29 avqust 2018 22:50
1173

Cəbhədən cəbhəyə

Ön xətdən reportaj

Yayın yay günüdü. Yel gah əsir, gah kəsir...

Ürəyim məni səngərlərə çəkməkdədi. Əsgərlərimizlə söhbətləşmək istəyidi bu. Ona gö­rə belə dönməzdi...

Yadıma Həsən Seyidbəylinin “Cəbhədən cəbhəyə” romanı düşür. Məkan eynidi – Azər­­baycan, mahiyyət eynidi – tərxis olunmuş hərbi qulluqçunun müharibədən sonrakı xidməti, cəbhədən sonrakı cəbhə...

Müharibə qələbəmizlə başa çatacaq. Tərxis olunan əsgərlərimiz bu romanın qəhrəmanı Teymur kimi böyük vətəndaşlıq is­təyiylə yeni cəbhəyə – quruculuq cəbhəsinə gedəcək. 

Ezamiyyətlərdə əsgərlərimizin işıqlı düşüncələrini dinləmək, eşitdiklərimin işığını dü­şüncələrimə köçürmək mənə qədərsiz könül xoşluğu verir. İllər (zaman) keç­dik­cə eşitdiklərinin həyatiliyinə, bəşəriliyinə heyrətlənirsən. Eşitdiklərin Vətənə ad olduğu üçün bu heyrət Vətənin üzərliyinə dönür. Bu səbəbdən əsgərlərimizlə səngərli söhbətləri – səngər söhbətlərini ömrümə qazanc bil­irəm...

Səngərlərə – əsgərlərimizlə söhbətləşməyə gedirəm; zabitlərlə başlayacaq söhbəti əs­gər­lər davam etdirəcəklər. Tanıdığım-tanımadığım dostlarıma (əs­gər­lə­rə) yazılan, dostuma (ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq gö­rül­müş Yusif Mirzəyevə) ithaf olunan, dostumun (Şahin Musaoğlunun) yazdığı “İgid əsgər, möh­kəm dayan!” mahnısının bənzərsiz ovqatı indi də yol yoldaşımdı..

Səngərdə Vətəndən, torpaqdan, elan edilmədən başlayan müharibədən,qəh­rə­man­l­ıq­lar­dan, qəhrəmanlardan, ... danışacağıq.  Səmimi mükalimələşmə onların da ürəyincə olacaq, mənim də. Söz sözü çəkəcək. Tarixdən də danışacağıq... 

Tarix tarixi hadisələr deməkdi. Müharibədə hər döyüş öz­lüyündə – ayrılıqda tarixdi. Böyük Qələbəylə nəticələnəcək sonrakı döyüşlərin (qələbə­lə­rin) başlanğıcı kimi dəyərləndirilən döyüşlər ordunun gücünün, qüdrətinin göstəricisi olub. 2016-cı ilin aprel döyüşləri tarixi hadisə kimi tarixləşdi, qüruru yaşanılmaqda, yaşadılmaqdadı...

Zaman baxımından 2 il böyük müddət deyil. Dönməz bir inam deyir ki, böyük ol­ma­yan bu müddətin sonu –  başlanğıcı aprel zəfəri olan Böyük Qələbə yaxınlarda məm­lək­əti böyük coşqu ilə salamlayacaq. “Bu da işğalın sonu, bu da erməniliyin çilikləndiyi gün!” deyəcəyik. Qalib əsgərlərimizin dalğalandırdığı bayraqlarımıza baxıban “Bayrağım – varlığım, bəxtiyarlığım!” kəlmələriylə qoşa deyəcəyik; sabahın qalib əsgərləriylə kəlmələş­mə­yə tələsirəm. 1992-ci ilin iyununda Goranboy rayonunun Ağcakənd qəsəbəsində (keçmiş Şaumyan rayonu) qaliblərlə yan-yanaşı gəzişdiyim anlarda da, az sonra çaya çata-çatda torpağa döşəli qalmış erməni əsgərlərinin meyidlərini görəndə də, Yusif Mirzəyevin qoşa qolları  kürəyimdə çarpazlaşanda da, avtomatının qundağına sığal çəkən əsgərlərin baxışlarında çırpınan istəyin mahiyyətini anlayanda da,.. tarix yazanları bağrıma basmaq istəmişdim. Yayın yay günü bu biçim ünsiyyət yaşadığıma görə taleyimə şükürlər oxumuşdum: səngərlərə –məmləkətə bu şükranlığı yaşadacaq əsgərlərlə görüşə tələsirəm. Ürəyimi dalğalandıran istəkdən, niyyətdən xəbərsiz zaman elə bil lən­gi­yir...

Ruhuma ruh qardaşı bildiyim əsgərlərlə səngərdəyəm...

Müharibədə Vətənin başlanğıcı səngərdi, səngərin başlanğıcı - əsgər ürəyi. Səngərlərin, o üzünə Vətənin başlandığıcından baxacam, əsgərlərimizin ürəyinin gözləriylə baxacam. Səngərindən dikəlməyə cəsarət etməyənləri görəcəm məğlubiyyət acısını döyüşlərdən əvvəl yaşayanları görəcəm. Məğlubiyyətini görə bilməyəcək düşmənləri sığınmağı cəsarətsizlik sipərin görəcəm. Gördüklərimi birə-birər düşüncələrimə köçürəcəm, Dönüb görüşünə gəldiyim əsgərlərə baxacam. Qədərsiz inamla qədim oğuzlarda deyildiyi kimi “Qəzan (döyüşün) mübarək!” – deyəcəm. Bu alqış əsgərlərin sayı qədərincə səslənəcək: “Qəzan mübarək!”  Bu alğış əsən yellərə qarışacaq...

Ürəyim yenə tellənib. İllərdi əsgərlərimizlə söhbətləşmə ərəfəsində yaşadığım duy­ğu­lar söhbətləşəndə ruhumun ruhuna dönür; “ruhumun ruhu” söz birləşməsinin mahiyyəti min illik (daha çox!) dövlətçilik tarixinə sədaqət deməkdi. Hamımız Vətən deyən, dövlət deyən məhəbbətin əsgəriyik, hamımız dövlətçilik tarixinə sədaqətin əs­gə­ri­yik...

Tanımadığım əsgərlərlə tanışlarım, əzizlərim kimi görüşürük – səmimi görüş həmişə sə­mimi söhbətin başlanğıcı olur...

“Ermənilərin sığındığı o kəndimizi nə vaxt azad edəcəksiniz? Səngərləri sərhədlərə nə vaxt köçürəcəksiniz?” - soruşuram. Bu səmimi ərk əsgərlərimizin baxışlarını  dalğalan­dı­rır, baxışlar kükrəyir, kükrəyə-kükrəyə coşur. Bu kükrəyiş, bu coşqu polkovnik-leytenant El­dəniz İbrahimovun da qəlbini riq­qə­tə gətirir:

– Ali Baş Komandanımız nə vaxt əmr verərsə!, – deyir. 2016-cı ilin aprel döyüşlərinin iştirakçısı olmuş zabitin qətiyyətlə dediyi bu gözəlim kəlmələrlə ifadə edilən  qətiyyətin, bu inamın 2016-cı ilin aprel döyüşlərinə sökəndiyini seçmək çətin de­yil.

Qürurla aprel döyüşlərini xatırlayırıq. O döyüşlər milli-xəlqi ru­hun işğalçılıqla döyüşüydü, vətənpərvərliyin qara niyyətlə döyüşüydü.. O qələbə ru­hun qələbəsi oldu. Sülh danışıqları baş tutmasa, Ali Baş Komandan Azər­bay­can Or­du­suna döyüş əmri verəcək, döyüşlər qələbəylə tamamlanacaq, buna Böyük Qə­ləbə de­yə­cə­yik. “Siz qalib ordunun qalib əsgərləri olacaqsınız!” deyirəm. Gah qarşı ya­xaya, gah əs­gər­­lərinə baxan baş leytenant Elşən Cəfərlinin dediklərini hərbi hissənin şəxsi heyə­ti­nin hərbi xidmət amalı bilirəm:

– Hərbi and içmişik. Hərbi andın mətnində deyilənlərə əməl etmək hər birimizin vəzifə borcudur...

“Vəzifə borcu” ifadəsi mənə qüruru kövrəkliyindən çox olmaqla bir hadisəni xatırladır:

Tərtərdəydim. Vəzir Orucov əməliyyata gedəcəkdi, “atüstü söhbət” edirdik. “Mü­ha­ri­bə başa çatınca hamı əsgər olmalıdı, əsgəri amalla, əsgəri inamla yaşamalıdı. Hərbi and Vətən andıdı, ona görə müqəddəsdi. Müqəddəs and günümüzün, ayımızın deyil, son nə­fə­səcən yaşayacağımız anların andıdı...“ , – demişdim. Vəzir bir anlığa ayaq saxlamışdı, tündləşən baxışlarıyla Ağdərə səmtə baxmışdı və “And ömür deməkdi. Əli ömründən üzü­lənlər diriykən ölüdü...” – demişdi və gözdolusu kapitan Pənah Məmmədova – ko­man­dirinə, dostuna baxmışdı...

Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Vəzir Oru­co­vun 26 il əvvəl dediui kəlmələrin mahiyyəti baş ley­te­nantı duy­ğulandırır:

– Hərbi and Vətənə sədaqət andıdı. Əsgərlərimizin Hərbi anda – Vətənə sədaqətinə bi­zim əmin olduğumuz qədər siz də əmin olun. Bu sədaqətlə xidmət edənlər tərxis olun­duq­­dan sonra da bu əqidəylə yaşayacaqlar. Əminəm ki, müharibə şəraitində xidmət edən­lər hər­bi andın tələblərinə mülki həyatda da əməl edəcəklər.

Zabitin fikirlərin hərbi xidmətin həm də vətəndaşlıq məktəbi olduğunun təsdiqiydi.

Baş leytenant onu da deyir ki, yüksək döyüş hazırlığını yüksək mənəvi-psixoloji hazırlığı tamamlayan əsgərlərimiz düşmənin hər tərpənişinin qarşısını qətiyyətlə alır. Qələbə əzmi ilə xidmət edirlər, hər biri Ali Baş Komandanın əmrinə hazırdı.

Əsgər Hüseyn Müslümovun dediklərini komandirinin əminliyinin davamı bilirəm:

– Yaxşı vətəndaş olmayan çağırışçı yaxşı əsgər ola bilməz. Yaxşı əsgər olmayan mülki hə­yatda yaxşı vətəndaş olmayacaq.

Əsgərin qənaəti ürəyimi dağa döndərir. Mənə elə gəlir ki, müharibə qurtarıb, tor­paq­larımız işğaldan tamamilə azad edilib. Cıdır düzündə qalib əsgərlərin əhatə­sin­də­yəm. Son döyüşlərdən danışırıq. Əsgərlərin hər bi­­rini qəhrəman bilirəm, hər birinə göz­do­lusu baxıram, yerə-göyə sığmayan bənzərsiz şükranlığın işığına qarışan ton­qal­lar Dədə Qorqud tonqallarıdı...    

Bu qənaətdə Cocuq Mərcanlıya qayıdışın eynini görürəm, ocağı sönmüşlərə ümid görürəm. Bu ümid işıqlı ümiddi, yaxınlarda gerçəkləşəcək ümiddi...

Əsgər Hüseyn Müslümov onu da deyir ki, çağırışçı hərbi xidmətə yaxşı vətəndaş kimi gəlməli, Nizamnamələrin tələblərinə ciddi əməl etməlidir ki, xarakteri formalaşsın...

Əsgərin işıqlı düşüncələrini düşüncələrimə necə köçürməyəydim? Bu düşüncə­lə­rin düşüncələrə hopmasını necə arzulamayaydım, necə? Bu “necə”lər nə qədər düşün­dü­rü­cü, nə qədər heysiyyətli “necə”lərdi!..

– Hər birimiz hərbi xidmətə gələnəcən tərxis olunanların söhbətlərini eşitmişik. Hərbi xidmətin onların xarakterini necə dəyişdiyini görmüşük, – hərbi xidmətə Masallı rayo­nun­dan çağırılmış İlkin Nəciyev belə deyir. – 8 aydı hərbi xidmətdəyəm. Hərbi xidmət bi­zə məsuliyyətli olmağı öyrədib, öyrədir. Hərbi xidmət bizi Vətən borcunu yerinə yetirə-yetirə mülki həyata hazırlayır.

Baş leytenant Elşən Cəfərli deyir ki, əsgərin döyüş hazırlığı da, mənəvi-psixoloji ha­zır­lığı da bu məsuliyyətlə bağlıdı, bu məsuliyyət ordunun güc amillərindəndir...

Əsgərlərin baxışlarında istək görürəm, qətiyyət görürəm. Bu istək, bu qətiyyət 2016-cı ilin martında  Cocuq Mərcanlıda gördüklərimin eynidi. Görəsən gah əsən, gah əsə-əsə ha­ra­sa tələsən, gah kəsən yellərin bu istəkdən xəbəri varmı?

Bu ilin mayında Cocuq Mərcanlıdaydım. Əsgərlərdən biri demişdi ki, torpaqlarımızı iş­ğaldan azad edəcəyik, tərxis olunduqdan sonra kəndlərimizi yenidən quranların sı­ra­sın­da olacağıq. O da bir cəbhədi – quruculuq cəbhəsi. Quruculuq işləri başa çatana kimi əs­­gərik.

Bu gözəl niyyətə görə mənim əlim əsgərin bir çiyninə, komandirin əli əsgərin o biri çiy­ninə enmişdi. Bu təmaslar ehtiramın, minnətdarlığın ifadəsiydi. Əsgərlərə bunu da de­yi­­rəm. Sanılı saniyələr ötüncə əsgərlərdən biri (az sonra öyrənəcəm ki, Kənan Əkbərlidi) qətiyyətlə, inamla deyir:

– Laçındanam, Laçını görməmişəm. Laçını atamın söhbətlərindən tanıyıram, o söh­bət­lər­­dən sevmişəm. Görmədiyim Laçınımı quranların sırasında mən də olacam. Bunu  Vətən qar­şısında yerinə yetirməli olduğum borc biləcəm...

Əsgər Nasih İsayev əsgər yoldaşının (bəlkə dostunun!) dediklərindən duyğulanır:

– Laçın hamımızın Laçınımızdı, Kənan. Mən Zaqataladanam. İşğalda qalan torpaq­la­rı­mız mənə Zaqatala qədər doğmadı. İşğaldan azad edəcəyimiz torpaqlarımızda quruculuq iş­lərində mən də iştirak edəcəm. Səninlə çiyin-çiyinə, Laçında. Laçını təsəvvüründəki La­çın edə­cə­yik...

“Sizin əsgər qardaşlarınız digər ərazilərdə quruculuq işlərində iştirak edəcəklər” de­mək istəyirdim ki, bayaqdan bəri döyüş növbətçiliyinə getməyə hazırlaşan əsgərlərə töv­siyələr verən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Rövşən Məm­mədov söhbətimizə müdaxilə edir:

– Qələbə qazanacağımıza bütün varlığımla əminəm. Qələ­bə­dən sonra əsgərlərimiz tərxis olunacaqlar, azad edəcəyimiz torpaqlarda quruculuq işlərində əsgəri məsuliyyətlə işləyəcəklər. Hamımız Laçınlıyıq, Kəlbəcərliyik, Ağ­dam­lı­yıq, Füzuliliyik, Cəbrayıllıyıq, Qubadlılıyıq, Zəngilanlıyıq...

Bu qənaət azərbaycançılıqdır; Əsgər ürəyindən başlayan Vətənin hər tərəfi hər birimiz üçün əzizdi, doğmadı. Bu doğmalığı hərbçilər daha həssaslıqla ya­şa­dır...   

Ürəyim bu biçim niyyətin, murazın sevincinə dar gəlir. Var səsimlə qış­­qırmaq keçir kön­lümdən: Azərbaycan əsgəri torpaqlarımızı işğaldan tamamilə azad edə­cək, bu əsgərləri işğaldan azad olunan kəndlərin Cocuq Mərcanlı kimi yenidən qurulmasında iş­tirak edənlərin sırasında görəcəyik! Azər­baycan əsgəri səngərdən döyüşə, döyüşdən qələbəyə, qələbədən quru­cu­luq cəb­hə­si­nə uğur üstədi!..

...Görəsən, ilin-günün bu vaxtı gah əsən, gah kəsən yellər ürəyimizdən keçənləri bil­səy­di, əsərdimi, kəsərdimi?!..

Rəşid Faxralı