27 noyabr 2019 16:52
1500

SOCAR əməkdaşları üçün təlimlər - FOTO

Dənizdə sağqalmaya və insan həyatının təhlükəsizliyinə dair praktiki təlimlər SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə Təlim Mərkəzində keçirilir

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə Təlim Mərkəzində SOCAR əməkdaşları üçün dənizdə sağqalmaya və insan həyatının təhlükəsizliyinə dair praktiki təlimlər keçirilir. Təlimlərin əsas məqsədi dənizdə neft sənayesində çalışan insanlara müxtəlif qəzalar, fəlakətlər zamanı düzgün fəaliyyət göstərməyin üsullarının öyrədilməsi, lazımi vərdişlərin aşılanması və nəticə etibarilə, həyatın qorunub saxlanmasıdır.

Hovuz Təlim Kompleksində təşkil edilən praktiki təlimlərdə Mərkəzin uzun müddət dənizdə çalışmış təcrübəli müəllimləri tərəfindən dinləyicilərə fərdi və kollektiv xilasetmə vasitələrinin (xileasedici jilet, dairə, sal) yeri, növləri, yoxlanılması, geyinilməsi və istifadəsinə dair təlimatlar verilir və praktik təlimlər keçirilir.

Dinləyicilər helikopter bucurğadından istifadə, hündürlükdən suya tullanma, çevrilmiş salın ilkin vəziyyətə gətirilməsi, xilasedici sala minmə, suda və salda olan zaman görülməli tədbirlər və digər təxliyə üsullarına dair bilik, bacarıq və səriştəliklərini praktik olaraq nümayiş etdirirlər.

Qəzalı obyektdən təxliyə olunma üzrə keçirilən məşqlərdə dinləyicilərə həyatı xilas etmək üçün fərdi xilasetmə vasitələrinin müxtəlif növlərində suya düzgün tullanma, suda kollektiv şəkildə qalmaq üçün “ulduz” və hərəkət etmək üçün “zəncir” fiqurlarının yaradılması, kollektiv xilasetmə vasitəsi olan xilasedici sala daxil olma və yerləşmə qaydaları öyrədilir. Sonra helikopter bucurğadından istifadə edərək, dinləyicilər saldan və sudan helikopterə təxliyə olunmanı praktiki olaraq öyrənirlər.

Bundan əlavə, dənizdə suya yıxılan və huşsuz halda olan insanın xisasedici dairədən istifadə edərək xilas olunması da dinləyicilərə məşq etdirilir, xilasedici dairənin düzgün atılması, geyinilməsi, huşsuz və ya boğulan insanın nəql edilməsi üsulları öyrədilir.

Qeyd edək ki, təlimlər Beynəlxalq Dəniz Təşkilatının (IMO) müvafiq Konvensiyalarının (SOLAS-74, STCW-78) və Qətnaməsinin (Qətnamə A.1079 (28)) standartlarının tələbləri çərçivəsində həyata keçirilir.

Orxan Vahidoğlu, “İki sahil”