24 yanvar 2020 21:11
1778

Tərəfdaşlarımızla münasibətlərimiz qarşılıqlı maraqlara əsaslanır

Dövlətimizin başçısı İlham Əliyev Davos Forumu çərçivəsində keçirilən “Strateji baxış: Avrasiya” mövzusunda iclasda bildirmişdir ki, hədəflərimizdən biri Azərbaycanı özü-özünü təmin edən, heç kimdən asılı olmayan ölkəyə çevirmək idi

“Prezident olaraq mənim hədəflərimdən biri Azərbaycanı özü-özünü təmin edən, heç kimdən asılı olmayan ölkəyə çevirmək idi. Başqa sözlə, iqtisadi müstəqillik əsas prioritet idi, çünki bu, siyasi müstəqillik üçün bünövrədir.”

Dövlətimizin başçısı İlham Əliyev Davos İqtisadi Forumu çərçivəsində keçirilən “Strateji baxış: Avrasiya” mövzusunda iclasda onu da qeyd etmişdir ki, sözsüz ki, müxtəlif ölkələrin müxtəlif gündəmləri var. Müxtəlif ölkələrin iqtisadiyyatları digərlərininkindən daha həssasdır. Azərbaycana gəldikdə, bizim coğrafi mövqeyimiz çox əlverişlidir. Bundan əlavə, biz müasir infrastrukturun yaradılmasına çoxlu investisiya yatırmışıq: “Əlbəttə ki, biz təbii ehtiyatlarla - neft və qazla zənginik, bu da bizim üçün enerji təhlükəsizliyi yaradır. Ona görə də bizim qonşu ölkələr və çox sayda tərəfdaşlarımızla münasibətlərimiz qarşılıqlı maraqlara əsaslanır. Bundan əlavə, biz bu və ya digər beynəlxalq qurumda təmsilçiliyimizlə bağlı hər bir məsələyə praqmatik yanaşırıq. Bu, bizə nə verəcək? Əgər, bu, bizə daha çox iqtisadi stimul, biznes üçün daha çox imkanlar, daha çox sabitlik və daha çox təhlükəsizlik verəcəksə, əlbəttə ki, biz bunu nəzərə alırıq. Biz bir sıra beynəlxalq institutların üzvüyük. Onlardan biri Qoşulmama Hərəkatıdır.”

Cənab İlham Əliyevin hər zaman çıxışlarında qeyd etdiyi kimi, enerji təhlükəsizliyi əslində hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Bu gün enerjini siyasətdən, iqtisadiyyatdan ayırmaq mümkün deyil. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində bütün tərəfdaşlar səylərini artırır. Son illər ölkəmizin öz enerji siyasətini ardıcıl şəkildə irəliyə apardığını önə çəkən cənab İlham Əliyev bildirir ki, Cənub Qaz Dəhlizinin rəsmi açılışı hədəflərə çatdığımızın göstəricisidir. Layihənin təməlinin qoyulması mərasimində isə bu mühüm hadisə görülən işlərin zirvəsi kimi dəyərləndirilmişdir. Vurğulanmışdır ki, əgər əvvəlki dövrlərdə məsələlər öz həllini tapmasaydı, bu gün Cənub Qaz Dəhlizindən söhbət belə gedə bilməzdi. Azərbaycanın təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizinin reallığa çevrilməsindən həm Azərbaycanın, həm də qonşu və Avropa ölkələrinin böyük fayda götürəcəyi, ölkəmizin bu sahədə də liderlik keyfiyyətlərini göstərdiyi inkaredilməzdir. Bu layihə Azərbaycanın uzunmüddətli maraqlarını təmin edəcək, dünya üçün daha da önəmli ölkəyə çevriləcək. Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən olan TANAP istifadəyə verilib, cari ildə TAP-ın istifadəsi nəzərdə tutulur.

Enerji layihələrinin coğrafiyasının genişləndirilməsi, şaxələndirmə siyasətinin iştirakçı dövlətlərin maraqları baxımından bir daha nəzərdən keçirilməsi, alternativ variantların gündəmə gətirilərək siyasi və iqtisadi əhəmiyyətinin beynəlxalq müzakirəyə çıxarılması bölgədə və dünya birliyində sabitlik və əmin-amanlığın möhkəmlənməsinə yönəlmiş qlobal məsələlərin danışıqlar vasitəsilə həllinə inamı artırır. Rəqabət qabiliyyəti baxımından MDB məkanında birinci olan Azərbaycanın iqtisadi uğurlarını təmin edən, regionda sülhün təminatı üçün səylərini artıran neft-qaz amilinin əhəmiyyəti bütün səviyyələrdə xüsusilə vurğulanır. Ölkə Prezidenti bildirir ki, biz öz enerji təhlükəsizliyimizi çoxdan təmin etmişik və bu gün başqa ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolumuzu oynayırıq. Bu rol müsbət roldur. Bunu bizim tərəfdaşlar qiymətləndirirlər. Azərbaycan heç vaxt öz enerji resurslarından başqa məqsədlər üçün istifadə etməmişdir. Bizim bu sahədəki fəlsəfəmiz və yanaşmamız ondan ibarətdir ki, enerji resursları əməkdaşlığı dərinləşdirməli, birliyi möhkəmləndirməlidir və əlbəttə ki, biz bu siyasəti apararaq öz milli maraqlarımızı təmin edirik. Bu gün həm bölgədə, həm dünyada Azərbaycanın maraqları təmin edilir.

Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin günbəgün genişlənməsində də enerji təhlükəsizliyi məsələsi əsas rol oynayır. Qurumun təmsilçilərinin mütəmadi olaraq ölkəmizə, həmçinin cənab İlham Əliyevin quruma üzv ölkələrə səfərləri çərçivəsində keçirilən görüşlərdə bu fikir xüsusi qeyd edilir ki, Azərbaycan Avropa İttifaqına mümkün qədər yaxın olmaq arzusundadır və bu əlaqələrin gələcəkdə böyük potensialı vardır. Məlumdur ki, 2011-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında imzalanan “Cənub Qaz Dəhlizi haqqında” Birgə Bəyannaməni əlaqələrin inkişafında başlanğıc kimi dəyərləndirən qurum rəsmiləri Azərbaycanın Avropa İttifaqının ən böyük və etibarlı enerji tərəfdaşlarından biri olduğunu bildirmişdilər. Ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında rolu yüksək qiymətləndirilir, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın mövcudluğu bildirilir. Dövlətimizin başçısı bu əminliyi ifadə edir ki, imzalanmış sənədlər uğurla həyata icra edilir və Azərbaycan qaz potensialından öz xalqının rifahı, ölkəmizin gələcək inkişafı və Avropadakı tərəfdaşlarının enerji təhlükəsizliyinin təmin edilməsi üçün istifadə edir. Bu tərəfdaşlıq nəinki illər, onilliklər boyu olacaq. 2018-ci ildə dövlətimizin başçısı İlham Əliyevin Beliçika Krallığına rəsmi səfəri çərçivəsində Avropa İttifaqı ilə ölkəmiz arasında imzalanan “Tərəfdaşlıq prioritetləri” sənədində əlaqələrin bugünkü səviyyəsi və perspektivlər öz əksini tapıb. Cənub Qaz Dəhlizi çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilərək qarşıdakı illər üçün yeni layihələrin gündəmə gətirilməsində stimulverici amil kimi önə çəkilir. Dövlətimizin başçısı İlham Əliyev bildirir: “Azərbaycan Avropa İttifaqının bir neçə üzv ölkəsi ilə strateji tərəfdaşlığa dair sənədləri qəbul edib və ya imzalayıb. Bu da bizim əməkdaşlığımıza yaxşı töhfədir.”

Azərbaycanın şaxələndirilmə məsələsinə ilk yol açan bir ölkə rolunu oynadığını xüsusi vurğulayan Avropa İttifaqı rəsmiləri bildirirlər ki, ölkəmiz öz ixrac imkanlarını genişləndirməklə Avropanın enerji təhlükəsizliyinin təminatına töhfələr verir. Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk ötən il ölkəmizə səfəri zamanı mətbuata bəyanatında bu mühüm məqamı da xüsusi qeyd etmişdir ki, Azərbaycan çox nadirdir. Ölkəniz özündə ənənə və müasirliyi birləşdirir. Bu günün mürəkkəb coğrafi landşaftındakı strateji mövqeyinizə görə Siz həm Şərqə, həm də Qərbə doğru baxırsınız. Avropa İttifaqı Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir. Avropa İttifaqı və Azərbaycan hər il bir-birinə yaxınlaşır: “Münasibətlərimiz intensivləşib və mənim bugünkü səfərim buna aydın işarədir. 2018-ci ildə biz tərəfdaşlıq üzrə prioritetləri müəyyən etdik və Ümumi Aviasiya Məkanı üzrə Saziş, habelə yeni Aİ-Azərbaycan sazişi üzrə danışıqlar yekunlaşmaq üzrədir. İqtisadiyyatlarımız bunlardan faydalanacaq və bizim siyasi, biznes və mədəni münasibətlərimiz dərinləşəcək. Əlbəttə ki, biz bizi sözün həqiqi mənasında birləşdirən Cənub Qaz Dəhlizini unutmamalıyıq. Bu müsbət məqam tərəfdaşlığımızı daha yüksək səviyyəyə qaldırmalı, bütün xalqlarımız üçün birbaşa faydalı olmalıdır, Azərbaycanın islahatlar və iqtisadi şaxələnmə prosesini müşayiət etməlidir.”

Dünya əhəmiyyətli enerji layihələrinin reallığa çevrilməsi ilə regional iqtisadi inkişafın aparıcı qüvvəsinə və Avratlantik məkanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən, iqtisadi artımın sürətinə görə dünya dövlətləri arasında birinciliyini qoruyan Azərbaycanın inkişaf strategiyası qabaqcıl təcrübə kimi nümünə göstərilir. Enerji amilinin gündəlikdə prioritet məsələlərdən biri kimi dayandığını qeyd edən Prezident İlham Əliyev bildirir ki, enerji siyasəti dostluğa və əməkdaşlığa xidmət etməli, millətləri, xalqları bir-birinə birləşdirməlidir. Avropa İttifaqına daxil olan 27 dövlətin maraqlarına uyğun olan Azərbaycanın enerji siyasəti bolgədə regional əməkdaşlığın genişlənməsi üçün etibarlı təminatdır. Xarici ölkələrə hər bir səfər, eyni zamanda, beynəlxalq əhəmiyyətli tədbirlər, o cümlədən iqtisadi imkanların təqdimatına geniş yol açan Davos Dünya İqtisadi Forumu bir daha ölkəmizin enerji sektorunda əldə etdiyi uğurlara, həmçinin neft gəlirlərinin idarə olunmasında şəffaflığın yüksək səviyyədə qorunması nəticəsində qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlara işıq salır. Ən əsası bu imkanlar əməkdaşlıq əlaqələrinin yeni prioritetlər üzrə inkişafını şərtləndirir. Beynəlxalq tədbirlərdə Azərbaycanın iqtisadi imkanlarına diqqəti yönəldən, enerjinin nəql olunması sisteminin şaxələndirilməsində ölkəmizin rolunu xüsusi vurğulayan, təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi Azərbaycanın mövqeyinin günbəgün möhkəmləndiyini əsaslı şəkildə diqqətə çatdıran Prezident İlham Əliyev bu məqamı açıqlayır ki, Azərbaycanın tərəfdaş, müəllif və təşəbbüsçü kimi iştirak etdiyi butun layihələrdə xalqın milli maraqları, dövlətin mənafeyi hər şeydən üstün tutulmalıdır.

Ölkəmizin qitə dövlətləri üçün etibarlı tərəfdaş olduğu bu gün beynəlxalq səviyyədə ən çox səsləndirilən fikirlər sırasındadır. Prezident İlham Əliyev ölkəmizin daim marağında olan enerji layihələrinin şaxələndirilməsi prinsipinin diqqətdə saxlanılacağını vurğulamaqla qeyd edir ki, Avropa Azərbaycan qazı üçün mühüm bazara çevriləcək, eyni zamanda, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyinə xidmət edən önəmli layihədir. Cari ildə istifadəyə verilməsi nəzərdə tutulan TAP Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi ilə İtaliyaya çatdıracaq. Dəyəri 2,2 milyard dollar həcmində proqnozlaşdırlan, əsas mənbəyi “Şahdəniz”in ikinci layihəsi olan TAP-ın səhmdarları İsveçrənin “AXPO”, Norveçin “STATOYL” və Almaniyanın “E.ON Ruhrqas” şirkətləridir. TAP layihəsinin ölkələr arasında əlaqələrin inkişafına böyük töhfə verəcəyinə əminliyini ifadə edən dövlətimizin başçısı İlham Əliyev bildirir: “TAP Azərbaycan, Yunanıstan, İtaliya və və Albaniya arasında münasibətləri daha da gücləndirəcəkdir. Biz Xəzər dənizi, Qafqaz və Avropanın yeni geniş regional əməkdaşlıq formatını yaradacağıq. Bu, bizim hamımıza fayda verəcəkdir. TAP layihəsinin reallaşması nəticəsində çoxlu işlər olacaq, minlərlə yeni iş yeri yaradılacaqdır. Bu da Azərbaycana Avropa bazarına enerjini təchiz etmək üçün yeni marşrutun yaradılmasından ibarət strateji məqsədləri tam yerinə yetirmək imkanını verəcəkdir.” İtaliya rəsmiləri də bildirirlər ki, TAP Avropanın enerji təhlükəsizliyi və rəqabət qabiliyyətinin gücləndirilməsi, eləcə də İtaliyanın aparıcı ticarət tərəfdaşlarından olan Azərbaycanla ikitərəfli münasibətlərin genişləndirilməsi yolunda mühüm addımdır.

Dünya enerji bazarında mövqeləri möhkəmlənən, investisiya imkanları artan Azərbaycanın təşəbbüsləri dəstəkləndiyi kimi mövqeləri də möhkəmlənməkdədir. Dövlətimizin başçısı bir məqamı da xüsusi qeyd edir ki, birinci böyük layihələrin (BTC və BTƏ neft-qaz kəmərləri) icrası nəticəsində şirkətlərimiz ayağa qalxa bilmiş, kapital, təcrübə toplamışlar. Azərbaycanda belə bir şərait yaratmışıq ki, ölkə iqtisadiyyyatına investisiya yatırmaq ən gərəkli yoldur.

Son 16 ildə ölkə iqtisadiyyatına 270 milyard dollara yaxın investisiyanın yatırılması Azərbaycan mövcud sabitliyin, biznes mühitinin göstəricisidir. Bu fikir də hər zaman önə çəkilir ki, sabitlik iqtisadi inkişafın əsas məsələsidir. Təbii ki, sabitlik olmasa hansısa inkişafdan, ən əsası investorların ölkə iqtisadiyyatına böyük həcmdə vəsait qoyulmasından danışmaq mümkünsüzdür.

Qeyd olunanlar bu reallığın təsdiqidir ki, neft-qaz layihələrimiz, kəmərlərimiz Azərbaycanı dünya miqyasında çox önəmli enerji hasilatçısı kimi ciddi ölkəyə çevirib. Azərbaycanın gələcəyə hesablanmış inkişaf strategiyası daha böyük uğurlara stimul verir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu günə qədər qaz və neft layihələrimizdə ancaq 3 ölkə iştirak edirdi- Azərbaycan, Gürcüstan və Türkiyə. Artıq ölkəmiz geniş beynəlxalq əməkdaşlıq prosesinə qədəm qoyub. Azərbaycan qaz istehsalçısı kimi öz resurslarını dünya bazarına çıxarır. Cənab İlham Əliyev bu əminliyi də ifadə edir ki, bu gün bu sahədə - neft-qaz sahəsində yeni beynəlxalq komanda formalaşıb. Birgə fəaliyyətimiz uğurlu olacaq və komandamız qələbə qazanacaq.

Bu fikirlər təbii ki, uğurlarımızın, birgə əməkdaşlığımızın fonunda gələcəyə inamın nümayişidir. Cənab İlham Əliyev Azərbaycanın təşəbbüsü ilə icra edilən bütün layihələrin uğurla nəticələndiyini önə çəkərək Cənub Qaz Dəhlizini ölkəmizin növbəti qələbəsi kimi diqqətə çatdırır.

Yuxarıda qeyd etdiyimiz kimi, iqtisadi müstəqillik siyasi müstəqillik üçün əsasdır. Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk bildirmişdir ki, regionda sabitliyə istinad edərək biz, həmçinin həll olunmamış Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq hüququn prinsipləri əsasında siyasi yolla öz həllini tapmalıdır. Avropa İttifaqı Minsk qrupu həmsədrlərinin səylərini və Helsinki Yekun Aktının əsas prinsipləri əsasında diqqətin münaqişənin ədalətli və davamlı həllinə yönəlməsini tamamilə dəstəkləyir: “Güc tətbiq etməmək üçün təmkinli olmaq önəmlidir, lakin, eyni zamanda, sülhə və səmərəli danışıqların aparılmasına imkan verən ab-havanın bərpasına yönəlmiş tədbirlər də mühüm əhəmiyyət kəsb edir. Avropa İttifaqı artıq sülhün qurulmasına yönəlmiş fəaliyyətləri dəstəkləyir və xalqları sülhə hazırlamaq üçün konkret tədbirlərlə kömək etməyə hazırdır.” Azərbaycanla Avropa İttifaqı arasında imzalanan “Tərəfdaşlıq prioritetləri” sənədində qurum dövlətimizin qətiyyətli mövqeyini dəstəkləyir, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinin vacibliyini qeyd edir.

Ümumi təhlil əsasında Azərbaycanın beynəlxalq mövqeyinin günbəgün möhkəmləndiyi, dövlətimizin başçısı İlham Əliyevin Davos İqtisadi Forumunda səsləndirdiyi fikirlərin reallıqlara söykəndiyi, Azərbaycanın qarşısında yeni imkanların açıldığı bir daha təsdiqlənir.

Yeganə Əliyeva, “İki sahil”