03 may 2025 14:53
210

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Hesabat-Seçki Konfransı keçirilib - YENİLƏNİB

Mayın 3-də Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) 8-ci Hesabat-Seçki Konfransı keçirilib.

“İki sahil” xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib və ərazi bütövlüyümüz uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra AQC-nin fəaliyyəti barədə hesabat məruzəsi dinlənilib. Bildirilib ki, 1998-ci ilin dekabrında qiymətləndirmə fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin, iqtisadçı alimlərin təşəbbüsü ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) yaradılıb və 1999-cu ilin fevralında Ədliyyə Nazirliyində ictimai birlik kimi qeydiyyata alınıb.

Hazırda respublikanın bir çox əmlak qiymətləndiriciləri və qiymətləndirmə sahəsində böyük təcrübəyə malik olan hüquqi şəxslər, qiymətin əmələ gəlməsi və əmlak bazarı sahəsində ölkəmizdə, eləcə də onun sərhədlərindən kənarda tanınan iqtisadçı alimlər, maliyyə məsələləri ilə məşğul olan mütəxəssislər və elmi işçilər Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin üzvüdür. AQC ictimai birlik olaraq qiymətləndirmə sahəsində əhaliyə keyfiyyətli xidmət göstərilməsini təmin etmək məqsədilə qiymətləndirmə fəaliyyətinin bir sıra nəzəri və praktiki problemlərinin həlli istiqamətində dövlət orqanları ilə sıx əməkdaşlıq edir. Nizamnaməsində göstərildiyi kimi, “cəmiyyətin yaradılmasının məqsədi Azərbaycan Respublikası ərazisində qiymətləndirmənin sivil bazarını yaratmaq, müxtəlif əmlak növlərinin qiymətləndirilməsi ilə məşğul olan mütəxəssislərin fəaliyyətinə kömək etmək, onların peşə hüquqlarının qorunmasına, peşə maraqlarının müdafiəsinə və ixtisas səviyyəsinin yüksəldilməsinə yardımçı olmaqdır.

Çıxış edənlər də AQC-nin fəaliyyətinin əhəmiyyətindən danışıblar.

Konfrans çərçivəsində Cəmiyyətin İdarə Heyətinin və Nəzarət-Təftiş Komissiyasının üzvlüyünə seçkilər baş tutub. Səsvermə nəticəsində Vüqar Oruc növbəti dəfə AQC-nin idarə heyətinin sədri seçilib.

Eyni zamanda, Fərid Rüstəmov, Azər Niftiyev, Nail Həşimov, İbrahim Quliyev, Orxan Həsənov, Asif Yusubov, Xətai Teymurov, Rüfət Əliyev, Samir Nəsibov, Eldar Təhməzov AQC-nin idarə heyətinin üzvləri təyin olunub. Namiq Məmmədov, Emin Novruzov, Tural Bağırov isə Nəzarət-Təftiş Komissiyasının üzvləri seçiliblər.

***

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) rəhbərliyi və seçkili orqanları yenidən formalaşdırılıb.

“İki sahil” xəbər verir ki, seçicilər Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) VIII hesabat-seçki konfransında namizədlərini səsvermə yolu ilə müəyyənləşdiriblər.

Konfransda Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, İdarə Heyəti və Nəzarət Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib. Sədrlik uğrunda bir namizəd - Vüqar Oruc mübarizə aparıb.

O, 86 seçicinin 82-nin səsini qazanıb.

Beləlkilə, Vüqar Oruc Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri seçilib.