24 yanvar 2020 16:25
1199

Sudanda qəbilələr arasında döyüşdə azı 29 nəfər ölüb

Sudan və Cənubi Sudan arasında sərhəd bölgəsində Abyei adlanan vilayətdə iki qəbilə arasında döyüşdə azı 29 nəfərin öldüyü bildirilir. AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Sudanın Suverenlik Şurası məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Sudanın Suverenlik Şurasının rəhbəri Fəttah Əlburhan Cənubi Sudanın rəhbəri Salva Kiir Myarditə başsağlığı verib. O, həmçinin vilayətin sabiq Prezident Ömər əl Bəşir tərəfindən təyin olunmuş başçısını vəzifəsindən azad edib. Şuranın məlumatında qeyd olunub ki, dinc insanların həlak olması BMT-nin regiondakı sülhməramlı qoşunlarının səhlənkarlığı ucbatından baş verib. İnsidentlə bağlı Sudan və Cənubi Sudan hökumətləri birgə istintaq komissiyası yaradacaqlar.

Bundan əvvəl də Cənubi Sudan hökuməti həmin vilayətdəki Kolom kəndində 32 dinc sakinin öldürülməsində Sudan Silahlı Qüvvələrini ittiham etmişdi. Qətlə yetirilənlərin arasında 12 uşağın olduğu bildirilir.