06 mart 2019 10:28
1293

Yenilik, fərqli yanaşma, mövcud problemlərin həlli...

“İslahatlar yenilik, yeni yanaşma,  mövcud problemlərin həlli deməkdir. Bu baxımdan 2019-cu il əvvəlki illərdən fərqlənən çox ciddi il olacaqdır” söyləyən dövlətimizin başçısı İlham Əliyev  mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə  görüşündə onu da bildirmişdir ki,  dünyanı bürüyən  iqtisadi və maliyyə böhranı ölkəmizdən də yan keçməmişdir.  2015-ci ildən bütün ölkələrdə iqtisadi tənəzzül müşahidə olunurdu. İqtisadiyyatı neft-qaz sektoru ilə bağlı olan ölkələrdə tənəzzül daha çox nəzərə çarpırdı.

Azərbaycan iqtisadiyyatını düzgün əsaslar üzərində qurması nəticəsində böhrandan az itki ilə çıxan ölkələr sırasında oldu.  2003-cü ildən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyan dövlətimizin başçısı İlham Əliyevin bu məqsədə yüksək səviyyədə nail olmaq üçün regionların malik olduğu potensial imkanlardan səmərəli istifadəyə yol açan regional inkişaf proqramlarını təsdiqləməsi və uğurlu icrasına xüsusi diqqət göstərməsi bugünkü inkişafı şərtləndirən əsas amillərdəndir.  Sözügedən görüşdə cənab İlham Əliyev qeyd etmişdir ki, 2017-ci il iqtisadi sabitləşmə ili kimi xarakterizə olunsa da, 2018-ci ildə isə iqtisadi inkişafa qədəm qoyduq. 2019-cu ildə bu inkişaf özünü daha böyük rəqəmlərlə nümayiş etdirir. Təkmil islahatların şərtləndirdiyi iqtisadi tərəqqi güclü sosial siyasətin həyata keçirilməsini təmin etdi.  Minimum əmək haqqının, minimum pensiyanın təxminən 40 faiz artırılması 830 minə yaxın insanı əhatə edir.  Şəhid ailələrinin problemlərinin həlli, müavinətlərin artırılması və ödənişlərin verilməsi minlərlə insanı əhatə edir.  Problemli kreditlər məsələsinin öz müsbət həllini tapması üçün imzalanan Fərman bir daha bu reallığı ortaya qoydu ki, dövlətimizin siyasətinin əsasında vətəndaşların yüksək rifahının təmin olunması dayanır. “Heç bir ölkədə bu dərəcədə  sosialyönümlü, vətəndaşın marağını güdən addım olmamışdır” söyləyən dövlətimizin başçısı İlham Əliyev qeyd edir ki,  bütün bu sosial paket təqribən 3 milyona yaxın insanı əhatə edir və bir daha niyyətimizi göstərir.

Son 15 ildə ölkəmizdə  yoxsulluq və işsizlik 5 faiz səviyyəsindədir. Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, bu, “qara qızıl”ın insan kapitalına çevrildiyini göstərir: “Onu göstərir ki, bizim siyasətimiz ondan ibarət olmuşdur ki, biz neft-qaz əməliyyatlarından əldə olunan gəlirləri cəmiyyətdə bərabər, ədalətli şəkildə bölək və ölkə iqtisadiyyatının inkişafı üçün lazım olan layihələrə yönəldək.” Cənab İlham Əliyev çıxışlarında bu mühüm məqamı da qeyd edir ki, hər şeyi  Azərbaycan vətəndaşı üçün edirik: “Biz xalq üçün çalışırıq, qururuq, yaradırıq, ölkəmizi gücləndiririk. Biz istəyirik ki, Azərbaycan qüdrətli dövlətə çevrilsin. Hamımız istəyirik, hər bir normal vətənpərvər adam bunu istəyir ki, mövqeyimiz daha da möhkəm olsun, gücümüz də artsın. Nəyə görə?! Ona görə ki, insanlar daha da yaxşı yaşasınlar. Budur, əsas məqsəd. Bizim dövlətimiz nə qədər güclü olsa, insanlar da özlərini o qədər rahat hiss edəcəklər, təhlükəsizlik şəraitində yaşayacaqlar.”

Dövlətimizin başçısı İlham Əliyevin 2019-cu ilin  sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından uğurlu il olacağı ilə bağlı  əminliyə əsas verən əsas amillərdən biri də idarəetmə sisteminin təkmilləşdirilməsidir. 2016-cı ilin sentyabrında ümumxalq səsverməsinə çıxarılan Konstitusiyaya əlavə və dəyişikliklərin bir qismi insan hüquq və azadlıqlarının qorunmasına xidmət edirdisə,  digər qismi isə idarəetmə sistemində təkmilləşməyə yönəlib. Vitse-prezidentlik institutunun yaradılması, Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi ölkəmizin davamlı inkişafına xidmət edən mühüm addımlar sırasındandır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətinin əsas istiqamətlərindən biri məhz əhalinin sosial müdafiəsinin gücləndirilməsidir.  Uzun illərdir ölkənin ictimai-siyasi, mədəni, humanitar, sosial həyatında mühüm və fəal rol oynayan Mehriban xanım Əliyeva Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli  Sərəncamı ilə  ölkənin Birinci vitse-prezidenti təyin olunduqdan sonra  qeyd olunan sahələrdə fəaliyyətini davam etdirəcəyini, bundan sonrakı işlərini sosial məsələlərin, əhalinin aztəminatlı hissəsinin problemlərinin həlli üzərində qurmaq niyyətini açıqlayaraq, qısa dövrdə bu istiqamətdə gördüyü işlərin  miqyasının genişliyi ilə diqqət çəkir.

“Sosial siyasət daim bizim əsas prioritetlərimizdən biridir” söyləyən dövlətimizin  başçısı  İlham Əliyev bunu  belə əsaslandırır ki, iqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır.  Ehtiyac içində yaşayan vətəndaşlara dövlət həmişə öz yardımını göstərir və göstərəcək. Cənab İlham Əliyev, eyni zamanda, bildirir: “Orta təbəqənin maraqlarının qorunması üçün çox ciddi institusional islahatlar aparılır, iş yerlərinin yaradılması ilə bağlı addımlar atılır. Varlı təbəqə isə dövlətdən dotasiya, hansısa yardım gözləməməlidir. Ona görə kommunal tariflərin diferensiasiyası da bax, bu sosial ədalət prinsipini əsas prinsip kimi götürmüşdür və hesab edirəm ki, sosial məsələlərin həlli işində biz  əldə edilmiş uğurlarla fəxr edə bilərik.” Uğurlu sosial-iqtisadi göstəriciləri ilə dünyanın nüfuzlu maliyyə qurumlarının hesabatlarında birinciliyini qoruyan Azərbaycanda insan amilinə verilən dəyər hər zaman təqdir olunur. Bu məqamı xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərdə  günün əsas çağırışlarından olan yoxsulluqla mübarizə hər zaman önə çəkilmiş, ölkəmizin bu sahədəki təcrübəsi nümunə göstərilmişdir. Ölkəmizin yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan seçilməsində də uğurlu, təkmil sosial-iqtisadi islahatlar dayanır. Təkrarən də olsa, beynəlxalq səviyyəli tədbirlərdə səsləndirilən bu fikri bir daha qeyd etmək istərdik ki, yoxsul deyil, yaxşı idarə olunmayan ölkələr var. Azərbaycanda idarəçilik sistemində təkmilləşmə, iqtisadi strategiyanın dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə uyğun müəyyənləşdirilməsi ölkəmizdə təbəqələşmə prosesinin baş verməməsini şərtləndirib. Neft-qaz gəlirlərinin idarə olunmasında şəffaflığın yüksək səviyyədə qorunması mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsinə zəmin yaratmışdır ki, bu da öz növbəsində bu günümüzün əsas çağırışlarından olan yeni hədəflərə inamla irəliləməyə əsas verir. Azərbaycanı qarşıdakı illərdə yüksək gəlirli ölkələr sırasında görmək, ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaq əsas hədəflərdəndir.

Qısa təhlil ölkə Prezidenti İlham Əliyevin “İqtisadi göstəricilər təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır” fikrinin davamı olaraq söylədiyi “İnsan amili, insan kapitalı. Mən hələ bunu 2003-cü ildə demişəm, biz neft kapitalını insan kapitalına çevirməliyik. Bunu deyəndə təkcə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmir. Söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır” tezisinin reallıqlara əsaslandığını təsdiqləyir.

Yeganə Əliyeva, “İki sahil”