24 yanvar 2020 21:22
1567

YAP Kəngərli rayon təşkilatının sıraları hər il daha da genişlənir

Yeni Azərbaycan Partiyası (YAP) Kəngərli rayon təşkilatının uçotunda 30 ərazi ilk partiya təşkilatında birləşən 3231 partiya üzvündən 1343-ü (41,5 faiz) qadın, 1138-i (35,2 faiz) gənclərdən ibarətdir. 2019-cu ildə Yeni Azərbaycan Partiyasının sıralarına 72 üzv qəbul edilib, bunlardan 47-si qadın, 58-i isə gəncdir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu faktlar YAP Kəngərli Rayon Təşkilatının 2019-cu ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan şura iclasında səsləndirilib.

Tədbirdə YAP Kəngərli rayon təşkilatının sədri Sevda Quliyeva çıxış edərək bildirib ki, ölkəmizin bugünkü inkişafında partiyanın böyük xidmətləri olub. Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bu siyasətin nəticəsində hazırda ölkəmiz güclü dövlətə çevrilib.

“Yüksək inkişaf yolunda inamla addımlayan Naxçıvan Muxtar Respublikasında da bu gün əldə olunan nailiyyətlər Ulu Öndərin yolunun və ideyalarının uğurla davam etdirilməsinin bariz ifadəsidir”, – deyən Sevda Quliyeva vurğulayıb ki, inkişaf və tərəqqiyə qovuşan Kəngərli rayonu da həyata keçirilən quruculuq tədbirləri nəticəsində başdan-başa abadlaşıb, infrastruktur ən müasir səviyyədə yenidən qurulub, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi və güzəranının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb.

Təşkilat sədri diqqətə çatdırıb ki, 2019-cu ildə təşkilatın 4 şura, 11 idarə heyəti yığıncağı keçirilib. Həmin yığıncaqlarda görülən işlərin hesabatı dinlənilib, işin keyfiyyətinin artırılması üçün məqsədyönlü tədbirlər reallaşdırılıb. Ərazi ilk partiya təşkilatlarının fəaliyyətinə nəzarət artırılıb, onlara metodik kömək göstərilib. 2019-cu il ərzində ərazi ilk partiya təşkilatlarında gənc və yaradıcı qüvvələrin YAP sıralarına qəbul edilməsinə nail olunub, onların siyasi-ideoloji hazırlığı diqqət mərkəzində saxlanılıb.

Sevda Quliyeva deyib: “Kəngərli rayonunda tikilən kənd mərkəzlərində partiyanın ərazi ilk təşkilatları üçün hər cür şəraiti olan iş otaqlarının ayrılması bu təşkilatların fəaliyyətinə geniş imkanlar yaradıb. Təşkilatın şura üzvləri kəndlərdə ərazi ilk partiya təşkilatlarında olub, partiya üzvləri və sakinlərlə görüşlər, müxtəlif tədbirlər keçirilib”. O vurğulayıb ki, təşkilati işlər bundan sonra da diqqət mərkəzində saxlanılmalı, vətənpərvər, ictimai işlərdə fəal və təşəbbüskar gənclərin partiya sıralarına cəlb edilməsinə nail olunmalıdır.

Yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirən təşkilat sədri qeyd edib ki, YAP Kəngərli rayon təşkilatı fəaliyyətini qarşıya qoyulmuş vəzifələrə uyğun quracaq, partiya üzvləri muxtar respublikanın ictimai-siyasi həyatında daha fəal iştirak edəcəklər.

Sonra çıxışlar dinlənilib.

Şura iclasında müzakirəyə çıxarılan məsələ ilə əlaqədar qərar qəbul olunub.