KÖŞƏ

Taleh Turqut

Ermənistan ən yaxın müttəfiqlərinin də gözündən düşüb

08 fevral 2018 22:43
3245

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ötən ilin avqust ayından başlayan intensiv danışıqlar son dövrlərdə bir az da fəallaşıb. Ermənistanın prosesi hər vəchlə pozmaq cəhdlərinə baxmayaraq bu dəfə ATƏT-in Minsk qrupunun həmsədrləri də danışıqların davamlı və hələlik zahirən də olsa, nəticəli aparılmasında maraqlı görünürlər.

İki gün əvvəl Bakıda səfərdə olan və bir sıra rəsmi görüşlər keçirən ABŞ-ın dövlət katibinin müavinin köməkçisi Bricet Brink münaqişədən bəhs edərkən deyib ki, Dağlıq Qarabağ münaqişənin iyirmi ildən artıq uzanması həqiqətən uzun müddətdir: “Biz münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik və bu məqsədə çatmaq üçün səylərimizi davam etdirəcəyik”.

Bundan əlavə, elə həmin günlərdə Bakıda olan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşdən sonra Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev mətbuata açıqlamasında bildirib ki, görüşlərdə Ermənistan və Azərbaycanda keçiriləcək prezident seçkilərindən sonra mövcud fikir və təkliflər əsasında intensiv danışıqların davam etdirilməsi üçün razılıq əldə edilib. H. Hacıyev onu da vurğulayıb ki, münaqişənin həlli istiqamətində həmsədrlərlə konkret müzakirələr aparılıb.

Ümumiyyətlə, son dövrlərdə münaqişənin həlli ilə bağlılığı olan dövlətlərin rəhbərləri səviyyəsində problemin həll edilməsinin vaxtının yetişməsi barədə fikirlər səslənməkdədir. Ekspertlər hesab edirlər ki, bu, deməyə əsas verir ki, beynəlxalq birlik artıq münaqişənin real nəticələrlə həll edilməsi fikrində qərarlıdır. Lakin istər həmsədr dövlətlər, istərsə də işğalçı Ermənistan tərəfindən prosesin həllində real addımların atılması hələ ki, müşahidə edilmir.

Siyasi analitiklərin fikrincə, artıq böyük dövlətlər də başa düşürlər ki, münaqişə bölgəsində status-kvonu saxlamaq mümkün deyil. Hər üç həmsədr dövlətin rəhbərliyi münaqişənin həll olunmasının zəruriliyinə dair bəyanatlar veriblər. Təbii ki, burada Azərbaycanın diplomatik fəallığı və gücü də mühüm rol oynayıb. Azərbaycan münaqişənin həlli istiqamətində real addımların atılmasının vacibliyini dünya ictimaiyyətinə qəbul etdirə bilib.

Bütün bunlarla yanaşı, siyasi şərhçilərin fikrincə, həm Ermənistanda, həm də Azərbaycanda prezident seçkilərinin başa çatmasından sonra münaqişənin həllində ciddi dəyişikliklərin baş verməsi gösləniləndir. Seçkilərdən söz düşmüşkən, onu da vurğulayaq ki, Azərbaycanda prezident seçkilərinin növbədənkənar keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin qərarı Ermənistanda ciddi narahatlıqla qarşılanıb. Erməni siyasətçilər bu qərarın Dağlıq Qarabağ münaqişəsi ilə bilavasitə əlaqəli olduğunu qeyd edir və bildirirlər ki, belə vəziyyət Ermənistan üçün arzuedilən deyil. Düşmən ölkənin siyasi ekspertləri yaranmış vəziyyətdən çıxış edərək qeyd edirlər ki, Prezident İlham Əliyevin bu qərarı göstərir ki, Azərbaycan tərəfi torpaqlarının işğaldan azad edilməsində daha səbr nümayiş etdirmək fikrində deyil.

Erməni siyasi ekspert Qraçya Qalustyan isə daha konkret və təşviş dolu şərhində bildirib ki, Azərbaycan Dağlıq Qarabağın azad edilməsi istiqamətində ciddi hərəkata başlayacaq və Putinin seçkidəki qələbəsindən sonra Rusiya da bunu dəstəkləyəcək. Q. Qalustyan vurğulayıb ki, prezident seçkilərinin vaxtının dəyişdirilməsi heç də deyildiyi kimi, iqtisadi səbəblərlə bağlı deyil: “Erməni analitiklər bu dəyişikliyi iqtisadi məsələlərə bağlamaqla ən yaxşı halda tələsdilər, yaxud da etiraf etməliyik ki, biz rəqib Azərbaycanı görmək istədiyimiz kimi təsvir etməyi xoşlayırıq... Azərbaycanda qlobal iqtisadi problem yoxdur.”Əksinə, iqtisadi artımın olduqca ciddi perspektivləri var. Ermənistanın uzun müddətdir özünə müttəfiq hesab etdiyi ölkələr bu gün Azərbaycanla səmimi münasibətlər qururlar və bu münasibətlərdə biznes əsas paya sahibdir. Tehran, Bakı və Moskva bölgədə yeni böyük nəqliyyat layihəsinin - “Şimal-Cənub” beynəlxalq dəmir yolu layihəsinin əsasını qoyur. Martda Azərbaycan və İran prezidentlərinin görüşü olacaq... Ermənistan yenə böyük gəlirlərdən təcrid olacaq, Azərbaycan isə təkcə maliyyə yox, həm də siyasi dividendlər əldə edəcək”.

Qeyd edək ki, son dövrlərin prosesləri göstərir ki, erməni analitik o qədər də haqsız deyil. Ermənistan özünün ən yaxın dəstəkçisi hesab etdiyi Rusya ictimaiyyəti tərəfindən axır zamanlarda daha çox tənqid və hətta təhqirlərlə üzləşir. Rusiya ictimai fikrində ermənilərin riyakarlığı və satqınlığı barədə düşüncələr sürətlə artır. Azərbaycanın mövqeyi isə getdikcə güclənir və təqdir edilir.