Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
27 oktyabr 2020 13:35
756

"SOCAR AQŞ"yə yeni baş direktor təyin edilib

"SOCAR AQŞ" MMC-nin təsisçilərinin ümumi yığıncağının qərarı ilə Ramın İsayev müəssisənin baş direktoru vəzifəsindən azad edilib.

Şirkətdən "İki sahil"ə verilən məlumata görə, təsisçilərinin qərarına əsasən Samir Mollayev müəssisənin yeni Baş direktoru təyin edilib.

Samir Mollayev yeni təyinatından öncə SOCAR AQŞ-nin səhmdarlarından biri olan Nobel Oil Services şirkətlər qrupunda Qazma Biznesi üzrə Baş Əməliyyat Direktoru vəzifəsində çalışıb. Bu vəzifədə şirkətlər qrupunun qazma biznesinin inkişafı istiqamətində müxtəlif layihələrinin, o cümlədən Nobel Oil Services şirkətinin Qazaxıstanda “Evrika Oleum” şirkətinin neft yatağında quyuların qazılması üzrə idarəetmə xidmətləri və digər layihələrin iştirakçısı olub.

Neft-qaz sənayesi üzrə peşəkar karyerasına 2006-cı ildə Schlumberger şirkətində Quyuların Yoxlanılması Mühəndisi vəzifəsində başlayan Samir Mollayev daha sonra Birləşmiş Krallıqda və Danimarkada Baş Sahə Mühəndisi kimi çalışıb. 2009-cu ildən BP şirkətində “Quyuların qazılması, tamamlanması, test edilməsi, təmiri, geoloji-texniki işlər və quyuların kompleks mühəndislik xidmətləri’’ komandasının yuxarı rəhbəri vəzifəsində çalışan S. Mollayev 2010/2011-ci illərdə ABŞ-da müxtəlif beynəlxalq layihələrdə uğurla iştirak edərək liderlik bacarıqlarını əhəmiyyətli dərəcədə inkişaf etdirib.

"SOCAR AQŞ" MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi 2007-ci ildə təsis edilib. "SOCAR AQŞ" həm Xəzərin Azərbaycan sektorunda, həm də Türkiyədə həyata keçirdiyi qazma əməliyyatlarını uğurla davam etdirir.