28 yanvar 2021 10:45
1537

Tehran Mənsimov: Ayın 7-si artıq Şuşaya şanlı bayrağımızı sancdıq

Xüsusi təyinatlılara şərait yaratmaq üçün Daşaltı bölgəsini nəzarətə almalı idik

 

“Şuşaya gedən yol var. Həmin yol açılmadığına görə, orada mürəkkəb, qızğın döyüşlər gedirdi. Düşmən bütün gücünü həmin əraziyə cəlb etmişdi. Minalanmış sahələrdə canlı qüvvə və zaman itkisinə yol verməmək üçün bizə yeni tapşırıq gəldi. Əlavə olaraq, 3 briqada mənim tabeçiliyimə verildi. Xüsusi təyinatlılara şərait yaratmaq üçün Daşaltı bölgəsini nəzarətə almalı, oradakı düşmən qüvvələrini məhv etməli idik. O vaxta kimi xüsusi təyinatlılar Şuşaya girəcəkdilər. Onlar meşədən keçib Şuşaya girənə qədər döyüşüb düşməni öz üzərimizə çəkməli idik”.

“İki sahil” xəbər verir ki, bunu Vətən müharibəsində böyük qəhrəmanlıq göstərən Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun zabiti Tehran Mənsimov “Şərq qapısı”na müsahibəsində deyib.

Tehran Mənsimov  bildirib ki, həmin gün şəhidlərimizin qanı bahasına hədəfə çatdıq və noyabrın 4-də Daşlatını işğaldan azad etdik. Sonrakı günlərdə də düşmənin saysız əks-hücumlarını dəf etdik. Bu döyüşlərdə Naxçıvan xüsusi təyinatlılarının şücaətini xüsusi vurğulamaq istəyirəm. Xüsusilə, Anar Əliyev və Nihad Babayevi, böyük qəhrəmanlıq göstərən Renat Şıxnəbiyev, Əli Kərimov və Elnur Şirinovun igidliyi gələcək nəsillərimiz üçün örnəkdir.

Ermənilər deyirdilər ki, biz vururduq, Azərbaycan hərbçiləri yenidən qalxaraq üzərimizə gəlirdi. Həqiqətən də, həmin döyüşlərdə Naxçıvan xüsusi təyinatlıları qeyri-adi iradə, böyük fədakarlıq və qəhrəmanlıq göstərdilər... Noyabrın 6-da artıq xüsusi təyinatlılarımız Şuşa yaxınlığında yaxın təmas döyüşünə keçmişdilər. Döyüşən 4 hərbi hissənin hər birində Naxçıvan xüsusi təyinatlıları var idi. Ayın 7-si artıq Şuşaya şanlı bayrağımızı sancdıq, ilk azan oxundu. Bu hissləri sözlərlə ifadə etmək çox çətindi. Oxunan azan səsi və Dövlət Himnimizi eşidən yaralılarımıza, sanki yenidən həyat verilirdi. Şuşa azad olunandan dərhal sonra ilk ürəyimdən keçən namaz üstdə şəhid olan qəhrəman oğullarımızın ruhuna və igid döyüşçülərimizə dua etmək, Allaha şükranlığımı sevinc göz yaşları ilə çatdırmaq oldu. Düşmən sonra da əks-hücuma keçdi və bu hücumların da qarşısı alındı. İgidlərimiz canları bahasına Şuşanı qoruyub saxladı. Ölkənin müxtəlif yerlərində bu qələbəmizi coşqu ilə qarşılayan xalqımızın sevinci bizə daha böyük ruh yüksəkliyi verirdi.