04 avqust 2020 12:51
1274

Pandemiyaya baxmayaraq sosial siyasətin prioritetləri dəyişməz qalır

Məhəbbət İbrahimova: “Sosial məsafə və şəxsi gigiyena qaydalarına lazımınca əməl edilməli, maskadan istifadə gündəlik həyat tərzimizə çevrilməlidir”

 

“Koronavirus bütün dünyanı cənginə almış bir bəladır. Bu infeksiya bir neçə ay ərfzində demək olar ki, bütün dünyaya yayılıb. Bu bəladan qorunmaq istiqamətində dünya ölkələri müxtəlif addımlar atır. Azərbaycanda da ölkə Prezidenti İlham Əliyevin tapşırıq və rəhbərliyi altında koronavirus pandemiyasına qarşı ciddi mübarizə tədbirləri dövlət səviyyəsində həyata keçirilir.  Azərbaycan pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətə nümunə olmaqdadır. Ölkədə xüsusi karantin rejiminin elan olunması,  modul tipli xəstəxanaların sürətlə tikilib istifadəyə verilməsi, zərərçəkmiş sahibkarlıq subyektlərinin dövlət tərəfindən maliyyə yardımı və güzəştli kreditlərlə təmin edilməsi, vergi tətilləri və güzəştlərinin tətbiq olunması Azərbaycanın bu sahədə nailliyətlərinin bariz nümunəsidir.”

Bu fikirləri “İki sahil”ə açıqlamasında YAP Qadınlar Şurasının sədr müavini Məhəbbət İbrahimova bildirib.

Məhəbbət İbrahimova qeyd edib ki, Azərbaycan dövləti koronavirus infeksiyasının fəsadlarından qorunmaq üçün vaxtında preventiv addımlar atıb, profilaktik və sistemli tədbirlər həyata keçirilib. Dövlətimiz tərəfindən bütün qüvvələr səfərbər edilib ki, xalqımız bu bəladan az zərər və itki ilə çıxa bilsin. Azərbaycan təcrübəsi pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətə nümunə göztərilir.

Azərbaycanda COVİD-19 pandemiyası ilə mübarizədə ÜST-ün tələblərinə müvafiq olaraq atılan addımlar artıq öz bəhrəsini verməkdədir. Son günlərin statistikasına nəzər salsaq koronaviusa yoluxanların sayının azalması, sağalan və evə buraxılan xəstələrin sayında artım dinamikası və xəstəliklə mübarizədə effektiv üsulların tətbiq olunması dövlətimizin dünyanı cənginə alan bu problemlə mübarizədə tam ayıq olduğunu və doğru qərarlar qəbul etdiyini bir daha təsdiq edir.

Məhəbbət İbrahimova vurğuladı ki, hazırda Azərbaycanda koronavirusla mübarizə çərçivəsində əsas vəzifə xəstəliyin yayılmasının qarşısını almaq, bu sahədə müsbət tendensiyanı qorumaq və yoluxma hallarının azalmasına nail olmaqdır. Müşahidələr göstərir ki, karantin rejimi sərtləşdiriləndən sonra yeni yoluxma hallarında kəskin artım dinamikası dayanıb. Ümumilikdə, qaydaların sərtləşdirilməsi ilkin dövrlərdə də aparılıb və həmin vaxt müsbət nəticələr əldə edilib. Lakin bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da qaydaların yumşaldılması koronavirusla bağlı statistikanın təhlükəli qrafik üzrə artımına səbəb olub. Yoluxma və ölüm hallarının artımı isə karantin rejiminin yenidən bərpası ilə nəticələnib. Təcrübələrdən də göründüyü kimi, yeni yoluxmaların qarşısını almaq üçün yeganə sınaqdan çıxmış vasitə karantin və məhdudiyyətlərin tətbiq olunmasıdır. Bu mənada, təbii ki, cəmiyyətin xəstəliyə qarşı effektiv mübarizəsi üçün karantin və məhdudiyyətlərə, onun müddətinin davam etməsinə hazır olması lazımdır.

M.İbrahimova diqqətə çatdırdı ki , hələ də xəstəxanalarımızda yüzlərlə virusa yoluxan vətəndaşlarımız müalicə alırlar. Əgər, qəbul olunan qaydalara riayət etsək, tibbi göstərişləri düzgün olaraq həyata keçirsək, özümüzün və ətrafımızdakıların sağlamlığını düşünsək, yalnız ehtiyac olduğu təqdirdə yaşayış yerlərini tərk etsək pandemiya ilə mübarizədə qalib gələ bilərik. Dövlət başçısı İlham Əliyev də çıxışlarında bildirir ki, karantin rejiminin qaydalarına riayət etmək hamımızın vətəndaşlıq borcudur. Belə ki, sosial məsafə və şəxsi gigiyena qaydalarına lazımınca əməl edilməli, maskadan istifadə gündəlik həyat tərzimizə çevrilməlidir.

Məhəbbət İbrahimova xüsusi olaraq vurğuladı ki, bu gün Azərbaycan dünyanın ən sabit və təhlükəsiz ölkələrindən biridir. Təsadüfi deyil ki, bir sıra beynəlxalq ekspertlər Azərbaycanı sabitlik adası adlandırırlar. İstər demokratik dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşması, istərsə də söz azadlığının və insan hüquqlarının qorunması sahəsində qazanılan uğurlar Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsidir. Azərbaycanda həyata keçirilən nümunəvi sosial siyasətin ən səciyyəvi cəhətlərindən biri odur ki, ölkəmizdə ədalətli resurs bölgüsü təmin edilir və qayğıya ehtiyacı olan bütün insanlar dövlət tərəfindən dəstəklənirlər. Bu kontekstdə respublikamızda dövlət başçısının siyasi iradəsi əsasında şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, məcburi köçkün soydaşlarımıza göstərilən qayğı diqqəti xüsusi olaraq cəlb edir. Azərbaycanda həssas qruplardan olan insanların güzəşt və imtiyazlarının ildən-ilə daha da artırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bütövlükdə, pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, Azərbaycanda həyata keçirilən sosial siyasətin prioritetləri dəyişməz olaraq qalır.

Sonda Məhəbbət İbrahimova bildirdi ki, hər bir vətəndaş sosial məsuliyyətindən irəli gələrək, dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək olmalı, Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməlidir. Ölkə vətəndaşlarının səbr və təmkinli davranışı, karantin qaydalarına riayət etmələri ilə təhlükəli vürusun məhv olmasına nail ola bilərik.

Şəmsiyyə Əliqızı, «İki sahil»