KÖŞƏ

Zahid Rza

Qiymətlərin süni şəkildə artırılması cinayətdir

03 may 2019 10:31
262

Süni qiymət artımı və mal qıtlığı yaratmaqla vəziyyətdən sui-istifadə edən işbazlar, natəmiz adamlar və möhtəkirlər ciddi şəkildə cəzalandırılmalıdırlar

Azərbaycan iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsi başlayır. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə başçısı hazırda iqtisadiyyatımızda yeni inkişaf strategiyasının hazırlandığını bildirdi. Ölkə başçısı, həmçinin bildirdi ki, cəmiyyətin bütün sahələrini əhatə edən islahatlar daha da dərinləşəcək. Siyasi, iqtisadi, sosial, məhkəmə-hüquq, təhsil, səhiyyə islahatlarına dair geniş paket hazırlanaraq həyata keçiriləcək. Bütün bunlara nail olmaq üçün bizim hər cür imkanımız var. Ökəmizin  geniş maliyyə imkanları, sabitlik, xalq-iqtidar birliyi qarşıya qoyulan bütün vəzifələrin həllində mühüm amildir.

Ekspertlər qeyd edirlər ki, Azərbaycanda yeni iqtisadi inkişaf strategiyasının təməlində vətəndaşların rifah halının daha da yaxşılaşdırılması dayanacaq.  Əmək haqlarının, pensiyaların, təqaüdlərin artırılması, icbari tibbi sığortanın tətbiq edilməsi, aztəminatlı ailələrə sosial yardımların edilməsi, sosial problemlərin səmərəli formada öz həllini tapması kimi çoxsaylı prioritet istiqamətlər də daim diqqət mərkəzində olacaq.

Ölkə başçısı çalışır ki, vətəndaşlar mümkün qədər az sıxıntı yaşasınlar, hər kəs dövlət qayğısı ilə təmin olunsun. Bu sahədə dövlət üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirir. Çox təəssüf ki, bəzi işbazlar maaşların, pensiyaların, minimum əmək haqqının, təqaüdlərin artırılmasından istifadə edərək heç bir iqtisadi əsas olmadan süni qiymət artımına yol verərək öz gəlirlərini artırmaq istəyirlər. Bütün bunlar vicdansızlıq, mənəvi-əxlaqi aşınma əhalinin rifah halının yüksəldilməsi istiqamətində atılan addımların sabotaj olunmasıdır.

Prezident İlham Əliyev aprelin 30-da Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib ki, ölkəmizdə makroiqtisadi vəziyyət və manatın məzənnəsi sabitdir, inflyasiya aşağı səviyyədədir. Belə olan halda  süni qiymət artımına yol vermək olmaz.

Ölkə başçısı  qeyd edib ki, bəzi hallarda müəyyən məhsulların qiymətlərində artım olur: “Bunun heç bir əsası yoxdur. Bəzi hallarda mövsümi xarakter daşıyır. Amma bəzi hallarda qiymətlər süni şəkildə artırılır. İndi ölkə iqtisadiyyatında canlanma var. İnsanların alıcılıq qabiliyyəti artır. Biz bunu indi statistik göstəricilərdən görürük. İndi istehlak bazarına nəzarət edən qurumlar bunu görür. Maaşlar, müavinətlər artır, problemli kreditlərlə bağlı ödənişlər başlayıb. Ancaq biz imkan verə bilmərik ki, bundan hansısa natəmiz adamlar, möhtəkirlər istifadə etsinlər, qiymətləri süni şəkildə qaldırsınlar, yaxud da ki, hansısa bir inhisarçılıqla məşğul olsunlar. Ona görə istehlak qiymətlərinə daim nəzarət olmalıdır. Süni qiymət artımına qətiyyən yol verilməməlidir. Müvafiq qurumlar bu işlərlə çox ciddi məşğul olmalıdırlar”.

Bu gün aidiyyəti qurumlar ölkə başçısının qeyd etdiyi kimi, bu işlərlə çox ciddi məşğul olaraq süni qiymət artımı və mal qıtlığı yaratmaqla vəziyyətdən sui-istifadə edən işbazlar, təsərrüfat subyektləri barədə, habelə inhisarçılıq və korrupsiya kimi neqativ halların vaxtında aşkar edilərək qarşısının alınması məqsədi ilə tədbirlər həyata keçirməklə qanun pozuntularına yol vermiş şəxsləri ciddi şəkildə cəzalandırmalıdırlar.