KÖŞƏ

Əmrah Fəqanoğlu

Vicdan yoxlaması

23 may 2019 10:48
1002

Sivil cəmiyyətlərdə qanunlara, qaydalara riayət edilməsi hər şeydən əvvəl insanın özünə və yaşadığı cəmiyyətə hörmət və sevgisinin təzahürüdür.  Bəzən isə qayda-qanunların pozulması dərəcəsindən asılı olaraq, onu pozan şəxs üçün müxtəlif növ cəza perspektivi vəd etməklə yanaşı, əhatəsindəki toplum üçün də birbaşa həyati təhlükə doğurur. .. Ölmüş, diri çəkisi 315 kiloqram camışı əhaliyə satmaq üçün avtomobilinə yükləyib aparan Qazax sakini Musa Cəfərov kimi. Yaxşı ki, Qida Təhlükəsizliyi Agentliyi və digər aidiyyəti qurum əməkdaşları məsələdən vaxtında  agah olub, cinayətin qarşısını alıblar. Araşdırma zamanı bəlli olub ki, ölmüş heyvan satış məqsədilə Qazaxdan Gəncəyə aparılacaqmış.

Adam nədən ölməsi bəlli olmayan heyvanı kəsib soyub, şaqqalayıb “təzə”, bəlkə də  “halal kəsilmiş ət” adı ilə pərakəndə satış obyektlərində xırıd etmək niyyətində imiş. İlk baxışdan tragikomik təsir bağışlayan bu olayda əsl “ölüm-qalım” məsələsi var. Axı söhbət insan sağlamlığına vurula biləcək ölümcül zərbədən və onun sonrakı fəsadlarından gedir. Bu məqamı da vurğulayım ki, ölmüş heyvanları satmaq həvəsinə düşənlərin hansı bölgə və hansı rayonu təmsil etmələri heç bir əhəmiyyət daşımır.  Ölkədə sahibkarlığın inkişafı üçün yaradılan əlverişli şəraitdən su-istifadə edən bu adamları birləşdirən ümumi bir cəhət, daha doğru desəm, xislət yalnız öz şəxsi mənafelərini düşünmələridir. Xüsusən də yoxlamaların iki il müddətinə dayandırılmasından sonra müddətin yenidən artırılması  sahibkarlıq pərdəsi altında öz tamah dişlərini itiləyən işbazlara əməllicə qol-qanad verib. Bəzi ictimai iaşə obyektlərində, bazarlarda rastlaşdığımız xoşagəlməz hadisələr buna əyani sübutdur. At və eşşək ətlərini, hətta ölmüş heyvan cəsədlərini “yüksək keyfiyyətli ərzaq” brendi ilə əhaliyə satmaq öz yerində, bu yararsız və insan orqanizmi üçün son dərəcə təhlükəli məhsulları yeməkxana və kolbasa sexlərinə təhvil verməyə can atanlar da fəallaşıblar. Bu sırada xəstə toyuq ətlərini satışa çıxarmağa cəhd göstərənlər də var. Hüquq mühafizə orqanlarının və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları sağlamlığımıza qənim kəsilmiş bu tipləri vaxtında ifşa edib, cinayət məsuliyyətinə cəlb edirlər, amma fürsət gözləyib, ölü heyvan cəmdəyinin hesabına pul qazanmaq xülyası ilə yaşayanlar hələ də var, təbii ki. İfşa olunanda da utanmaz-utanmaz özlərinə haqq qazandırmağa çalışıb, “balalarım üçün çörək pulu qazanıram da...” -mızıldanırlar. Daha düşünmürlər ki, zəhərli ətin öz gündəlik çörək pulunu halal zəhməti ilə qazanan statistik azərbaycanlının süfrəsinə düşməsi ehtimalı daha yüksəkdir və onların arasında onun öz doğmaları da ola bilər. Necə ki, saxta dərman satışı ilə məşğul olanlar dolayısı ilə həm də öz yaxınlarını zəhərləmiş olurlar.

Görünən dağa nə bələdçi?! Bu kimi əməllərin adına vicdansızlıq deyilir. Yəni həmin adamların hər şeydən əvvəl ən ciddi formada vicdan yoxlamasından keçirilməsinə ehtiyac var. Bəlkə yoxlanılsalar, çirklənmiş xislətləri, ləkələnmiş vicdanları təmizlənsə, camaata ölü heyvan cəsədi yedirtməyi, saxta dərman satmağı ağıllarının ucundan belə keçirməzlər.

Ölü heyvan, yaxud iylənmiş eşşək və at ətini “təzə dana əti” adı ilə camaata srımaq istəyənlərdən bəziləri iş başında yaxalanarkən guya bu əti zooparka apardıqlarını deməklə, düşdükləri rəzil durumdan, törətdikləri cinayətdən xilas olmağa gülünc və uğursuz cəhd göstərirlər. Halbuki zooparkdakı heyvanların da vicdandan məhrum olanların onlara gətirəcəyi leşə qətiyyən ehtiyacı yoxdur. Gedib öz miflərini başqa yerdə danışsınlar, bəlkə hansısa sadəlövhü  buna inandıra bildilər...

P.S. Keçən dəfə 2 saylı Tibb Kollecinin yaxınlığındakı kafedə 15 dəqiqə növbədə gözləyəndən sonra aldığım toyuq dönərinin keyfiyyətsiz olduğunu görüncə bir daha əmin oldum ki, rusların məşhur “etimad et, amma yoxla!” məsəlinə əməl etməmək həyatımıza hər addımda çox ciddi təhlükədir.

Müəllifin digər yazıları

Müəllifin başqa yazısı yoxdur

Məhərrəm Ağalaroğlu
“Yelqovanlar”
Əmrah Fəqanoğlu
Vicdan yoxlaması
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...