İyulun 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinə (UFAZ) 2018-2019-cu tədris ili üçün qəbul imtahanı keçirilir.
AZƏRTAC xəbər verir ki, qəbul imtahanı ilə əlaqədar UFAZ-da kütləvi informasiya vasitələrinin nümayəndələri üçün brifinq təşkil olunub. Brifinqdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı UFAZ və bu ali məktəbə qəbul imtahanı haqqında məlumat verib. Qeyd olunub ki, Dövlət İmtahan Mərkəzinin mərkəzləşdirilmiş qəbul imtahanında birinci qrup üzrə 500-dən çox bal toplayan 523 abituriyent UFAZ-a qəbul imtahanında iştirak etmək üçün qeydiyyatdan keçib.
UFAZ-da müvafiq ixtisaslar üzrə 120-si dövlət sifarişli, 40-ı ödənişli əsaslarla olmaqla ümumilikdə 160 tələbənin təhsil alması nəzərdə tutulur.
Saat 10.00-da başlanan imtahan saat 12.00-da başa çatacaq. İmtahanda abituriyentlər ümumi təhsil pilləsindəki tədris dillərinə uyğun (Azərbaycan və ya rus) riyaziyyat, kimya, fizika və ümumi biliklər bloku üzrə hər birindən on test sualını cavablandırır, ingilis dilində qrammatik çalışma və esse yazırlar.
İmtahanın nəticələri iyulun 27-də elan olunacaq.
Xatırladaq ki, UFAZ-da dörd ixtisas üzrə - geofizika mühəndisliyi, kimya mühəndisliyi, kompüter elmləri, neft-qaz mühəndisliyi ixtisasları üzrə tədris həyata keçirilir.
UFAZ-ın məzunları Strasburq Universitetinin və ADNSU-nun diplomlarını alacaqlar.