16 mart 2020 20:08
2796

Qanunvericilik bazasını qarşımızda dayanan hədəflərlə uzlaşdırmalıyıq

Dövlətimizin başçısı İlham Əliyevin altıncı çağırış Milli Məclisin ilk iclasında ölkəmizin hərtərəfli inkişafına yönələn hədəflərə çatmaq üçün bütün sahələrdə hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı çağırışları deputatların qarşısında məsuliyyət hissini daha da artırmaq tələbini qoyur

Bu gün Azərbaycanın inkişafın hansı mərhələsində olduğu göz önündədir. Dövrün, zamanın tələbinə uyğun olaraq islahatların təkmilləşdirilməsi, bu prosesin hakimiyyətin hər üç qolunu-icra, qanunvericilik və məhkəmə-hüquq sistemini əhatə etməsi ölkənin hərtərəfli inkişafını daha da sürətləndirir, yeni-yeni hədəflərin müəyyənləşdirilməsini bir tələbə çevirir.

Bu günlərdə altıncı çağırış Milli Məclisin ilk iclası bütün sahələrdə əldə olunan uğurların təqdimatında əhəmiyyətli rol oynamaqla yanaşı, qanunvericilik bazasının təkmilləşdirilməsinin zəruriliyinə də işıq saldı. “İslahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, kadr islahatları aparılır. Prezident Administrasiyası, Nazirlər Kabineti yeni tərkibdə formalaşmışdır. Hazırda Nazirlər Kabineti daha operativ və çevik fəaliyyət göstərir. Nazirliklərdə, yerli icra orqanlarında islahatlar aparılır və aparılacaq: “Bundan sonra da təmizləmə işləri aparılacaqdır, həm mərkəzi, həm də yerli icra orqanlarında, bütün dövlət qurumlarında. Mən demişəm, bir daha demək istəyirəm ki, əgər kimsə dövlət işində işləmək istəyirsə, onun niyyəti də, əməlləri də təmiz olmalıdır. Əgər hansısa bir adam özündə bu xüsusiyyətləri görmürsə, o, dövlət işindən getsin, sabah bədbəxt olmasın.”

Ölkə Prezidenti islahatların dərinləşməsinin parlamentdən yan keçə bilməzliyini də xüsusi qeyd edərək bu inamı ifadə etmişdir ki, yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcək. Deputatların qarşısında ilk növbədə qanunvericilik sahəsində böyük vəzifələr durur: “Çünki parlamentin əsas işi qanunvericilikdir. Mənim tövsiyəm ondan ibarətdir ki, nəinki kəmiyyətə, daha çox keyfiyyətə fikir verilsin. Çünki mövcud olan qanunların təkmilləşdirilməsinə baxmaq, onları təftiş etmək lazımdır. İcra strukturlarına mənim tərəfimdən göstəriş verilmişdir ki, qəbul edilmiş qanunların icrası nə yerdədir. Biz bir çox gözəl qanunlar qəbul edirik, eyni zamanda, Prezident tərəfindən bir çox önəmli sərəncamlar imzalanır, ancaq onların icrasına nəzarət lazımi səviyyədə deyil... Hesab edirəm ki, Milli Məclis, deputatlar da bu işlərlə məşğul olmalıdırlar.” Dövlətimizin başçısı qanunvericilik bazasını qarşımızda duran hədəflərlə uzlaşdırmağın vacibliyini şərtləndirən amilləri diqqətə çatdıraraq bildirmişdir ki, həyat yerində durmur, yeni çağırışlar, yeni problemlər üzə çıxır. Yeni qəbul ediləcək qanunların əsas mahiyyəti islahatları dərinləşdirməkdir. Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün qanunvericilik təşəbbüsləri olmalı, iqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir.

Təbii ki, hər bir qanunun arxasında Azərbaycanda dövlət quruculuğunu təmin etmək, iqtisadi, siyasi, sosial islahatları həyata keçirmək məsələləri dayanır. Ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması hərtərəfli inkişafı daha da sürətləndirir. Konstitusiyanın qəbulundan ötən 24 ildən artıq dövr ərzində ali sənədə üç dəfə əlavə və dəyişikliklərin edilməsi məqsədilə ümumxalq səsverməsinin keçirilməsi də deyilənlərin bariz nümunəsidir. Hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun təmin edilməsi, çoxpartiyalılığa, müxtəlif siyasi cərəyanların ideyalarının azad ifadə olunmasına əsaslanan siyasi sistemin yaradılması, vətəndaş hüquqlarının qorunmasına yönələn təsisatların formalaşması, eyni zamanda, müasir bazar münasibətlərinə əsaslanan iqtisadiyyatın qurulması prosesi uğurla həyata keçirilir. Ötən bu illər ərzində Milli Məclisdə qəbul olunan minlərlə qanun və qərarlar ölkəmizin ayrı-ayrı sahələrinin inkişafına xidmət etməklə, ümumilikdə hədəflərin gerçəkləşməsində stimulverici amil rolunu oynayır. Qeyd olunan iclasda dövlətimizin başçısı İlham Əliyev beşinci çağırış Milli Məclisin fəaliyyətini yüksək dəyərləndirərək bildirmişdir ki, parlament, onun deputatları, rəhbərliyi ölkəmizin uğurlu inkişafı istiqamətində böyük rol oynamış, qəbul edilmiş qanunlar uğurlu inkişafımızın hüquqi bazasını gücləndirmişdir. Bu əminlik ifadə edilmişdir ki, altıncı çağırış Milli Məclis də uğurla fəaliyyət göstərəcək və beləliklə, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcək.

Demokratik cəmiyyətin mövcudluğunu təsdiqləyən amillərdən biri təbii ki, çoxpartiyalı sistemin yaradılmasıdır. Ölkəmizdə 40-dan artıq siyasi partiyanın qeydiyyatdan keçməsi, onların normal fəaliyyəti üçün lazımi şəraitin yaradılması göz önündədir. 1992-ci ildə qəbul olunan “Siyasi partiyalar haqqında” qanunun dövrün, zamanın tələblərinə cavab vermədiyini nəzərə alaraq yeni “Siyasi partiyalar haqqında” qanunun qəbul olunması da deyilənlərin bariz nümunəsidir. Ölkəmizdə keçirilən seçki proseslərində müxtəlif siyasi partiyaların iştirakı, həmçinin onları təmsil edən namizədlərin qatılması, heç bir ayrı-seçkiliyə yol vermədən seçkilərin bütün mərhələrində eyni şəraitin yaradılması da günümüzün reallıqları sırasındadır. Məlum olduğu kimi, 9 fevral növbədənkənar parlament seçkilərində 20-yə yaxın siyasi partiya iştirak etmişdir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, alıtıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir. Bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb. Bu, demokratiyanın inkişafında önəmli addımdır.

Əvvəldə də qeyd etdiyimiz kimi, ölkədə iqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması davamlı inkişafın əsasıdır. Bu gün böyük inam hissi ilə qeyd edirik ki, Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. Ölkəmizin iqtisadi inkişaf modeli hazırda bütün dünyada təqdir olunur. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi yeni inkişaf konsepsiyası ölkəmiz qarşısında böyük perspektivlər açır. Ölkə Prezidenti İlham Əliyev keyfiyyətcə yeni mərhələdə vətəndaş cəmiyyətinin yaradılmasını, demokratikləşmə prosesinin möhkəmlənməsini Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərt kimi dəyərləndirərək bildirir ki, siyasi və iqtisadi islahatların davam etdirilməsi zamanın tələbidir. Əgər müasir, güclü ölkə yaratmaq istəyiriksə, bunu etməliyik: “Bu işdə həm dövlətin üzərinə böyük vəzifələr düşür, eyni zamanda, Milli Məclisin üzərinə də böyük məsuliyyət düşür. Biz birlikdə buna nail olmalıyıq”.

Siyasi sistemin dünya standartları səviyyəsinə yüksəlməsi, ölkənin iqtisadi qüdrətinin artması və demokratik proseslərin dərinləşməsi məqsədilə yeni qanunların qəbulu daim öz aktuallığını qoruyur. Milli Məclis üzərinə düşən məsuliyyətli missiyanı uğurla yerinə yetirməyə, dövlətin və xalqın maraqlarını qətiyyətlə müdafiə etməyə, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mütərəqqi siyasi, iqtisadi və hüquqi islahatlara layiqli töhfəsini verməyə səy göstərir.

Bu gün Azərbaycan ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib. Qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də gücləndirir. Ölkəmizdə müasir və şəffaf idarəetmə sistemi yaradılıb. Təşəbbüskar və bilikli gənc kadrlar önə çəkilir. Beləliklə, 2018-ci ilin prezident seçkilərindən sonra başlanan islahatlar Azərbaycanda keyfiyyətcə yeni mərhələnin əsasını qoyur. Yeni islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf etmiş ölkəyə çevirmək, mövcud nöqsanları aradan qaldırmaq, vətəndaşları narahat edən problemləri həll etmək, əhalinin sosial müdafiəsini daha da gücləndirmək, daha güclü, qüdrətli dövlət qurmaqdır. Yeni parlament təkmil, dövrün, zamanın tələbinə uyğun qanunları qəbul etməklə, bütün sahələrdə hüquqi bazanının təkmilləşdirilməsinə töhfələr verməklə qarşıya qoyulan hədəflərin gerçəkləşməsinə dəstək olacaq.

Yeganə Əliyeva, “İki sahil”