Bölgələrdəki otellərdə dincəlmək istəyi bizə neçəyə başa gəlir?
Azərbaycan turizm sektorunu inkişaf etdirmək istəsə də, regionlardakı qiymətlər nəinki xarici turistləri, hətta ölkəmizin vətəndaşlarını belə özünə cəlb edə bilmir. Qiymətlərə nəzər saldıqda yemək və yol xərcləri daxil olmaqla iki nəfərin ölkədaxili hər hansı bir istirahət mərkəzində və ya oteldə dincəlməsinin xaricə səfərdən baha başa gəldiyini görmək o qədər də çətin deyil.
Heç də təsadüfi deyil ki, Nazirlər Kabinetinin ölkənin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclaslarının birində Prezident İlham Əliyev bu problemi xüsusilə qabardıb. Dövlətimizin başçısı məsələ ilə bağlı danışarkən bildirib ki, mənə siqnal gəlir ki, bizdə otellərin qiyməti bahadır, xüsusilə bölgələrdə: “İndi Bakıda tanınmış brendlər fəaliyyət göstərir. Əlbəttə ki, onlar bütün dünyada fəaliyyət göstərir. İndi Bakıda otellər şəbəkəsi ən mötəbər şəbəkədir. Onların öz qiymət siyasəti var. Biz buna o qədər də qarışa bilmərik. Ancaq beşulduzlu olmayan otellərin qiyməti niyə bahadır? Bölgələrdə, rayon yerlərində elə qiymət qoyurlar ki, heç adam oraya getmək istəmir. Yenə də deyirəm, burada bəlkə də buna çox sadə yanaşırlar ki, qiymətləri bazar tənzimləyir, əgər tələbat varsa, təklif də var, amma hər kəs gedə bilmir... Üçulduzlu otellər azdır, ikiulduzlu otellər yoxdur. O qədər də böyük maddi imkanlara malik olmayan ailələr istirahət edə bilmirlər. Budur reallıq”.
Ölkə Prezidentinin problemə kəskin münasibət bəsləməsindən sonra bu sahədə irəliləyişlər olsa da, problemlər hələ də qalmaqdadır. Regionlarımızdakı istirahət mərkəzləri və otellərin adambaşına bir günlük istirahət qiymətləri orta hesabla 100 manatdan baha başa gəlir. Belə olduğu təqdirdə isə bir həftəlik qiymət ən azı 800 manat edir. Həmin qiymətə isə turizm şirkətlərinin təklif etdiyi xaricdə istirahət paketlərini dəyərləndirib məsələn, aviabilet, sığorta daxil olmaqla Türkiyənin Antaliya şəhərinin beşulduzlu otellərində istirahət etmək mümkündür. Elə bu səbəbdən hər il olduğu kimi, indi də regionlarımızdakı bəzi istirahət qiymətlərinə nəzər saldıqda “xaricdə istirahət daha ucuz başa gəlir” fikri özünü tamamilə doğruldur.
Bu sahədə ən son durumu öyrənmək məqsədilə bölgələrimizdə fəaliyyət göstərən otellərin bəziləri ilə əlaqə saxlayıb bir günlük istirahət qiymətləri ilə tanış olduq. Sualımıza cavab olaraq Qəbələ rayonundakı beşulduzlu “Qafqaz Tufandağ Mountain Resort” otelindən bildirdilər ki, burada bir nəfərlik otaqda bir nəfərin günlük qonaqlaması yalnız səhər yeməyi daxil olmaqla 257 manata başa gəlir. Bu oteldə dörd nəfərlik ailəvi lüks otaq isə yalnız səhər yeməyi daxil olmaqla 369 manatdır. Bu rayondakı beşulduzlu “Qafqaz Riverside Resort Hotel”də də təxminən eyni vəziyyətdir. Həmin oteldən aldığımız məlumata görə, burada bir nəfərin günlük istirahəti yalnız səhər yeməyi daxil olmaqla 241 manatdır. 4 nəfərlik istirahət isə yalnız səhər yeməyi verilməklə 510 manata başa gəlir.
Qəbələdəki daha bir istirahət məkanından - dördulduzlu “Qafqaz Karvansaray” otelindən isə bildirdilər ki, burada bir nəfərin günlük istirahəti 119 manatdır. Səhər yeməyi üçün isə əlavə 15 manat ödənilməlidir. Günorta və axşam yeməyi isə qiymətə daxil deyil. Burada dörd nəfərlik ailəvi istirahət isə 323 manatdır.
Şəkidəki otellərdə və digər istirahət məkanlarında Qəbələyə nisbətən qiymətlər aşağı olsa da bu, orta statistik azərbaycanlının və xarici turistin cibinə uyğun deyil. Məsələn, buradakı beşulduzlu “Marxal Resort and Spa” otelindən bildirdilər ki, bu məkanda bir nəfərin günlük qonaqlaması yalnız səhər yeməyi daxil olmaqla 144 manatdır. Dörd nəfərin bir günlük istirahəti isə yalnız səhər yeməyi verilməklə 288 manata başa gəlir.
Şamaxı rayonu ərazisindəki turizm obyektlərində də qiymətlər demək olar ki, fərqli deyil. Rayonun Şaradil kəndində yerləşən beşulduzlu “Şamaxı Palace Platinum by Rixos” otelindən bildirildi ki, burada bir nəfərlik otaqda bir nəfərin günlük qonaqlaması 148 manat, dörd nəfərlik otaq isə 385 manatdır. Qiymətlərə yemək daxil deyil. Bərəkallah!
Gəncə şəhərində yerləşən beşulduzlu “Ramada Plaza” otelindən isə bildirildi ki, burada iki nəfərlik otaqda bir nəfərin günlük qonaqlaması yalnız səhər yeməyi verilməklə 120, dörd nəfərlik istirahət isə 360 manata başa gəlir.
Göründüyü kimi, bu otellərin təklif etdikləri bir günlük qiymətlərlə Türkiyənin beş ulduzlu otellərində iki gün istirahət etmək olar. Həmçinin həmin qiymətlərlə bəzi kampaniyalardan istifadə edib dünyanın digər inkişaf etmiş ölkələrində də istirahət etmək tamamilə məqsədəuyğundur. Bax, elə bu səbəbdən də vətəndaşlarımız istirahət üçün başqa ölkələri seçmək məcburiyyətində qalırlar.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” daxilində qarşıya qoyulan məqsədlərdən biri də məhz turizmin inkişafı məsələsidir. Adıçəkilən Dövlət Proqramında qeyd olunur ki, qeyri-neft sektorunun inkişafı istiqamətində regionlarda turizmin inkişafı qarşıdakı illərdə prioritet olaraq qalacaq, turizm ehtiyatlarının genişləndirilməsi, turistlərin istirahəti, onların tələbatının ödənilməsi üçün zəruri olan turizm xidmətləri və digər mədəni tədbirlərin çeşidinin genişləndirilməsi və müasir standartlara uyğunlaşdırılması, turizm obyektlərinin tikintisi ilə bağlı layihələrin icrası davam etdiriləcəkdir. Doğrudur, bu sahədə irəliləyişlər var. Amma regionlarımızdakı otellərin qiymətlərinə nəzər saldıqda Dövlət Proqramı daxilində qarşıya qoyulan məqsədlərdən biri olan turizmin inkişafının hələlik sual altında qaldığı görünür. Bir çox ölkələrin arzusunda olduğu təbii landşaftımız deyəsən bu qiymətlərlə elə vətəndaşlarımız üçün də elə arzu olaraq qalmaqda davam edəcək.
Sözügedən Dövlət Proqramında turizm sahəsinin inkişaf istiqamətlərindən biri də bu sektorda çalışan personalın peşə hazırlığı səviyyəsinin artırılması vasitəsilə regionlarda turizm xidmətlərinin keyfiyyətinin daha da yaxşılaşdırılması məsələsidir. Belə ki, dünyada fəaliyyət göstərən beşulduzlu və ya digər otellərin standartları ilə ölkəmizdəki otellərin standartları eynidir. Bəs onlara nə dərəcədə əməl edilir? Bu baxımdan bizim otellərin əksəriyyəti standartlara cavab vermir. Əgər monitoriq keçirilsə, beşulduzlu otellərdə nömrə sayına uyğun olaraq personal olmadığını görə bilərik. Məsələn, belə otellərin əksəriyyətində 100 personal lazım olduğu halda 50-60 nəfər işləyir. Bu isə təbii ki, düzgün deyil, lakin ölkəmizdə belə otellərin sayı çoxdur.
Həmçinin ölkəmizdə çoxlu sayda dörd, beşulduzlu otellər mövcuddur. Lakin onların ulduzlarının sayı göstərilən xidmətin səviyyəsi ilə uyğun gəlmir. Əlbəttə ki, ölkəmizdə fəaliyyət göstərən bu tip otellər yenidən monitorinq edilməlidir. Elə otellər var ki, beşulduzlu adlandırılsa da, heç üçulduzlu otellərin standartlarına cavab verə bilmir. Bu otellərdə sanitar-gigiyenik məsələlər və həmçinin xidməti personalın qonaqlarla davranış qaydaları aşağı səviyyədədir. Sahibkarlar, otel menecerləri öz işlərini düzgün qurmağı bacarmırlar. Təbii ki, otellər standartlara uyğun xidmət göstərməlidir ki, müştərilərdə məmnunluq yaransın.
Cavid Əkbərov, “İki sahil”