27 sentyabr 2020 18:16
598

Yunus Oğuz: Azərbaycan haqq məsələsini müdafiə edir

“Məlum olduğu kimi, sentyabrın 27-də səhər saat 06:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələri cəbhə xəttində növbəti dəfə təxribat törədiblər. Ancaq yüksək əhval-ruhiyyəsi, əzmkarlığı ilə seçilən Azərbaycan Ordusu düşmən təxribatının qarşısını layiqincə almaqdadır. Belə həssas məqamda xalqımızın milli birlik nümayiş etdirməsi vətənpərvərlik hissinin göstərcisidir. Cənab Prezident və Ali Baş Komandan İlham Əliyevə, ordumuza güvənərək tezliklə qələbə qazanacağımıza inanırıq. Bizim işimiz haqq işidir!”

Bu fikri Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz “İki sahil”ə açıqlamasında bildirdi.

Y.Oğuz qeyd etdi ki, düşmənin təxribatına adekvat cavab verən Azərbaycan Ordusu sürətli əks-hücuma keçib: “Bu müharibədə Azərbaycan haqlı tərəfdir. Çünki bütün dünya dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar. Azərbaycan Ordusu bu əks-hücum nəticəsində bir sıra kəndlərimizi işğaldan azad edib. Təbii ki, bu məqam bizim ordumuzun gücünü göstərir. Digər tərəfdən, Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə hərbi vəziyyət elan edib və əhali ümumi səfərbərliyə alınıb. Bu, onu göstərir ki, Azərbaycan Ordusu qismən səfərbərlik elan edilməsinə rəğmən Ermənistan ordusu ilə döyüşməyə hazırdır və bunun öhdəsindən layiqincə gəlir. Faktiki olaraq müharibə gedir. Bu isə Azərbaycan Ordusunun yüksək səviyyəli döyüş hazırlığından, qətiyyətindən və ərazilərimizi tezliklə yağı düşməndən təmizləyəcəyindən xəbər verir.”

Partiya sədrinin sözlərinə görə, təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev bildirib ki, “Biz birlikdə güclüyük!”: “Bəli, Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad edilməsini arzulayır və bunun üçün hamımız bir yerdə olmalıyıq. Əlbəttə ki, hər şey Vətən üçün, hər şey cəbhə üçün olmalıdır. Bu məsələdə hər kəs cənab Prezident və Ali Baş Komandan İlham Əliyevin, Azərbaycan Ordusunun və dövlətimizin ətrafında sıx birləşməlidir. Bu zaman Azərbaycan əsgərlərinin gözü arxada qalmayacaq və qətiyyətlə irəli gedəcəyik.”

Cavid Əkbərov,
“İki sahil”