07 iyun 2019 12:58
320

SOCAR-ın təlim mərkəzlərinə şagird qəbulu üçün müsabiqə keçirilir

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzi və Kadr hazırlığının təşkili Mərkəzinə şagird qəbulu üçün müsabiqə keçirilir.

Bu barədə SOCAR məlumat yayıb.

Bildirilir ki, müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan Respublikasının vətəndaşı olmalı, sentyabrın 15-dək 29 yaşı tamam olmamalıdır. Hazırda təhsilini davam etdirən və ali təhsili olan gənclər müsabiqəyə müraciət edə bilməzlər. Müsabiqədə iştirak etmək istəyən kişilərin həqiqi hərbi xidmət keçməsindən asılı olmayaraq hərbi bileti olmalı, tibb müəssisəsindən sağlamlıq haqqında arayış təqdim etməlidirlər.

Təlim Mərkəzinə aparatçı, əl ilə qaynaqda elektrik qaynaqçısı, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru, elektrik qaz qaynaqçısı, izolyasiyaçı-örtükçü, kimyəvi analiz laborantı, nasos qurğusu maşinisti, neft və qaz hasilatı üzrə operator, neft və qaz quyularının qazılması üzrə qazmaçı köməkçisi, nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər, polad və dəmir konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı, qablaşdırma üzrə operastor, qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər, qazla kəsən, süzücü-tökücü, takelajçı, təmirçi çilingər, texnoloji qurğuların operatoru, texnoloji qurğuların təmiri üzrə çilingər və tornaçı, frezerçi peşə ixtisasları üzrə ümumilikdə 314 şagird qəbul olunacaq. Təhsil müddəti peşədən asılı olaraq 6 ay və ya 1 ildir.

Müraciətlər elektron formada qəbul olunur. Tələb olunan sənədlər və qaydalar haqqında məlumatı “www.socar.az” internet səhifəsinin “Karyera” bölməsinin “Təlim mərkəzlərinə sənəd qəbulu” keçidinə daxil olaraq əldə edə və müvafiq qaydada müraciət edə bilərsiniz. Müraciət üçün son tarix iyunun 17-sidir.

Xatırladaq ki, qanunvericiliyə müvafiq olaraq qadın əməyinin tətbiqi qadağan olunduğu peşələr üzrə yalnız kişilər qəbul olunacaq. Təhsil müddətində şagirdlərə aylıq təqaüd, xüsusi yay və qış geyimləri, gündəlik nahar veriləcək. Qobustan Regional Təlim mərkəzində təhsil alacaq şagirdlər nəqliyyatla təmin olunacaqlar. Qəbulla bağlı hər hansı sualı olan vətəndaşlar “[email protected]” elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərlər.

SOCAR təlim mərkəzlərini bitirən şagirdlərin işlə təminatı ilə bağlı hər hansı öhdəlik daşımır.