22 noyabr 2019 19:21
1232

Sumqayıt müasir, gündən-günə abadlaşan gözəl şəhərdir

Sumqayıt özünün sosial-iqtisadi yüksəliş salnaməsini zənginləşdirməkdə davam etdirir. Müvəffəqiyyətlə gerçəkləşdirilən Dövlət proqramları və infrastruktur layihələri çərçivəsində Sumqayıt Texnologiyalar Parkı və Sumqayıt Kimya Sənaye Parkı, həmçinin digər mühüm obyektlər istifadəyə verilib. Sumqayıt şəhəri Prezident İlham Əliyevin diqqət və qayğısı ilə son illərdə böyük uğurlar əldə edib, daha da gözəlləşərək, müasirləşərək həm şəhər sakinlərini, həm də bura gələnləri valeh edir. Bu günlər Sumqayıt şəhəri 70 illik yubileyini qeyd edir.

Bu gün Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib. Bütün bunlar həm də onu göstərir ki, Sumqayıtın tarixi ənənələr əsasında inkişaf edərək nəinki Azərbaycanın və Cənubi Qafqazın, ümumən Avropanın iri sənaye mərkəzlərindən birinə çevrilməsi, Bakı şəhəri ilə tam rəqabət aparmaq imkanına malik olması Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasını uğurla davam etdirən və dövrün tələbinə uyğun zənginləşdirən Prezident İlham Əliyevin müəyyənləşdirdiyi əsas hədəflərdəndir.

Xəbər verildiyi kimi, noyabrın 21-də Prezident İlham Əliyev Sumqayıta bu il sayca üçüncü dəfə səfər edib. Sevindirici haldır ki, cənab İlham Əliyev səfəri çərçivəsində şəhərin 70 illik yubileyi tədbirində də iştirak etdi. Sumqayıt Dövlət Dram Teatrında keçirilən təntənəli tədbirdə dövlətimizin başçısı vurğuladı ki, bu gün Sumqayıt müasir, böyük sənaye potensialına malik olan, sürətlə inkişaf edən, gündən-günə abadlaşan gözəl şəhərdir.

Bu ilin əvvəlində Prezident İlham Əliyev iki dəfə Sumqayıta səfər edib. Yanvar ayının 16-da Prezident İlham Əliyevin Sumqayıta səfəri zamanı Kimya Sənaye Parkında inşa olunan, ildə 650-660 min ton karbamid və 1 milyon ton ammonyak istehsal etmək gücünə malik olan “SOCAR karbamid” zavodunun və fevral ayının 18-də ikinci dəfə şəhərə səfəri zamanı Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən yüksəksıxlıqlı Polietilen zavodunun açılışında iştirak etmişdi. Hazırda ölkədə qeyri-neft sektorunda ən böyük layihə olan müəssisələrin ümumi dəyəri təxminən 1 milyard 200 milyon avro təşkil edir. Zavodlarda 900 nəfər daimi işlə təmin edilib. İstehsal həcminin 70 faizinin ixrac üçün nəzərdə tutulduğu müəssisələrin fəaliyyəti ölkəyə milyonlarla vəsaitin daxil olmasına imkan yaradacaq. Ümumiyyətlə, bu zavodların fəaliyyətə başlaması Sumqayıtın sənaye şəhəri kimi şöhrətini artırmaqla bərabər respublikada gedən inkişaf proseslərinə layiqli töhfələr verəcək.

Ölkə rəhbəri Sumqayıtı bu gün müasir sənaye şəhəri, hətta Cənubi Qafqazın ikinci sənaye şəhəri adlandırdı: “Sumqayıt müəssisələrində ildə təqribən 2 milyard manatlığa yaxın məhsul istehsal olunur. Ona görə Sumqayıt bundan sonra da müasir sənaye şəhəri kimi inkişaf edəcək.”

Şəhərin 70 illik yubiley tədbirində dövlətimizin başçısı diqqətə çatdırdı ki, Sumqayıta bu səfəri 15 il ərzində sayca 24-cü səfəridir: “Yəni, bu, özlüyündə göstərir ki, Sumqayıta daim diqqət, qayğı göstərilir. Əlbəttə ki, Sumqayıtın problemlərinin həlli istiqamətində böyük işlər görülüb. İlk növbədə, infrastruktur müasirləşdirilməli idi. Bu məqsədlə hələ 2005-ci ildə 525 meqavat gücündə elektrik stansiyası istifadəyə verildi, böyük vəsait xərcləndi. Qazlaşdırmanın səviyyəsi 100 faizə çatıbdır. İçməli su problemi həllini tapıbdır. Şəhərdaxili yollar yenidən tikilir, abadlaşdırılır, təmir olunur. Bakı-Sumqayıt yolu tikildi. İndi göstəriş vermişəm ki, yol genişləndirilsin. Çünki artan nəqliyyat sıxlıq, tıxac yaradır. Biz bunu da həll edəcəyik. Bakı-Sumqayıt qatarı artıq fəaliyyət göstərir. Özü də dünyanın ən qabaqcıl şirkətinin istehsalı olan ikimərtəbəli, çox rahat “Stadler” vaqonlarıdır. Verilmiş kredit hesabına şəhər nəqliyyatı üçün müasir avtobuslar gətirildi. Yəni, bütün bu işlər planlı şəkildə həyata keçirilir.”

Son dövrlərdə möhtərəm Prezidentimizin tapşırığına əsasən, Bakı ilə yanaşı, respublikamızın bütün şəhər və rayonlarında yeni parkların, xiyabanların, istirahət guşələrinin yaradılması, mövcud olanların isə əsaslı şəkildə yenidən qurulması istiqamətində olduqca mühüm layihələr icra edilir. Prezident İlham Əliyevin Sumqayıta hər səfəri zamanı verdiyi tövsiyə və tapşırıqların, sərəncamların icrası və həyata keçirilən genişmiqyaslı tədbirlər sənayedə olduğu kimi, həm də tikinti, abadlıq və quruculuq sahəsində əsaslı dönüş yaradıb. Ölkə rəhbərinin tövsiyələri, tapşırıqları və dəstəyi sayəsində yeni sosial obyektlərin tikintisi və təmiri, şəhərin memarlıq və dizayn baxımından müasir görkəmini saxlamaq şərti ilə irimiqyaslı layihələr icra olunub.

Onu da qeyd edək ki, indiyədək Sumqayıt şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi, çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi, avtomobil yollarının əsaslı təmiri işlərinin həyata keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən 15 Sərəncam imzalanıb.

Sumqayıtda reallaşdırılan qlobal layihələrdən biri də yeni Dənizkənarı bulvarın çox yüksək səviyyədə salınmasıdır. Bu tapşırıq şəhər rəhbərliyi tərəfindən ən qısa müddətdə icra edilib və cənab İlham Əliyev bu faktı xüsusi qeyd edib: “Parklar abadlaşır, yeni parklar, bağlar salınır. Əlbəttə ki, onların arasında Sumqayıt bulvarını xüsusilə qeyd etmək istərdim. Mən bu bulvarın açılışı ilə əlaqədar keçirilmiş tədbirdə demişəm və bir daha demək istəyirəm ki, bu, möcüzədir, cəmi 11 ay ərzində 5,2 kilometr uzunluğunda və 150 hektarı əhatə edən gözəl bulvar salınmışdır. Sumqayıt bulvarının salınması mənim çoxdankı arzum idi. Mən əvvəlki dövrlərdə də dəfələrlə şəhər rəhbərliyinə belə göstəriş vermişdim. Ancaq Zakir Fərəcovu mən vəzifəyə təyin edəndən sonra bu məsələ də həll olundu. Çox şadam ki, bu gün Sumqayıt bulvarı vətəndaşlar üçün yeni, gözəl bir istirahət zonasıdır.”

Son illər Sumqayıtda ulu öndər Heydər Əliyevin adını daşıyan parkda Heydər Əliyev Mərkəzi, Uşaq incəsənət məktəbi, əsaslı təmirdən sonra istifadəyə verilmiş Sumqayıt Dövlət Dram Teatrı, Yeni Azərbaycan Partiyasının Sumqayıt təşkilatının inzibati binası, Bayraq muzeyi, Gənclər mərkəzi, “ASAN xidmət” mərkəzi, Mərkəzi Bankın ehtiyat sistemi binası, Bayraq meydanı, paralimpiya və olimpiya idman kompleksləri, Sumqayıtın Tarix muzeyi, 1 saylı şəhər mərkəzi xəstəxanası, “Kimyaçılar” mədəniyyət sarayı və digər sosial obyektlər sakinlərin istifadəsinə verilib.

Dövlət başçısının Sumqayıta son  səfəri çərçivəsində isə “Nizami” kinoteatrının yeni binası və Sumqayıt Bulvarı ərazisində yerləşən  Muğam Mərkəzi istifadəyə verilib. Həmçinin cənab İlham Əliyev Sumqayıt Dənizkənarı Bulvar Kompleksinin yeni salınmış hissəsində yaradılan şəraitlə də tanış olub.

Ölkə Prezidentinin Sumqayıta bu tarixi səfərləri zamanı bir sıra sənaye və sosial müəsissələrinin açılışında və təməlinin qoyuluşunda iştirakı, şəhər sakinləri ilə keçirdiyi görüşlər, şəhər infrastrukturunun və sənayesinin yeniləşməsinin vacibliyi ilə bağlı söylədiyi dəyərli fikirlər haqlı olaraq belə qənaət yaradır ki, bundan sonrakı mərhələdə Sumqayıtın inkişafı məqsədilə atılan addımlar daha sistemli, ünvanlı, ardıcıl xarakter daşıyacaq.

Orxan Vahidoğlu, “İki sahil”