02 noyabr 2020 18:36
1052

Prezident xalqımızın ən böyük arzularını gerçəkləşdirən şəxsiyyət kimi adını əbədi olaraq tarixə yazdı

Dövlətimizin başçısı bildirir ki, dünyadakı güclər mərkəzi dəyişsə də  bizim strateji hədəflərimiz dəyişməz olaraq qalır: Müstəqilliyi möhkəmləndirmək, müstəqil siyasətə sadiq olmaq, heç vaxt heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək, öz qürurumuzu saxlamaq, qorumaq və ərazi bütövlüyümüzü bərpa etmək

Bütün sahələrdə davamlı uğurlara imza atan, təcrübəsi nümunə göstərilən Azərbaycanın yeganə problemi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. 29 illik müstəqillik tarixinə malik olan ölkəmiz 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra  yürütdüyü uğurlu, düşünülmüş və məqsədyönlü siyasət nəticəsində inkişaf strategiyasını düzgün müəyyənləşdirərək davamlı uğurlar üçün möhkəm təməl formalaşdırdı. Hər bir ölkənin inkişafında iqtisadi tərəqqinin rolunu önə çəkən Ümummilli Lider dünya təcrübəsinə istinadən bildirirdi ki, heç bir dövlət qarşılıqlı təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. Ulu Öndərin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi də  uzaqgörən siyasətinin nəticəsi idi. 1994-cü il sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişinin imzalanması ilə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. Azərbaycan bu sazişin imzalanması ilə  iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirdi, yeni dostlar və tərəfdaşlar qazandı. Məhz “Əsrin müqaviləsi”nin imzalanmasının 23 illiyində, 2017-ci ildə” “Yeni əsrin müqaviləsi”nin imzalanması, 2018-ci ildə beynəlxalq əməkdaşlığın əsası kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin rəsmi açılışı, həmin ilin iyun ayında bu layihənin əsas tərkib hissələrindən olan TANAP-ın istifadəyə verlməsi və sair kimi biri-birindən əhəmiyyətli  addımlar Azərbaycanın bugününə və gələcəyinə hesablanmış inkişaf strategiyasının nəticələridir.

   Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılmasına geniş imkanlar yaratdı. Belə ki, Ümummilli Liderin xarici ölkələrə elə bir səfəri yox idi ki, Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti barədə ətraflı məlumat verilməsin, erməni yalanları ifşa edilməsin. Ulu öndər Heydər Əliyev bu məqamı da xüsusi qeyd edirdi ki, müstəqillik yollarında ilk addımlarını atan hər bir dövlətin qarşısında dayanan əsas məsələlərdən biri  ikitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin qurulması və inkişaf etdirilməsidir. Diasporu bir dövlətin xaricdəki varlığı kimi qəbul edən Ümummilli Lider diaspor quruculuğu istiqamətində mühüm addımlar atdı, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın vahid mərkəzdən idarə olunması üçün 2001-ci ildə  Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsinə nail oldu. Artıq o zamandan hər  beş ildən bir Dünya azərbaycanlılarının qurultayları keçirilir.

  Azərbaycanın 1993-cü ildən 2003-cü ilə qədərki dövrə qədər keçdiyi yolun təhlili belə bir ümumiləşdirməni aparmağa əsas verir ki, möhkəm təməl növbəti uğurların açarıdır. Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərindən bəhs edərkən onun cənab İlham Əliyev kimi xalqını, dövlətini sevən, praqmatik düşüncəli, yenilikçi, dövrün, zamanın tələblərinə uyğun təkmilləşməni həyata keçirilən siyasətin önündə saxlayan lider yetişdirib və son 17 ildə Azərbaycanı daha böyük zirvələrə yüksəldir.    

   Prezident İlham Əliyevin son 17 ildə gördüyü işlərə, əldə olunan uğurlara diqqət yetirdikdə onun  qurucu lider kimi obrazını daha aydın şəkildə görür və böyük qürur hissi keçiririk. Cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas prioritetləri davamlı iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın sosial dövlət kimi dünyaya təqdimatı, demokratik inkişafın sürətləndirilməsi,  həqiqətlərimizin təbliği, beynəlxalq hüquq normaları çərçivəsində ədalətin bərpa olunması, soydaşlarımızın doğma yurd-yuvalarına qayıtması, işğal altında olan torpaqlarımızda yeni həyatın başlamasıdır.

   Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən hücumlarına cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatı həyata keçirməsi nəticəsində bu günədək 200-ə yaxın yaşayış məntəqəsinin, 4 şəhərin, 3 qəsəbənin işğaldan azad edilməsi qürurvericidir. Artıq Silahlı Qüvvələrimiz dünya dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların 30 ilə yaxın müddətdə bərpa edə bilmədiyi ədaləti bərpa edir, BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrini həyata keçirir. Dövlətimizin başçısı İlham Əliyevin xarici mətbuata hər bir müsahibəsi ölkə Prezidentinin mövqeyinin, qətiyyətinin, iradəsinin, dövləti, xalqı üçün şəksiz lider olduğunun aydın mənzərəsini yaradır. 

   Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində cənab İlham Əliyev “İnşallah. Yəqin ki, Qarabağı azad etmək rəhmətlik atanızın vəsiyyətidir. Vəsiyyətini də yeri gəlmişkən Sizdən öyrənmək istərdik. Vəsiyyətini hazırda həqiqətən yerinə yetirirsiniz. Sizi də, Azərbaycan xalqını da Türkiyə xalqı adından təbrik edirik. Atanızın vəsiyyəti barədə nə söyləmək istəyirsiniz» sualına cavabında bildirmişdir ki, bilirsiniz, mən hər zaman çalışmışam ki, atamın yoluna sadiq olum. 2003-cü ildə ilk dəfə Azərbaycan xalqı mənə etimad göstərəndə seçkilərdən əvvəl mən demişdim ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, mən Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm. Şadam ki, sözümə sadiq oldum, sözümü tutdum. Bu gün Azərbaycanın sürətli və uğurlu inkişafı, beynəlxalq müstəvidə böyük hörmətə malik olması, ölkə daxilində sosial, iqtisadi, digər problemlərin həlli, böyük layihələrin həyata keçirilməsi, əlbəttə ki, Heydər Əliyev yolunun davamıdır.

«Təbii ki, dünya dəyişir. Dünyadakı güclər nisbəti də dəyişir. Bugünkü dünya 2003-cü ildəki dünya ilə əlbəttə ki, müqayisə edilə bilməz» söyləyən cənab İlham Əliyev onu da əlavə etmişdir ki, ancaq bizim strateji hədəflərimiz dəyişməz olaraq qalır: «O da müstəqilliyi möhkəmləndirmək, müstəqil siyasətə sadiq olmaq, heç vaxt heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək, öz qürurumuzu saxlamaq, qorumaq və ərazi bütövlüyümüzü bərpa etməkdir. Yəni, qısa desəm, atamın vəsiyyəti bundan ibarətdir.»

  Dövlətimizin başçısı qeyd olunan suala cavabında «Əlbəttə ki, ərazi bütövlüyümüzün bərpası bizim üçün bir nömrəli vəzifədir. Biz buna nail olmaq üçün böyük səy göstərdik - siyasi, iqtisadi, diplomatik, hərbi. Bizim ordumuz faktiki olaraq yenidən quruldu» söyləyərək qeyd etmişdir ki,  bu gün ordumuzun potensialı bütün dünyanın gözü önündədir: «Mənə verilən məlumata görə, inkişaf etmiş bəzi ölkələrin hərbi mütəxəssisləri də artıq bizim təcrübəmizi öyrənirlər. Mən əminəm ki, bu təcrübə kitablarda da, tədqiqatlarda da əksini tapacaq. Ona görə atamın yoluna sadiq qalaraq bu şərəfli missiyanı icra edirik. İnşallah, sona qədər başa çatdıracağıq.»

   Cənab İlham Əliyevin bu fikirlərinin davamı olaraq Rusiyanın RİA Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibəsində  «Cənab Prezident, bu müharibə öz qəddarlığına görə artıq tarixə düşüb və Siz artıq bu müharibənin tarixinin bir hissəsisiniz. Siz tarixdə necə qalmaq istərdiniz» sualına cavabı da çox maraqlı və qürur doğurandır. Dövlətimizin başçısı İlham Əliyev cavabında əksini tapan fikirlər bir daha onun dövlətinin, xalqının  gələcəyi üçün necə çalışdığını nümayiş etdirir. «Bilirsiniz, hər bir müharibə qəddarlıq, qurbanlar, insanların iztirabları, yaxın adamların itirilməsi deməkdir. Fərq ondadır ki, Azərbaycan xalqı üçün bu müharibə azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq müharibəsidir» söyləyən cənab İlham Əliyev bildirmişdir ki,  bu gün Ermənistanın işğalçı qüvvələri Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərindədir: «Buna heç nə ilə haqq qazandırmaq olmaz- istər beynəlxalq hüquq baxımından, istərsə də bəşəri əxlaq baxımından. Başa düşürsünüzmü, 30 il ərzində azərbaycanlıların öz əzəli torpaqlarına buraxılmaması siyasətini yürütmək mümkün deyil. Axı, erməni əhalisi bu ərazilərdə heç vaxt yaşamayıb. Başqa bir məsələ də var ki, orada hər şey dağıdılıb, oraya qayıtmaq üçün çox böyük qüvvə və vaxt sərf etmək lazımdır. Ermənilərin bu siyasətinə heç cür haqq qazandırmaq olmaz. Ona görə ki, bizim hərbi qulluqçular Azərbaycan torpağında döyüşür və həlak olur. Erməni hərbi qulluqçular isə onların hökumətinin işğal altında saxlamaq istədiyi torpaqda həlak olurlar.»

«Tarixdə rol məsələsinə gəldikdə isə, bilirsiniz, mən əvvəllər heç vaxt, indi isə xüsusən bu barədə düşünməmişəm» söyləyərək qeyd etmişdir ki,  mənim əsas amalım Azərbaycan xalqının etimadını doğrultmaq, bu vəzifədə olduğum bütün illər ərzində verdiyim vədləri yerinə yetirmək və ölkəni inkişaf yolu ilə aparmaq, onun ərazi bütövlüyünü təmin etməkdir: «Mənim rolumun gələcəkdə necə qiymətləndiriləcəyi isə artıq bizim nəyə nail olacağımızdan, Azərbaycan xalqının iradəsindən asılı olaraq müəyyən ediləcək. Ona görə düşünürəm ki, bu məsələni o adamların mülahizəsinə saxlamaq lazımdır ki, onların fikri məndən ötrü bu və ya digər qərarların, o cümlədən Dağlıq Qarabağ məsələsi ilə bağlı qərarların qəbul edilməsində həmişə əsas olub.»

  Təkcə iki müsahibə çərçivəsində söylənilən fikirlər Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin prioritetlərini açıqlayır. Son 17 ildə Prezident İlham Əliyev  müasir dövlət quruculuğunu öz siyasətinin prioriteti elan etdi, ölkənin ümumi inkişaf strategiyasını müasir dövrün tələblərinə uyğunlaşdıraraq uğurla həyata keçirdi. Ölkənin iqtisadi sistemi yenidən quruldu, güclü iqtisadi potensial yaradıldı. Karbohidrogen ehtiyatların hasilatı və ixracı istiqamətində inqilabi addımlar atıldı, Azərbaycanın siyasi və iqtisadi maraqları uzlaşdırıldı, ölkəmizin prioritetləri  beynəlxalq gündəmin bir istiqamətinə çevrildi. Ölkənin artan imkanları insan kapitalının formalaşmasına, əhalinin sosial təminatının, xalqın rifahının daha da yüksəlməsinə yönəldildi, Azərbaycan nümunəvi sosial siyasət həyata keçirən dövlətə çevrildi. Ölkənin idarəetmə sistemi təkmilləşdirildi, yeni kadr siyasəti idarəetmədə nöqsanları, əyintiləri aradan qaldırdı, hakim komandanın monolitliyini daha da gücləndirdi, onun kreativliyini, operativliyini, müasirliyini təmin etdi. Ölkədə milli həmrəylik, xalq-iqtidar birliyi daha da gücləndi. Müasir ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı, Azərbaycan Ordusu dünyanın 50 ən güclü orduları sırasına daxil oldu. Bu gün Azərbaycan Ordusunun uğurları Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir. Bu gün Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşib, ona sonsuz etimad, inam, dəstək nümayiş etdirir. Prezident İlham Əliyev uzaqgörənlik, vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq, dönməzlik rəmzidir. Dövlətimizin başçısı bütün çətinliklərə, xarici qüvvələrin təzyiqinə cəsarətlə sinə gərir, onları dəf edir, Azərbaycan xalqının haqq işi uğrunda əsl fədakarlıq nümunəsi ortaya qoyur. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev son 500 ildə tarixi torpaqlarını ardıcıl şəkildə itirməyə məhkum olmuş Azərbaycan xalqının milli mənliyini, gücünü özünə qaytardı, tarixi ədaləti bərpa etdi. Cənab İlham Əliyev qurucu lider, müzəffər sərkərdə və xalqımızın ən böyük arzularını gerçəkləşdirən şəxsiyyət kimi adını əbədi olaraq tarixə yazdı.

  Qısa təhlil əsasında  bu fikri böyük inam və qətiyyətlə bildiririk ki, xalqımızın Prezidentinə sevgisi şəksizdir, həyata keçirilən siyasəti, irəli sürdüyü bütün təşəbbüsləri dəstəkləyir, ətrafında sıx birləşərək yeni-yeni hədəflərə doğru inamla addımlayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı qarşıdakı illərdə daha möhtəşəm uğurlar gözləyir. Üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağı gün hər saniyə yaxınlaşır.

Yeganə Əliyeva, «İki sahil»