XX əsrin 90-cı illərində və 2000-ci illərin əvvəlində Qərb özünün qeyri-hökumət təşkilatları, fondları vasitəsilə müxtəlif etiraz hərəkatlarını dəstəkləməklə, Şərqi Avropa ölkələrində və postsovet məkanında “rəngli inqilablar””, “sülhyaratma” əməliyyatları” təşkil etməklə, qiyamçıları silahlandırmaqla, kütləvi insan qırğınları ilə nəticələnən İŞİD, PKK kimi terrorçu dəstələri maliyyələşdirməklə “ipə-sapa yatmayan” dövlətləri cəzalandırır. Beynəlxalq hüquqla tənzimlənməyən, ikili standartların astar üzü olan ərazi münaqişələrinin dəstəklənməsi təhlükə və riskləri artırır. Qərb ölkələrinin məqsədli şəkildə yaratdıqları bu təhlükələrə “göz yummaları”” radikal, ekstremist silahlı dəstələri “ruhlandırır.”
Dünya siyasətinin gündəminə, bəşərin bəlasına çevrilən terror, dini qruplar arasındakı qarşıdurmalar, ərazilərin bölünməsi uğrunda davam edən mübarizələr gücləndikcə çəkişmələrdən əziyyət çəkən dinc, günahsız mülki insanların da sayı artır. Supergüclər tərəfindən məqsədli şəkildə planlaşdırılan, müxtəlif xalqlara məxsus təbii sərvətlərin bölünməsi, mənimsənilməsi uğrunda aparılan rəqabət üçün radikal silahlı qruplaşmalardan istifadə, hətta həmin qruplaşmalar arasındakı bilərəkdən yaradılan qarşıdurmalar terrorların coğrafiyasının genişlənməsi ilə nəticələnir. Myanmada- Arakanda hökumət qoşunları ilə müsəlman əhali arasında baş verən dəhşətli hadisələri, günahsız müsəlmanların qətliamını seyr edən dünya birliyinin “səssizliyinin”, Suriyada, Əfqanıstanda, İraqda törədilən qətliamlar nəticəsində doğma evlərini tərk edən türkmanlara qarşı aparılan soyqırımılarının məntiqi nəticəsi dəyişməzdir: Müsəlmansan, ölməlisən!
Törədilən terrorlardan sonra ərazilərdə yaranan, qan donduran mənzərini, yandırılan evləri, gözü yaşlı anaların fəryadlarını, başı kəsilən insanları, imdad diləyən körpələrin səslərini dünya ictimaiyyəti hələ də eşitmək istəmir. Çünki bu günahsız qurbanlar İslama sitayiş edənlərdir. Demək islamofobiya yatarmaqla dini ekstremizimə dəstək olan dairələrin əsas məqsədi müxtəlif ərazilərdə özlərini güc amili kimi göstərmək, başqalarının əzab- əziyyətləri hesabına maraqlarını gerçəkləşdirməkdir.
1992-ci ildə ermənilərin Xocalıda törətdikləri soyqırımı zamanı öldürülən 613 nəfərin qətlinə biganə qalanlar, İraqda, Suriyada evlərindən didərgin salınanların harayını eşitməmək üçün qulaqlarını tıxayanlar, terrora dəstək verdikləri, silahlı qrupları maliyyələşdirdikləri üçün özlərinə haqq qazandıranlar əsasən “ demokratiyanın pozulmasını”, “insan haqlarının qorunmamasını” bəhanə gətirərək əsl demokratiyanın prinsiplərini kobudcasına tapdalayır, dinc insanların həyatını təhlükəyə atan, soyqırımlara səbəb olan faciələrə xeyir-dua verirlər. Ermənistan terrorçularının soydaşlarımıza qarşı əsrlərdən bəri törətdikləri soyqırımlara, faciələrə “hüquqi qiymət” vermək niyyətində olmayan beynəlxalq təşkilatlar Xocalı soyqırımında ermənilər tərəfindən diri-diri yandırılan, basdırılan, başı kəsilən soydaşlarımızın qətlini təbii qəbul etdilər.
Artmaqda olan islamofobiya, multikulturalizmin böhranı, ikili standartların xarakterik təzahürləri olan qətliamlar çoxlu suallar doğurur: Öldürülən, sığınacaq axtardıqları yerlərdə ədalətsizliklə üzləşən, təhqir olunan müsəlman miqrantların günahı nədir? Ədalətin böhranına və beynəlxalq hüququn fəaliyyətsizliyinə səbəb olan münaqişələrdə əsas vasitə radikal qruplaşmalar, terror təşkilatlarıdır. Demokratiya adı ilə terrora dəstək verənlərin suveren dövlətlərə siyasi təzyiqi, daxili işlərinə müdaxilə ilə xarakterizə olunan belə yanaşma ikili standartlardan qaynaqlanır. Müttəfiqləri sıradan çıxarmaq, rəqiblərinə arxadan zərbə vurmaq naminə yaradılan terror qruplarını dəstəkləməklə regionda gərginlik yaratmaq “ təcrübəsi” Suriya hadisələrində bəlli olur.
Bu cür əməliyyatlar nəticəsində bütün region dövlətləri müharibələr, terror dalğası, inqilablar, separatizm, etnik və dini təmizləmələrdən zərər çəkirlər. “Rəngli inqilab”lar”, “sülhyaratma” əməliyyatları” təşkil etməklə qiyamçıları silahla təchiz edən qüvvələr İŞİD kimi radikal birləşmələrə, onun qollarına dəstək göstərirlər.
XXI əsri qanlı müharibələr, uzun sürən münaqişələr, soyqırımları, davam edən və pislənilməyən işğallar əsri kimi deyil, sülh, sabitlik, inkişaf və əməkdaşlıq əsri kimi görmək istəyənlər ilk növbədə “terrora dəstək” çağırışlarına son qoymalı, beynəlxalq hüquq normalarına hörmət olunmalı, əməkdaşlıqda qarşılıqlı anlaşma prinsiplərinə riayət edilməlidir. Bu sahədə Azərbaycan təcrübəsi nümunə göstərilə bilər. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan mübarizə və qarşıdurma məkanı deyil, dostluq, əməkdaşlıq mərkəzi kimi dünyada sülhün qorunmasına öz töhfəsini verir və verəcək.
Azərbaycanın Cənubi Qafqazın ən təhlukəsiz ölkəsi olması İqtisadiyyat və Sülh İnstitutunun bu günlərdə açıqladığı “Qlobal terrorizm indeksi” məruzəsində yüksək dəyərləndirilir. Respublikamızın reytinqi üç pillə yaxşılaşaraq 138 dövlət arasında 98-ci yerdə qərarlaşmışdır. Başqa sahələrdə olduğu kimi, bu indeks üzrə də Cənubi Qafqazda lider olan Azərbaycanın terrorizmə qarşı mübarizədə fəallığı təsdiqləyir. Sahibkar və xeyriyəçi Stiv Killeleanın 2007-ci ildə təsis etdiyi və dünyada 15 ən nüfuzlu analitik mərkəzlərindən olan, Avstraliyanın Sidney Universitetinin İqtisadiyyat və Sülh İnstitutunun himayəsi altında, beynəlxalq ekspert qrupu tərəfindən hazırlanan bu sənəd kompleks tədqiqatın nəticəsi olmaqla, münaqişə zonalarında risklərin yaratdığı təhlükələrə də aydınlıq gətirir. “Qlobal terrorizm indeksi”ndə ilk yerlərdə terrorçuluğun daha çox zərər verdiyi bölgələr, siyahının sonunda isə ən təhlükəsiz ölkələr yer alır. Reytinqin “ liderləri” İraq, Əfqanıstan və Nigeriyadır. Siması dəyişən qlobal terrorizm ötən il dünya iqtisadiyyatına 52 milyard dollar ziyan vurmuşdur. İnsan tələfatı ilə nəticələnən və ötən il 67 ölkədə törədilən terror hadisələrində ifrat sağçıların “fəallığı” narahatlıq doğurur. Dünyanın güc mərkəzlərinin bu ümumbəşəri bəlaya qarşı mübarizəyə etinasız yanaşması vəziyyəti çətinləşdirir. Maliyyələşdirdikləri, silahlandırdıqları İŞİDİ, onun törəmələri olan YPĞ-ni, PYD-ni, Türkiyədə 251 nəfərin ölümü ilə nəticələnən, dövlət çevrilişinə cəhddə əli olan “FETO” qruplaşmasını terrorçu kimi tanımayan Qərbin ikili mövqeyi silahlı birləşmələrə dəstək kimi qəbul edilir. Terrorçu qrupların daha çox məskunlaşdığı Suriya kimi dövlətlərin belə himayə olunması terrora “ yaşıl işıq” yandırmaqdır.
Belə mürəkkəb bir zamanda terrora məruz qalan, Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkən Azərbaycanın ümumi bəla olan silahlı qruplaşmalara qarşı mübarizəsinin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsi Azərbaycan brendi olan tolerantlıq və multikulturalizmə beynəlxalq səviyyədə verilən qiymətdir. Azərbaycanı nadir, siyasi cəhətdən sabit ölkə kimi tanıdan Prezident İlham Əliyevin “Bu gün ölkəmizdə yaşayan bütün xalqlar, bütün konfessiyaların nümayəndələri özlərini rahat, ölkəmizin layiqli vətəndaşları kimi hiss edir və həqiqətən belədir. Mən dəfələrlə demişəm, bizim müxtəlifliyimiz bizim sərvətimizdir. Azərbaycanın etnik və dini müxtəlifliyi bizim böyük sərvətimizdir, biz onu çox yüksək qiymətləndiririk və bu müsbət meyillərin möhkəmlənməsi üçün nə lazımdırsa edirik” sözlərində humanitar platforma olan ölkəmizin daxili və xarici siyasətinin əsas amilləri əksini tapır.
Xuraman İsmayılqızı, “İki sahil”