11 iyun 2019 12:21
1200

“Taliban” hərəkatının həbsxanalarından 50 nəfər azad edilib

Əfqanıstanın güc strukturları “Taliban” hərəkatının həbsxanalarından təxminən 50 nəfəri azad edib.

AZƏRTAC xəbər verir ki, Tolo News telekanalının yerli hakimiyyət orqanlarına istinadla yaydığı məlumata görə, iyunun 11-nə keçən gecə ölənin şimal-şərqində yerləşən Baqlan əyalətində keçirilən əməliyyat nəticəsində azı 34 nəfər əsirlikdən azad edilib. Yerli polis orqanları azad olunan şəxslərin arasında yeddi polisin, yeddi hərbçinin, Milli Təhlükəsizlik Direktoratının üç əməkdaşının və 17 dinc sakinin olduğunu təsdiqləyib.

Əfqanıstan Müdafiə Nazirliyinin məlumatına əsasən, ölkənin şimalındakı Qunduz əyalətində isə 13 nəfər azad edilib.

Əfqanıstanda hökumət qüvvələri və kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən “Taliban” hərəkatının silahlıları arasında qarşıdurmalar davam edir. Həmçinin ölkədə İŞİD qruplaşmasının da fəallığı artır. Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri beynəlxalq koalisiyanın hərbi dəstəyi ilə bütün ölkə ərazisində birgə əməliyyatlar keçirirlər.