22 oktyabr 2019 10:22
728

Qanunsuz aksiya ictimaiyyətdən heç bir dəstək almadığına görə fiaskoya uğradı

Məlum olduğu kimi, Bakı Şəhər İcra Hakimiyyəti “Milli Şura”nın mitinqinin oktyabrın 19-da, saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 May küçəsi, “Neftçi İdman Klubu”nun Qaradağ təlim-idman bazasında keçirilməsinə icazə vermişdi. “Milli Şura” təmsilçiləri isə bu qərarla razılaşmayaraq, mitinqi metronun “28 May” stansiyasının çıxışında keçirməkdə israrlı olduqlarını bəyan etmişdilər. Bununla bağlı onlar sosial şəbəkələr vasitəsilə insanlara çağırışlar edirdilər.

Görünən odur ki, “Milli Şura” məqsədyönlü şəkildə qarşıdurma yaratmaq, ölkədəki mövcud sabitliyi pozmaq istəyir. Belə ki, bir sıra ölkələrdə, o cümlədən bizə yaxın olan regionlarda gərgin proseslər gedir. İndiki belə mürəkkəb dövrdə qanunsuz aksiyalara cəhd etmək sabitliyi pozmaq niyyətindən başqa bir şey deyil. Nəzərə almaq lazımdır ki, radikal müxalifət nümayəndələri kütləvi məkanlarda aksiya keçirməklə, sadəcə olaraq, hərəkətdə olan insanları öz tərəfdarları kimi qələmə vermək istəyirlər. Dünyanın istənilən yerində heç bir mitinq, heç bir piket insanların hərəkət etdiyi, nəqliyyatın gur olduğu yerdə keçirilmir.

“Milli Şura” adlı radikal müxalif qurumun növbəti dəfə qanunazidd üsullarla hərəkət edərək Bakının mərkəzində xaos, qarşıdurma və vətəndaş itaətsizliyi yaratmaq cəhdinin qarşısı alındı”. Bu fikri “Bakı xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev qəzetimizə açıqlamasında söylədi.

A.Quliyevin sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti qanuna müvafiq olaraq Lökbatan qəsəbəsində aksiya keçirməyə icazə verdiyi halda, “Milli Şura”nın əhalinin gur hərəkət və alış-veriş etdiyi şəhərin mərkəzində qanunsuz aksiya keçirmək istəyinin fiaskoya uğrayacağı əvvəldən məlum idi: “Milli Şura” paytaxtın mərkəzi hissələrində mitinq kimi toplantılar keçirərək həm belə radikal aksiyalara xalqın heç bir rəğbət bəsləmədiyini, cəmiyyət içində kütləvi tərəfdarlarının olmadığını ört-basdır etməklə, həm də süni gərginlik və qarşıdurma səhnələri yaratmaqla beynəlxalq dairələrin diqqətini cəlb etmək istəyirdi. Planlaşdırılan qanunsuz aksiya baş tutmadığına və ictimaiyyətdən heç bir dəstək almadığına görə siyasi fiasko paytaxt sakinlərinin və qonaqların gözləri qarşısında baş verdi. Radikal aksiyalarla siyasi məqsədlərə yetişməyin Azərbaycan praktikasında 25-30 il əvvəllərdə qaldığını cəmiyyətimiz “Milli Şura”ya bir daha göstərdi. Sübut olundu ki, “Milli Şura” qanunsuz siyasi davranışlar üzərində inadkarlıq etdikcə, özünü cəmiyyətdən bir o qədər uzaqlaşdırır”.

A.Quliyev qeyd etdi ki, radikal müxalifətin 19 oktyabrdakı fiaskosunun başqa bir özəlliyi onu əvvəlki uğursuzluqlardan bir qədər fərqləndirir: “Belə ki, radikallar indiyə qədərki aksiyaları əsasən seçki və digər siyasi tələblər üzərində keçirirdilər. Cəmiyyət indiyədək onların siyasi niyyətlərinə heç bir dəstək vermədiyini açıq göstərsə də, ambisiyalar onlara doğru nəticə çıxarmağa imkan vermədi. Oktyabrın 19-da radikal müxalifətçilər sosial şüarlarla xalqın diqqətini çəkməyə ümid etsələr də, bu, yenə uğursuz oldu. Bu ilin yanvarından indiyədək radikal qrupların kütləvi aksiyalar keçirmək sahəsində dalbadal fiaskoya uğramaları birmənalı olaraq sübut edir ki, cəmiyyət onların sosial və siyasi tələblərini adi populizm nümunəsi sayır, ciddi qəbul etmir. Müxalifətin sosial tələblərlə aksiya keçirmək kimi taktika dəyişikliyi də nəticə vermədi. Radikalların sosial aksiya keçirmək cəhdinin iflasa uğraması başqa bir cəhətdən də diqqət cəlb edən hadisədir. Bəllidir ki, bu ilin əvvəlindən hakimiyyət iki böyük mərhələdən ibarət sosial islahatlar paketi həyata keçirib və prosesin davam etdirilməsinə yönəlik möhkəm iradə var. 4 milyon 200 mindən artıq Azərbaycan vətəndaşı bu paketlərin birbaşa faydasını görür. Müxalifətin 19 oktyabrda sosial aksiyasının iflası həm də hakimiyyətin sosial islahatlar siyasətinə cəmiyyətin inandığını və buna alternativ tanımadığını nümayiş etdirdi”.

Cavid Əkbərov, “İki sahil”