09 yanvar 2019 10:37
2764

Naxçıvanda yaşayan və unudulan tayfalar

Orta əsrlərdə Azərbaycanda yaşayanlarda milli mənlik şüuru ikili xarakter daşıyırdı. Özlərini azərbaycanlı hesab etməklə yanaşı, onlarda öz tayfalarına mənsubiyyət hissləri də qalmaqda davam edirdi. Bəzən müsəlmanlığı milliyyət kimi qəbul edirdilər. Bu zaman tayfa birliyi ayrıca rol oynayırdı.

1727-ci il “Naxçıvan sancağının müfəssəl dəftəri”ndə milliyyət göstərilmədən əhali yalnız müsəlman, xristian bəzən isə “Zimmi” lər kimi qeydiyyata alınmışdır.

Azərbaycanın Rusiya tərəfindən işğalından sonra rus tədqiqatçıları V.Qriqoriyev, İ.Şopen, Smirnov, Sısoyev və s. öz əsərlərində əhalini ermənilər (yerli və köçürülənlər) və müsəlmanlar kimi bölmüşlər. Maraqlıdır ki, tədqiqat əsərlərində xüsusilə Kəngərliləri ayrı bir millət kimi azərbaycanlılardan ayırmışlar. K.N.Smirnov Sirabda Tatarlar, Kəngərlilər,(Kəlfir, Salahı, Bekdilli ) 276 nəfər, onlardan Kəngərli 140 nəfər, V,Qriqoriyev isə Sirabda 35 tüstü  (11 tüstü Kəngərlilər ) ifadəsini yazmışlar.

Naxçıvanda yaşayan bir neçə böyük tayfa uzun zaman öz birliyini (varlığını) qoruyub saxlaya bilmişdir. Son zamanlar bu tayfalar tirələrə, qollara bölünmüş həmin tayfadan olan müxtəlif şəxslərin, peşə sahiblərinin və sair adı ilə özlərini tayfa adlandırmışlar.

Maraqlıdır ki, çar Rusiyası dövründə və Sovet Hakimiyyətinin ilk illərində rus tədqiqatçıları Naxçıvan şəhəri və kəndlərdə tayfalarla bağlı tədqiqat aparmış və ya müəyyən vəzifələrdə çalışan naxçıvanlıların tərtib etdikləri hazır materiallardan istifadə etmişlər. Sonrakı dövrlərdə Naxçıvanda yaşayan tayfalarla bağlı geniş tədqiqat əsərinə rastlaşmamışıq. Muxtar respublika ərazisindəki yaşayış məntəqələrində yaşayan tayfaların öyrənilməsi ilə son 200 ildə əhalinin miqrasiyası və bunun səbəbləri, yaşayış məntəqələrindəki tayfalar haqqında məlumat toplamaq mümkündür.  Ona görə də, Sirab kəndində yaşayan tayfalar haqqında mümkün dairəsində məlumat toplamağa çalışdıq.

Sirab kəndində olan tayfalar

Sirab kəndində bir neçə böyük və kiçik tayfa, tirələr yaşayır. Müxtəlif tədqiqatçılar Kəngərli tayfasının  tirələrini fərqli formada (həm tirələrin sayında, həm də  adlarında)  təqdim edirdilər. Kəngərli tayfasının eyniadlı tirələri müxtəlif yaşayış məntəqələrində yaşayır. Tədqiqatçılar isə bu siyahını dolğun formada toplaya bilməmişlər. Məsələn, İ.Kəngərli özündən əvvəlki mənbələrə istinadən Salayçı (Salahı) tirəsinin Nəhəcir, Külüs, Mahmudobada yaşadığını qeyd edir. Ancaq  Salahı tirəsinin nümayəndələri Cəhri, Sirab, Yaycı, Üstüpü kəndlərində də çox sayda yaşayır. O biri tirələrin yayılması da tam toplanılmamışdır. Q.Qədirzadə Cəhri və Sirabda yaşayan salahı tayfalarının əlaqəsi haqda yazarkən hər iki kənddə  olan eyniadlı və çoxsaylı toponimləri misal çəkir.

Sirabda ən böyük və çoxşaxəli tirələrdən ibarət olan Salahı tayfasıdır. Bu tayfanın tirələrinin Sirabda bir-biri ilə qohumluq əlaqəsi olduğu bilinmir. Bəziləri isə yenidən tirələrdə birləşirlər.

Məsələn, Məmmədovlar, Həsənovlar, Rəhimovlar 8 çərəklilər adlanırlar.

Rus tədqiqatçılarının çoxu Salahlı və Ələkbərli tirəsini Kəngərlilərin ayrı qolu kimi verirlər. Q.Qədirzadə qeyd edir ki, Sovet İftifaqı qəhrəmanı Qəzənfər Əkbərovun tayfası olan Ələkbərlilər Salahlıların bir tirəsidir. Sirabda da Əliyevlər, Ələkbərov və Abdullayevlər özlərinin Salahlı tayfasının Ələkbərli qolu olduqlarını təsdiqləyirlər. 1727-ci il “Naxçıvan sancağının müfəssəl dəftəri”ndə Əkbər, Səfər (Cəfər), Vəli(Vəliyar) adları çəkilir ki, bu nəsildə təkrarlanan adlardır.

“Naxçıvan sancağının müfəssəl dəftəri”ndə  təsdiqlənən tayfalardan biri də Novruzovlardır. Dəftərdə adı çəkilən Əhməd Novruz oğlu (Əhməd və Novruz) bu nəsildə dəyişilib təkrarlanan adlardır. Əhməd və Novruz əmilərim, ondan əvvəl isə Novruz atamgilin babası olub.

Salahlılardan olan İbrahimovlar Ordubadın Üstüpü kəndindən gəlmişlər. Siraba Ağabba, İbrahim və Həsənəli adlı üç qardaşın gəldiyi söylənilir.  Tayfada İbrahim və Ağabba adları bu gün də təkrarlanır.Tayfanın əlaqəsi itsə də araşdırmalar nəticəsində öyrənmişik ki, Üstüpüdən vaxtı ilə Zaqatalaya sürgün olunan ailələrdə də eyni adlar təkrarlanır.

“Sol” Həsənli və “Təpə” Həsənlilərini kənddə çox adam eyni tayfa kimi tanıyır. “Sol” Həsənlilər “Kəlfir” tirəsindən olub Türkeşlilər ilə qohumluq əlaqəsi vardır. “Təpə” (evləri təpədə olduğu üçün) Həsənlilər isə Salahlılardandır. 80 yaşlı Oruc Həsənov bu faktı təsdiqləyir.

Sirabda olan böyük tayfalardan biri Bəydillilərdir. Kəndə sonradan kompakt şəkildə köçüb gələrək eyni adlı məhəllə yaratmışlar. 1960-cı illərə qədər tayfalar məhəllələr üzrə ayrı yaşayırdılar.

Bəydilli tayfaları haqqda mənbələr fərqlidir. Bəzi Rus tədqiqatçıları Bəydilliləri Kəngərlilərin bir qolu kimi adlandırırlar.(İ.Şopen)

M.H.Baharlı yazır ki, Cənubi Azərbaycana Şahsevənlər Yunsur paşa adlı bir nəfərin başçılığı  ilə 3000-dən çox alaçıq gəlmişdi. Yunsur paşanın nəvələrindən Bəydəlibəy və Qoçabəydən Bəydilli, Xocalı nəsilləri törənmişdir. Bu Şahsevən tayfasına XVI yüz illiyin sonlarında Anadoludan gəlmiş iki Səlcuq tayfası da birləşmişdir. Həkimoğlu İsmayıl “İslam tarixi” kitabında Xarəzmşahların Oğuzların Bəydilli boyundan olduğunu XIII yüz illiyin ilk yarısında Hindistandan Anadoluya qədər yayıldığını yazır.

Bəydilli adına ilk dəfə M.Kaşkarinin “Divani-Lüğəti türk” əsərində rast gəlinir.

F.Rəşidəddin, Yazıçıoğlu Əli, Əbülqazi xan Xivəli də Bəydilliləri oğuz boylarından biri kimi qeyd edirlər.

Sirabda yaşayan  böyük tayfa birliklərindən biri də Şahsünlulərdir (Şah Hüseynli). Bunların Şahsevənli tayfasından olması mübahisəlidir. Siraba Cənubi Azərbaycanın Vərməziyar kəndindən gəldikləri söylənilir. Ayrıca məhəllə təşkil etmişlər. 1950-ci illərdə ayrılaraq kəndin müxtəlif ərazilərində yaşamışlar.

Hacırəcəblilər - Rəcəb adlı bir nəfərin törəməsidir. Yaşlı adamların söyləməsinə görə kəndin ilk sakinləri hesab edilən Hacılılara çobanlıq etmiş, sonradan isə Hacılılarla qohumluq əlaqələri quraraq eyni adlı məhəllənin təməlini qoymuşdur.

Burada bir haşiyə çıxmaq istərdik. Sirab kəndinin tarixi çox qədim olsa da,  yaşlı adamlar müxtəlif tayfaların Siraba son dövrlərdə gəldiyini söyləyir. Məsələn bəydillilər ayrı məhəllə təşkil etdikləri kimi ayrıca qəbiristanlıqları da mövcud idi ki, təxminən XIX əsrin ortalarından təməli qoyulub. Görünür ki, XVI əsrin sonlarında Osmanlılar tərəfindən (1579-cu il) 40-60 min əsirin aparılması XVII ərin əvvələrində I Şah Abbas tərəfindən 70 minə yaxın əhalinin indiki İran ərazisinə köçürməsinin nəticəsi idi ki, kənd boşalmışdı.

Sirabda Kəngərlilərin Hacılılar, Zülfüqarlılar, Kəlfirlilər tirələri də mövcuddur.

Sirabda bir qisim tayfalar sirablılar adlanır. Bunların içərisində Quliyevlər, Hüseynovlar, Zeynalovlar, Mehbalıyevlər və Novruzovların da Salahı tayfasının tirələri olduğu söylənilir.  

Kənddə üstünlük təşkil edənlərdən biri də Seyidlərdir. Yuxarı və ya Bəydilli Seyidləri Siraba Bəydillilərlə birlikdə  gəlmişlər.

Sirab kəndinə son dövrlərdə köçənlər çox azdır.  Az sayda olan Həsənovların bir qolu Həsənov Bəhmanın törəməsidir. 1905-ci il erməni qətliamları dövründə kəndə gəlib. Kəlfirli Həsənlilərdən Həsənov Cabbar uşağı övladlığa götürmüş, soyad və ata adını özününkünə yazdırmışdır. Ümumiyyətlə, tayfa və tirələr üzrə siyahı bu cürdür. Bir qisim tirələr Sirablılar kimi tanınır.  Sirabda olan tayfalar aşağıdakı soyadlarla  və  ailə üzvlərinin sayı ilə təmsil olunmuşlar. Statistik rəqəmlər 1999-cu ilə aiddir.

Zaleh Novruzov