18 sentyabr 2019 16:13
548

Sumqayıt Təlim-Tədris Mərkəzi yeni tədris ilinə uğurla start verdi - FOTO-VİDEO

Sentyabrın 18-də SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) Sumqayıt Təlim-Tədris Mərkəzində yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirildi.

Tədbirdə SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin baş direktoru İmran Arzumanzadə, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov və KİV nümayəndələri iştirak edirdilər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Mərasimdə çıxış edən Sumqayıt Təlim-Tədris Mərkəzinin direktoru Rəşad Dadaşov bildirdi ki, mərkəz "Azərikimya" İB-nin və Sumqayıt şəhərində yerləşən digər müəssisələrin kadr hazırlığına olan tələbatını ödəyir: “2019-2020 tədris ilində Sumqayıt Təlim-Tədris Mərkəzində “Yeni fəhlə kadrlarının hazırlanması” proqramı daxilində 7 peşə üzrə 8 qrupda təhsil alacaq 111 nəfər dinləyici Yaponiyanın “Yokogawa Electric Corporation” şirkətinin dəstəyi ilə qurulmuş müasir avtomatik idarəetmə sistemləri üzrə təlim otağından, o cümlədən zəruri tədris vəsaitlərindən və resurslarından istifadə etmək imkanına malik olacaqlar. Mərkəzin təlim avadanlıqları, proqram təminatı, CENTUM və ProSafe sistemləri təlimlərin keçirilməsi üçün nəzərdə tutulur.”

Tədbirdə çıxış edən “Azərikimya” İstehsalat Birliyinin baş direktoru İmran Arzumanzadə peşəkar kadrların hazırlanmasında SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rolunu xüsusu vurğuladı, son dövrlərdə ölkəmizdə peşə təhsilinin getdikcə artan əhəmiyyətindən danışaraq dinləyicilərə uğurlar arzuladı. 

Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov qeyd etdi ki, ölkə iqtisadiyyatının güclənməsində və şaxələndirilməsində özünəməxsus rol oynayan SOCAR tərəfindən neft, qaz və neft-kimya sənayesində kadr potensialının möhkəmləndirilməsi, müəssisələrdə beynəlxalq standartlar əsasında peşə fəaliyyətinin yüksək səviyyədə təşkili, habelə sənayedə ixtisaslı fəhlə-texnik kadrlarının hazırlanması üçün SOCAR-ın birbaşa tabeliyində Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi yaradılıb. Hazırda TTSİ-nin tərkibində 5 təlim mərkəzi fəaliyyət göstərir: “Beş təlim mərkəzindən, qaynaq sexlərindən və sınaq laboratoriyalarından ibarət olmaqla, İdarə ixtisaslı fəhlə kadrlarının hazırlanması və mühəndis-texniki işçilər üçün əsasən 2 istiqamətdə kadr hazırlığı işini təşkil edir. Bu təlim mərkəzlərində təhsil alan dinləyicilərə aylıq təqaüdün verilməsi, gündəlik naharın və xüsusi geyim formalarının təmin edilməsi, eləcə də SOCAR-ın müəssisələrində istehsalat təcrübəsinin təşkili digər təlim qurumları ilə müqayisədə üstün cəhətlər hesab olunur. Hazırkı dövrədək Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi üzrə 113747 nəfər dinləyici və şagird təlim mərkəzlərində ayrı-ayrı istiqamətlərdə təlim kurslarına cəlb edilib və onların peşə bacarığı yoxlanılıb. 2005-2019-cu illər üzrə İdarə daxilində “Yeni fəhlə kadrlarının hazırlanması” proqramını başa vurmuş şagirdlərin sayı 2570 nəfər olub.”

Çıxışının sonunda F.Süleymanov dinləyicilərə uğurlar arzuladı, onlara yaradılan şəraitdən maksimum dərəcədə bəhrələnməyi tövsiyə etdi.

Yeni qəbul olunan şagirdlər adından çıxış edən Esmira Şirinova ilk öncə onlar üçün yaradılan şəraitə, diqqətə və qayğıya görə dövlətimizə və SOCAR-ın rəhbərliyinə öz dərin təşəkkürünü bildirdi və bütün şagirdlər adından tədris prosesində yüksək nailiyyətlər əldə edəcəklərinə söz verdi.

Sonda 2018-2019-cu tədris ilində təlim mərkəzində müxtəlif peşələrə yiyələnmiş 92 nəfər məzuna sertifikatlar təqdim edildi.

Tədbirdən sonra Sumqayıt Təlim-Tədris Mərkəzinin direktoru Rəşad Dadaşov Mərkəzdə təlim keçən şagirdlərlə görüşdü, onlara tədris ilində uğurlar arzuladı.

Orxan Vahidoğlu,

Samir Paşayev (foto), “İki sahil”