2018-ci ilin neft-qaz sektorunda ən yaddaqalan uğurlardan biri də dekabrın 21-də Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan Yenidənqurma və modernizasiya layihəsinin birinci mərhələsi çərçivəsində inşa edilmiş yeni Bitum qurğusu və maye qazdoldurma məntəqəsinin açılış mərasiminin keçirilməsi oldu. Mərasimdə ölkə Prezidenti cənab İlham Əliyev iştirak etmişdi.
Bitum qurğusunun istismara verilməsi ilə illik istehsal 250 min tondan 400 min tona çatdırılacaq. Bu qurğuda “PEN 40/60” markalı yüksək keyfiyyətli bitum istehsal ediləcək ki, bu həcm ölkədaxili tələbatın təminatı üçün nəzərdə tutulur. Yeni qurğu enerjiyə daha çox qənaət edəcək, zavodun istismar xərclərinin optimallaşdırılmasına mühüm töhfə verəcək. Asfalt örtüyünün mühüm tərkib hissəsi olan bitum dünyada həm də boya və mürəkkəb istehsalında, kabel, boru, dam örtüklərinin və digər səthlərin izolyasiya və germetikliyinin təmin edilməsində, müxtəlif inşaat işlərində istifadə olunur.
SOCAR-ın Baş ofisinin İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verdi ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu ölkəmizin əsas neft emalı müəssisəsi olmaqla Dövlət Neft Şikətinin ümumi dəyər zəncirində xüsusi rola malikdir: “Məhz bu zavoda müxtəlif yataqlardan hasil olunan neft həcmləri daxil olur, burada ilkin emal prosesindən keçir. Daha sonra yanacaq məhsulları daxili və xarici bazarlara yönləndirilir, aralıq məhsulları isə SOCAR-ın digər istehsalat müəssisələrinə göndərilir. Hazırda zavodda genişmiqyaslı modernizasiya layihəsi həyata keçirilir. Bu yaxınlarda həmin layihənin ilk mərhələsi tamamlandı. Ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə yeni bitum qurğusu və maye qazdoldurma stansiyasının açılışı oldu. Hazırda zavodun bitum qurğusunun ərazisindəyik. Burada quraşdırılan avadanlıqlar sayəsində yeni və daha keyfiyyətli bitum istehsal olunacaq. Bundan əvvəl fəaliyyət göstərən bitum qurğusu keçmiş “Azərneftyağ” Neft Emalı Zavodunun ərazisində yerləşirdi. Bu gün həmin ərazi “Ağ şəhər” layihəsinə düşdüyünə görə orada hazırda abadlıq işləri aparılır və həmin ərazidə mövcud olan istehsalat qurğularının bəziləri köçürülür, bəziləri ləğv olunur. Bəzi istehsal qurğularının yeni zavodun ərazisinə köçürülməsi daha rentabelli olur, bəzi hallarda isə bu, çox mürəkkəb olduğundan yeni qurğuların inşa olunması daha məqsədəuyğun hesab edilir. “Azərneftyağ” Neft Emalı Zavodunun ərazisinin mərhələli şəkildə boşaldılaraq, “Ağ şəhər” layihəsinə təhvil verilməsi nəzərdə tutulduğundan, yeni bitum istehsalı qurğusunun tikintisi zəruri idi. Bitum qurğusunun yenidən qurulması daha rentabelli olduğuna görə qurğu yeni ərazidə inşa olundu. Yeni bitum qurğusu əsasən yol inşaatında istifadə olunan bitumun illik istehsal həcmini 250 min tondan 400 min tona qədər artırmağa imkan verəcək, məhsulun keyfiyyəti yaxşılaşacaq, enerjiyə daha çox qənaət ediləcək və ətraf mühitin qorunmasına mühüm töhfə olacaq.”
Bitum qurğusu 7,7 hektar ərazini əhatə edir. Qurğunun tikintisi üçün 150 min kubmetrə yaxın torpaq, 650 tondan çox metal-konstruksiya, 530 tondan çox boru istifadə olunub.
Qeyd edək ki, modernizasiya layihəsinin başa çatan birinci mərhələsi üç əsas hissədən ibarətdir. Yeni bitum qurğusunun, maye qazdoldurma stansiyasının istismara verilməsi və sonrakı mərhələlərdə tikilməsi nəzərdə tutulan qurğuların yerləşəcəyi ərazilərdə söküntü və təmizləmə işlərinin aparılaraq inşaat üçün hazırlanmasıdır.
SOCAR-ın sözçüsü onu da qeyd etdi ki, yenidənqurma işlərinin birinci mərhələsi çərçivəsində həm də növbəti mərhələlərin başlanması üçün hazırlıq işləri görülmüşdür: “Yeni qurğuların inşa olunması üçün lazım olan sahə hazırlanıb. Növbəti mərhələlərdə tikilməsi nəzərdə tutulan qurğuların yerinin köhnə qurğulardan təmizlənməsi, modernizasiyanın ümumi gedişatı üçün olduqca mühüm məsələ olan torpaq tədqiqat işlərinin görülməsi və ərazinin tikinti quraşdırma üçün hazırlanması da artıq öz həllini tapıb. 2020-ci ilin sonuna kimi zavodun modernizasiyasının bütün mərhələləri, yəni 2-ci dizel və 3-cü benzin mərhələləri tamamlanacaq. 2020-ci ilin sonunda “Avro 5” standartına uyğun dizelin istehsalına başlanacaq. 2021-ci ilin əvvəlindən “Avro 5” standartına uyğun benzinin istehsalına başlanılacaq. Bu da bazarlara müasir nəqliyyat vasitələrinin tələblərinə uyğun daha keyfiyyətli yanacağın satışa çıxarılmasına şərait yaradacaq. Bununla da ekoloji vəziyyət daha da yaxşılaşacaq.”
Qeyd edək ki, zavodun modernizasiyasının birinci mərhələsində tamamlanan maye qazdoldurma stansiyası 6 ədəd avtosisternlərə və 5 ədəd vaqonlara yükləmə qolundan ibarətdir. Bu məntəqədən il ərzində 180 min ton propan-propilen, 100 min ton mayeləşmiş qazın (LPG) avtosistern və dəmir yolu, 178 min ton butan-butilen fraksiyasının isə boru xətti, lazım olduğu təqdirdə avtosistern və ya dəmir yolu ilə ötürülməsi nəzərdə tutulur. Propan-propilen və butan-butilen fraksiyaları “Azərikimya” İB-nin müəssisələrində xammal kimi istifadə olunacaq, əmtəə məhsulu kimi isə məişətdə və nəqliyyat vasitələrində istifadəsi üçün satışa veriləcək.
İ.Əhmədov onu da bildirdi ki, Heydər Əliyev adına Neft Emalı Zavodu nəhəng ərazidə yerləşən müəssisədir: “Bu zavodun ərazisinin müxtəlif hissələrində yeni qurğular inşa olunmaqdadır. Bu qurğuların əksər hissələri də xarici ölkələrdən gətirilir. Məsələn, zavodun modernizasiyasının 2-ci mərhələsi üçün nəzərdə tutulan dizel qurğusunun avadanlıqları bir neçə ay əvvəl Hindistandan gətirilib. Daha bir avadanlıq Türkiyədən gətirilib. Digər ölkələrdən gətirilən avadanlıqlar var ki, bu qurğular burada quraşdırılır. Bir faktı xüsusi vurğulayım ki, modernizasiya prosesində SOCAR-ın təkidi ilə əsasən yerli kadrlardan və yerli şirkətlərin xidmətlərindən istifadə edilir. Zavodun modernizasiyasında fəaliyyət göstərən əməkdaşların böyük hissəsi Azərbaycan vətəndaşlarıdır.”
Aparılacaq işlər zavodun illik emal gücünü 7,5 mln. tona çatdırmaqla, “Azərikimya” İB-nin xammalla təchizatının sabit şəkildə təmin edilməsinə imkan verəcək. Zavodda aparılan yenidənqurma işləri daxili bazarın yüksək keyfiyyətli yanacağa olan tələbatını tam ödəyəcək, bununla yanaşı, Bakıda karbon emissiyasının miqdarının azalmasına, ekoloji vəziyyətin yaxşılaşdırılmasına mühüm töhfə verəcək.
Orxan Vahidoğlu,
Nurlan Məlikzadə (foto), “İki sahil”