KÖŞƏ

Taleh Turqut

Ermənistan iqtisadi sanksiyalarla üz-üzə

16 oktyabr 2018 23:18
2736

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Parlament Assambleyasının növbəti iclası Moskvada keçiriləcək. Bu barədə mətbuata açıqlamasında Rusiya Dövlət Dumasının MDB Məsələləri üzrə Komitəsinin sədri Leonid Kalaşnikov bildirib. Məlum olub ki, iclas oktyabrın sonunda keçiriləcək.

Bu xəbərin heç bir qeyri-adiliyi yoxdur - KTMT üzvü olan ölkələr vaxtaşırı qurumun iclaslarını keçirirlər. Məlumatın maraqlı tərəfi odur ki, bu iclasın əvvəlcədən Ermənistanda keçirilməsi qərara alınmışdı. Lakin birdən-birə onun yerinin və vaxtının dəyişdirilməsi diqqət çəkir. L. Kalaşnikov iclasın Moskvaya köçürülməsinin səbəbi kimi Ermənistandakı növbədənkənar parlament seçkisini göstərib. Lakin bir müddət əvvəl bu ölkənin mətbuatı KTMT-nin İrəvanda keçirilməsi nəzərdə tutulan iclasının ləğv edildiyini və bunun Ermənistanın cəzalandırılması olduğunu yazmışdı.

Hazırkı proseslərin müşahidəsi ikinci versiyanın həqiqətə daha yaxın olduğunu düşünməyə əsas verir. Belə ki, Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonrakı dövrdə, hər nə qədər gizlədilməyə cəhd edilsə də Ermənistanla Rusiyanın münasibətlərində gərginliyin getdikcə dərinləşdiyi açıq hiss edilməkdədir. Görünür, Rusiya forpostunun ondan uzaqlaşmaq istəyinin qarşısını siyasi yolla almağın real olmadığını başa düşdüyündən artıq real təzyiq metodlarına əl atmağa məcbur olub.

Bu baxımdan Rusiyanın İrəvandakı ticarət nümayəndəsi Andrey Babkonun da dünən mətbuatda yayılan fikirləri diqqətçəkəndir. A. Babko açıqlamasında bildirib ki, Ermənistanda hakimiyyət dəyişikliyi baş verdikdən sonra İrəvandan Rusiya əleyhinə səsləndirilən fikirlər bu ölkənin iqtisadi vəziyyətinə mənfi təsir edib. Rusiya nümayəndəsinin fikrincə, son dövrdə Ermənistan iqtisadiyyatındakı Rusiya investisiyasının hissolunacaq dərəcədə azalıb: “Siyasi-iqtisadi islahatlar apararkən bir sıra amillər unudulmamalıdır. Erməni siyasətçiləri Ermənistan iqtisadiyyatının hansı vəziyyətdə olduğunu görməlidirlər. Məsələn, Rusiya iqtisadiyyatının dörddə üç hissəsinə Rusiya şirkətləri nəzarət edir. Bu baxımdan, diqqətli olmaq lazımdır”.

Babko açıq şəkildə ermənilərə başa salmağa çalışıb ki, Ermənistandakı əsas şirkətlərin böyük əksəriyyəti Rusiyaya məxsusdur. Bir sözlə, Ermənistanın özü kimi iqtisadiyyatı da Rusiyanın nəzarətindədir. Bu baxımdan Rusiya nümayəndəsinin “diqqətli olmaq lazımdır” ifadəsi əslində “özünüzü yığışdırın” kimi başa düşülməlidir.

Bu arada Ermənistana daha bir iqtisadi sanksiya xəbərdarlığı da ABŞ-dan gəlib. Ermənistanda səfərdə olan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent bildirib ki, İranla ticarət məsələsində Ermənistana hər hansı güzəşt tətbiq edilməyəcək: “ABŞ-ın İrana qarşı sanksiyaları bilərəkdən bir neçə sektor və müəyyən şirkətlərə qarşı yönəldilib. Burada söhbət ticarətlə məşğul olan kiçik treyderlərdən getmir. Lakin erməni şirkətləri Gürcüstan və Azərbaycan şirkətləri kimi müştərilərinin kim olduğunu anlamalıdırlar. Biz şirkətləri müəyyən İran təşkilatları ilə ticarət münasibətlərinə girməməyə çağırırıq. Ona görə ki, bu şirkətlər sanksiyalar altına düşə bilər”.

Burada bir faktı xatırlatmaq yerinə düşər ki, bir müddət əvvəl İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi ilə bağlı ABŞ Prezidenti Donald Trampın imzaladığı fərmanda Azərbaycanla bağlı bənd sənəddən çıxarılmışdı. Bu, ölkəmizin beynəlxalq müstəvidə Ermənistanla müqayisədə hansı gücə və nüfuza malik olduğunun daha bir təzahürüdür.

Ermənistan isə dünya üçün nə qədər əhəmiyyətsiz bir ölkə olduğunu artıq anlamalıdır...