12 oktyabr 2020 17:00
1179

Zəfər nəğməsini yazır ordumuz

Gözün aydın, Ali Baş Komandanım!

Zamanında verdin öz qərarını.

Elə dərs verdin ki, Ermənistana,

Köməyə çağırır havadarını.

 

Müzəffər ordumuz, şanlı ordumuz,

Düşmənin canına vahimə salıb.

Sərsəm erməninin, sərsəm xəyalı,

Qarabağ istəyi gözündə qalıb.

 

Arzular, ümidlər çoxalır bu gün,

Yenidən közərir sönmüş ocaqlar

Çıxsan pişvazına, Laçın, Kəlbəcər

Boynuna sarılıb səni qucaqlar.

 

Sevinir Füzuli, sevinir Ağdam,

Həsrətə, kədərə nöqtə qoyulur.

Şadlanır Cəbrayıl, şadlanır Şuşam

Üzündə, gözündə sevinc duyulur.

 

Bu güc, rəşadət, cəsarət, hünər,

Türkün damarında axan qanıdır.

Döyüş meydanında ad-san qazanmaq,

Ulu əcdadımın şərəf, şanıdır.

 

Bu zəfər xalqımın ürəkdən gələn

Ən böyük arzusu, niyyəti olub.

Düşmən qarşısına sipər çəkdiyi,

Qəzəbi, nifrəti, hiddəti olub.

 

Bu qəzəb nə vaxtsa bir barıt kimi,

Od-alov püskürüb partlamalıydı.

Zalım düşməninin qəddini büküb.

İntiqam, qisasın o almalıydı.

 

Qarabağ, Naxçıvan mənimdir deyən,

O saxta dillərə kilid vurulur.

Dünyaya hay salan Ermənistanın,

Bu gün qapısında matəm qurulur.

Qoy dünya eşitsin, mənfur düşmənin,

"Pozulmaz" səfini pozur ordumuz.

Bir əlində silah, birində qələm,

Zəfər nəğməsini yazır ordumuz.

 

İndi önümüzdə düşmən diz çöküb,

Dərdinə bir çarə, dərman axtarır.

Görəsən üz tutub hansı ölkəyə,

Özünə "müttəfiq, həyan" axtarır?

 

Hər gün üzümüzə açılan səhər,

Qələbə xəbəri İlhamla gəlir.

Anam Azərbaycan sevindiyindən,

Boy atır, ucalır, göyə yüksəlir.

Rövşən Hüseynov