27 may 2019 16:32
1470

“SOCAR AQS” “Günəşli”də daha bir quyuda qazma işlərinə başlayıb

“SOCAR AQŞ” Xəzərdə 4 neft və qaz yatağında, o cümlədən dayazsulu “Günəşli”, “Qərbi Abşeron”, “Ümid” və “Bulla” yataqlarında mövcud olan 5 platformada 6 qazma qurğusu vasitəsilə qazma işlərini aparır. Kompleks qazma və quyu xidmətləri göstərən “SOCAR AQŞ” bu günlərdə 7 saylı stasionar dəniz özülündən faktiki dərinliyi 2713 metr olan 339 nömrəli quyunun tikintisi işlərini təhlükəsiz, keyfiyyətlə, vaxtından tez və ətraf mühitə heç bir ziyan vurmadan uğurla yekunlaşdırıb.

Müəssisə, eyni zamanda, 7 saylı özüldən layihə dərinliyi 4150 metr olan Qala lay dəstəsinə qazılan 38 nömrəli kəşfiyyat quyusunda və layihə dərinliyi 2670 metr olan Balaxanı lay dəstəsi –X  horizonta qazılan 342 nömrəli quyuda qazma işlərinə start verib.

Qeyd edək ki, müəssisə 7 saylı stasionar dəniz özülündə, eyni zamanda, iki qazma qurğusundan istifadə edərək quyu tikintisi işlərini davam etdirir. “SOCAR AQŞ” “Günəşli” yatağında “Hong Hua ZJ 70/4500 DZ” qazma qurğusu vasitəsilə özüldən 38 və eyni özüldə ikinci qazma qurğusu, yeni nəsil qazma avadanlığı olan “Bentec 3000 HP” vasitəsilə 342 nömrəli quyuların qazılmasını həyata keçirir.

Bununla yanaşı, “SOCAR AQS” sifarişçisi SOCAR-ın “Azneft” İstehsalat Birliyi olan dayazsulu “Günəşli” yatağında 11 saylı özüldən 346 nömrəli quyuda qazma işlərinə başlayıb.

Qeyd edək ki, 346 nömrəli quyunun Fasilə lay dəstəsinə qazılması planlaşdırılır və        quyunun layihə dərinliyi 3550 metr təşkil edir. 

Dəyərlərinə daim sadiq qalan “SOCAR AQŞ” həmişə olduğu kimi, bu və növbəti quyuları da sağlamlıq, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcək.

Orxan Vahidoğlu, “İki sahil”