21 may 2019 10:24
1050

Təkmil sosial-iqtisadi islahatlar öz bəhrəsini verir

Beynəlxalq təşkilatlar ölkəmizdəki islahatları ona görə yüksək qiymətləndirirlər ki...

Azərbaycanda həyata keçirilən islahatlar, uğurla icra edilən regional inkişaf proqramları ölkəmizin hərtərəfli inkişafına səbəb olmaqla bizi nəinki Cənubi Qafqazın, hətta MDB məkanının lider dövlətinə çevirib. Qürurverici hadisədir ki, bu inkişaf  tempini nüfuzlu beynəlxalq reytinq təşkilatları da hesabatlarında qeyd edirlər. Belə ki, Dünya Bankı tərəfindən hazırlanan “Doing Business-2019” hesabatında Azərbaycan 190 ölkə arasında 32 pillə irəliləyərək 57-ci pillədən 25-ci (o cümlədən biznesə başlamaq üzrə 18-ci pillədən 9-cu, tikinti üçün icazələrin alınması üzrə 161-ci pillədən 61-ci, elektrik təchizatı şəbəkələrinə qoşulmaya görə 102-ci pillədən 74-cü, əmlakın qeydiyyatı üzrə 21-ci pillədən 17-ci, kreditlərin alınmasına görə 122-ci pillədən 22-ci, kiçik investorların maraqlarının qorunmasına görə 10-cu pillədən 2-ci, vergilərin ödənilməsi üzrə 35-ci pillədən 28-ci, müflisləşmənin həllinə görə 47-ci pillədən 45-ci) yerə yüksəlmişdir.

İcmaldan məlum olur ki, biznesə başlamaq sahəsində (“Doing Business” üzrə bal 96,14) əgər əvvəl onlayn qeydiyyat üçün elektron imza tələb edilirdisə, indi buna ehtiyac yoxdur. Eləcə də əvvəllər tələb edilən işçilərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qeydiyyatdan keçirilməsinə də gərək qalmayıb. İndi işçilər qeydiyyat tamamlandıqdan dərhal sonra fəaliyyətə başlaya bilərlər. Onlayn qeydiyyat üçün tələb edilməyən prosedurlar sırasında “ASAN İmza” da var. Asanlaşdırılan prosedurlardan digərləri isə Vergilər Nazirliyinin saytında FİN nömrə daxil etməklə onlayn qeydiyyatın vahid platformada aparılması, həmçinin işə götürüləcək şəxslər barədə məlumatların onlayn qeydiyyat ərizəsinə daxil olunmasıdır. Daha vacib bir məqam: bu gün Azərbaycanda biznesə başlamaq üçün bir prosedur, yarım gün və 0 manat lazımdır. Halbuki əvvəl bu iş üçün 3 prosedur, 3,5 gün və 90 manat xərc tələb edilirdi.

Bütün bunlar bir daha göstərir ki, Prezident İlham Əliyevin elan etdiyi və sürətlə həyata keçirdiyi sosial-iqtisadi islahatlar artıq öz bəhrəsini verməkdədir.  Xüsusilə bu islahatlar bazar iqtisadiyyatı prinsipləri əsasında hazırlanır və əlverişli biznes mühitinin yaradılmasını, insan kapitalının  inkişaf etdirlməsini, sahibkarlara daha yaxşı şəraitin təmin olunmasını, dövlət  mülkiyyətində olan müəssisələrlə bağlı islahatların həyata keçirilməsini və digər məsələləri nəzərdə tutur. Bu gün Azərbaycan dövlətinin rəhbəri cənab İlham Əliyevin iqtisadi hədəfi neftdən asılı olmayan güclü iqtisadiyyat formalaşdırmaqdır. Məhz son illər ərzində qəbul olunan və icra edilən yol xəritələri, digər qərarlar əsasən bu məqsədə xidmət edir.

Çox önəmli hadisədir ki, Azərbaycan mühüm transmilli enerji layihələri həyata keçirir, bu layihələrin icrası qarşıdan gələn illərdə Azərbaycanın əhəmiyyətinin daha da yüksəlməsini və maliyyə imkanlarının artmasını təmin edəcəkdir. Çox yaxın gələcəkdə ölkəmizə valyuta axını bizə imkan verəcəkdir ki, ən müasir istehsalat sahələri quraq, dünya bazarlarını “Made in Azerbaijan” brendləri ilə zənginləşdirək. 

Təbii ki, kənd təsərrüfatı sahəsində yeni islahat mərhələsinin  məqsədi ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün ciddi potensiala malik olmaqdır. Bunun üçün biznes mühitinin yaxşılaşdırılmasını, kənd təsərrüfatı məhsullarının istehsal imkanlarının artırılmasını, bazar infrastrukturunun təkmilləşdirilməsini və istehsalçıların bazara çıxışının asanlaşdırılması prioritet məsələ kimi irəli sürülüb.

Azərbaycan iqtisadiyyatında turizmin inkişafı, yeni turizm mərkəzlərinin yaradılması, otellərin tikintisi, viza rejiminin sadələşdirilməsi, xidmətin keyfiyyətinin yüksəldilməsi də iqtisadi islahatların səmərəli şəkildə aparılmasının göstəricisidir. Qeyd edək ki, turizm bir çox ölkələrin gəlir sahəsi kimi inkişaf edərək dövlət büdcəsinin formalaşmasında önəmli rol oynayır.  Məsələn, Avropa ölkələri hər il bu sahədən təqribən 140-150 milyard dollar gəlir əldə edirlər. Qardaş Türkiyənin bu istiqamətdə də böyük uğurları var. Belə ki, 2018-ci ildə ölkənin turizmdən qazancı təqribən 30 milyard dollar həcmində hesablanıb.

Faktlar da belə deməyə əsas verir ki, əgər 2017-ci ildə ölkəmizə gələn turistlərin sayı 20 faiz, 2018-ci ildə 22 faiz, bu ilin birinci rübündə isə 15 faiz artıbsa, deməli, artıq Azərbaycan dünyada turizm ölkəsi kimi tanınır.  Hələ onu demirik ki, mayın 29-da UEFA Avropa Liqasının finalının Bakıda keçirilməsi ökəmizə gələn turistlərin sayını daha da artıracaqdır.

Qürur doğuran  məqamdır ki, yalnız yay aylarında deyil, ilin digər fəsillərində də Azərbaycana gəzməyə və istirahətə gələnlərin sayı çoxalıb. Cari ilin yanvar-aprel ayları ərzində Azərbaycana dünyanın bir çox ölkələrindən 400 mindən çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Hazırda respublikamızda turizmin daha da inkişaf etdirilməsi üçün bir neçə istiqamət üzrə tədbirlər görülür. Bakının kommunikasiya və marketinq planı hazırlanır, turizm brendi formalaşdırılır. Paytaxtın marketinq strategiyası, xüsusən də biznes strukturları ilə əlaqələr genişləndirilir.

Ölkəmizin iqtisadi inkişafına ciddi şəkildə dəstək olan digər bir sahə isə müasir texnologiyaların inkişafı və Azərbaycanın kosmik dövlətə çevrilməsidir. Bu gün Azərbaycan dövləti MDB məkanında kosmos ölkəsi olan 3 ölkədən biridir. Bu sahədə liderlik əldə etməyimiz bizim bir çox sahələrdə müstəqilliyimizi tamamilə təmin edib. Eyni zamanda, biz ikinci peykimizi fəzaya göndərməklə daha geniş kosmik informasiya ixracatçısına çevrilmiş olduq.

Ölkəmizin iqtisadi gücünü dünyaya nümayiş etdirən digər önəmli sahə ixrac potensialımızın daha da genişləndirilməsidir. Son iki ildə Azərbaycanın ixrac potensialı 42 faiz artmaqla MDB məkanında ilk beşliyə düşüb. Daha çox qeyri-neft məhsullarının ixracı ölkəmizin neftdən asılılığını ciddi şəkildə azaldıb. Bu mənada regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurla icrası bölgələrin sürətli inkişafı, bütün infrastrukturun müasir tələblər çərçivəsində yenidən qurulmasına gətirib çıxarıb.

Qeyri-neft sektorunun inkişafı məsələsində çox prinsipial məsələ Azərbaycan dövlətinin sahibkarlara göstərdiyi təmənnasız dəstəkdir. Eyni zamanda, biznes mühitinin yaxşılaşması üçün bütün bürokratik əngəllərin aradan qaldırılması reallaşıb. “ASAN xidmət” kimi müasir bir sistemin məhz ölkəmizdə formalaşması bütün vətəndaşlara sosial xidmətlərin yüksək səviyyədə həyata keçirilməsinə, azad və güclü sahibkarlar ordusunun yaranmasına şərait yaradıb.

Təbii ki, güclü iqtisadi inkişafın məntiqi nəticəsi firavanlığı təmin edən sosial siyasətin davamlılığıdır. Məhz 2019-cu il ölkə vətəndaşlarının sosial rifah ili kimi başlayıb və durmadan davam edir. Belə ki, 2019-cu ilin əvvəlindən başlayaraq əhalinin sosial təminatının daha da  gücləndirilməsi və rifah halının yüksəldilməsi istiqamətində ciddi tədbirlər həyata keçirilib. Azərbaycan Prezidentinin müvafiq Fərman və sərəncamları ilə maaşların, pensiyaların, sosial müavinətlərin, müxtəlif istiqamətlər üzrə ödənişlərin həcmi kəskin şəkildə artırılıb. Sosialyönümlü sərəncamların  həyata keçirilməsi ilə 3 milyondan çox insan öz maddi vəziyyətini yaxşılaşdırıb. Nəticədə ölkədə yoxsulluğun və işsizliyin səviyyəsi minimuma endirilib. Ən mühümü isə sosial infrastrukturun yenidən qurulması işi sürətlənib.

2019-cu ilin xoş olan sosial mənzərəsi isə belədir: Şəhid ailələrinə kompensasiyaların verilməsinə başlanılması,  müharibə əlillərinin mənzil problemlərinin həlli, yeni köçkün qəsəbələrinin istifadəyə verilməsi, problemli kreditlərə görə kompensasiyaların verilməsi, səhiyyə, təhsil, mədəniyyət müəssisələrinin müasir dövrün tələblərinə uyğun yenidən qurulması, idmanın inkişafı, olimpiya mərkəzlərinin, yeni idman qurğularının tikintisi, paytaxtda və bölgələrdə aparılan abadlıq işləri, parkların, xiyabanların salınması, insanların rahatlığının təmin olunması üçün həyata keçirilən çoxsaylı digər tədbirlər, icbari tibbi sığorta, əhalinin tibbi müayinəsinin təşkil edilməsi, aztəminatlı ailələr üçün sosial evlərin tikilməsi, - özünüməşğulluq proqramının geniş tətbiqi və s.

Təbii ki, bu uğurların müəllifi Prezident İlham Əliyevdir. Məhz cənab Prezidentin qətiyyətli sosial siyasəti, xalqsevərliyi və xarizmatik idarəetmə bacarığı ölkəmizi daha böyük hədəflərə çatdıracaq.

Elçin Zaman, “İki sahil”