14 iyun 2019 10:28
2554

Sevinc Osmanqızının növbəti fitnəkarlığı

Zaman-zaman fəallaşaraq respublikamıza qarşı “qara piar” kampaniyası aparan anti-Azərbaycan dairələr və onların ölkəmizdəki “5-ci kolon”u respublikamız haqqında mənfi ictimai rəy formalaşdırmağa cəhd göstərərək heç bir əsası olmayan qərəzli xəbərlər, dezinformasiya yaymağa çalışırlar.

Bu məkrli qüvvələr əsas fəaliyyətlərini sosial şəbəkələr üzərində qururlar. Hazırda ictimai-siyasi proseslərin mühüm tərkib hissəsinə çevrilmiş sosial şəbəkələr, sosial media vasitələri ictimai əhəmiyyətli problemlərin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan siyasi proseslərin subyektlərinin sosial şəbəkələrdə fikirləri və hərəkətləri də diqqəti cəlb edir.

Son vaxtlarda xaricdə erməni diasporunun, eləcə də antimilli dairələrin birbaşa təbligat ruporuna çevrilən radikal qruplar öz internet resurslarından istifadə edərək   vətəndaşları itaətsizliyə çağırır,  çirkin siyasi maraqlarına uygun spekulyasiyalar edirlər. Bu baxımdan ABŞ-da fəaliyyətini birbaşa ermənilərlə sinxronlaşdıran Sevinc Osmanqızı daha da fəallaşıb.  Onun bu günlərdə  Realliq.info saytının baş redaktoru İkram Rəhimovun konkret cinayət əməlinə görə həbsinə siyasi rəng verməsi və bu istiqamətdə spekulyasiyaları diqqətdən yayınmır.  Əvvəla, baxaq görək kimdir bu İkram Rəhimov? Bu şəxs tabeçiliyində olan şəxslərlə birlikdə “Realliq.info” və digər “reket” informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayaraq dayandırılması müqabilində pul tələb edib. Bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə dəfələrlə mətbuatda informasiyalar gedib. Onun konkret cinayət əməli törətməsi təsdiq edilib və Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

Sevinc Osmanqızının hazırda cinayətkar şəxsin müdafiəsinə qalxması da konkret olaraq bu şəbəkənin bir mərkəzdən idarə olunduğunu təsdiq edir. Həmin anti-Azərbaycan şəbəkənin məqsədi isə cinayət faktından diqqəti yayındırmaq və ənənəvi “siyasi məhbus” məsələsini gündəmə gətirməklə bundan dividend götürməyə çalışmaqdır. Şəbəkənin bu məkrli ssenarilərini Sevinc Osmanqızı vasitəsilə dövriyyəyə buraxmaları da təsadüf sayılamamalıdır.  “Siyasi məhbus” məsələsini özləri üçün  biznes sahəsinə çevirən, varlanmaq, qrant almaq ehtirası ilə yanan, eyni zamanda, dünya ictimaiyyətinin diqqətini cəlb etmək istəyən, özlərindən “demokratik” obraz yaratmağa cəhd edən bu mənafe qruplarının növbəti addımları onların qaragüruh xislətini bir daha göstərdi. Görünən budur ki, xarici təxribatçı, ermənipərəst dairələrin dəstəyi ilə bu mövzunu ortaya atmaqla destruktiv, antimilli fəaliyyətlərini artırmaq üçün bolluca qrant alıblar. Sorosun mənəvi qızı sayılan Sevinc Osmanqızının hazırda irəli verilməsi bu siyasi oyunun mahiyyətini çılpaqlığı ilə ortaya qoydu.

Anti-Azərbaycan “Siyasi məhbus” və Avropadan sığınacaq almaq istəyən “siyasi fəallar” üzərindən alver etməsi bugünün məsələsi deyil. Avropadan sığınacaq almaq istəyənlərə saxta partiya bileti və ya üzvlük haqqında arayış verən AXCP sədri Əli Kərimli, eyni zamanda, onlar üçün digər saxta dəlillərin (guya polis zorakılığını əks etdirən şəkillər, yalançı məhbusluq həyatı və s.) hazırlanması işində də fəal iştirak edib. Bu gün də həmin izlər aydın görünür.

Beləliklə, Azərbaycan dövlətinin əleyhinə həyata keçirilən bütün çirkinliklərin içindən Əli Kərimli və onun Avropada, ABŞ-dakı qrantdaşları dayanır. Sevinc Osmanqızı, Əli Kərimli, Orduxan Teymurxan və digər radikal qrupları bir amal birləşdirir: öz şəxsi maraqları naminə Azərbaycanı qurban vermək...

Zahid Rza, “İki sahil”