevinərdi ki, faydalı işlə məşğul olur. Ən azından başı qara-qura fikirdən ayazıyar, dünyaya, ölkədə baş verən proseslərə sağlam məntiqlə yanaşardı. Anlayardı ki, çevriliş etmək yolu ilə bir partiya liderinin hakimiyyətə gəlmək istəyi yolunda böyük güclərin tapşırıqları yerinə yetirilməlidir, bu yolda qan tökülər, indiyə qədər görülən işlər puça gedər. Əli Kərimli ətrafına toplaşanlara da xarici dil kursu təşkil edərdi ki, çayxanalardan yığışsınlar. Səmimi desək, müxalifət mühitində hər hansı motivasiyaya köklənən işlərə rast gəlinməz. Onlar üçün hər şey qara rəngdədir. Üzlərdən narazılıq yağır, suallara aqressiv cavab verilir, daim qisas ruhunda danışarlar. İdman etməzlər, sosial şəbəkələrdə poztiv statuslar yazmazlar. Belə yanaşma ən səbrli insanın da səbrini daşdırar. Axı, ola bilməz ki, bu ölkədə nəsə yaxşı işlərə nəzər salmasınlar, görməməzlikdən gəlsinlər?

Uğurlu işlərə ağız büzərlər, söz içindən söz çıxararlar, nitqlərdə səhv axtararlar. Axı, bir partiya liderinin bütün iş günü kompüter qarşısında oturub face profillər düzəltmək, iqtidaryönlü insanları təhqir etməkdən ibarət ola bilməz axı? Yaxud, partiya əməkdaşlarını çağırıb saatlarla qeybət qırmaq yorucu deyilmi? İnsan gününü necə faydasız keçirə bilər? İnsanı yoran və vaxtından tez həyatdan köçürən bekarlıq və yuxusuzluqdur. Bunların hər ikisi müxalifətimizdə mövcuddur. Həm bekardırlar, həm yuxusuz. Elə özləri özlərini yıxacaqlar.