25 yanvar 2019 20:11
4051

Narkomaniya - əsrin bəlası

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planına uyğun olaraq yerli təhsil orqanları və müəssisələri tərəfindən yerlərdə narkomaniyaya qarşı mübarizə və antinarkotik tərbiyə sahəsində təbliğat və maarifləndirmə işləri 2018-ci il ərzində də davam etdirilmiş, bu məqsədlə şagird və tələbələr arasında təşviqat xarakterli görüşlər, seminar və konfranslar, “dəyirmi masa”lar, müsabiqələr, idman və intellektual oyunlar təşkil edilmişdir.

İl ərzində təhsil müəssisələri tərəfindən narkomaniyaya qarşı mübarizə sahəsində maarifləndirmə işləri aparılmış, bu məqsədlə şagird və tələbələr arasında “Narkomaniyaya “yox” deyək!”  mövzusunda görüşlər, “dəyirmi masa”lar təşkil edilmiş, tədbirlərə hüquq-mühafizə orqanlarının nümayəndələri və səhiyyə işçiləri dəvət olunmuşlar. Eyni zamanda, narkotik maddələrin ziyanı, narkomaniyanın fəsadları barədə uşaqlara və gənclərə, valideynlərə və təhsil işçilərinə məlumatlar verilmiş, bu mövzuda hazırlanmış çap materialları, bukletlər paylanmışdır.

Uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarının daha səmərəli təşkili, zərərli vərdişlərdən uzaqlaşdırılması məqsədilə dərsdənkənar vaxtlarda təhsil müəssisələrində təşkil olunan müxtəlif dərnək, klub və studiyalarda profillər üzrə bilik və bacarıqlarını, yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək üçün onlara  lazımi  şərait yaradılmışdır.

Təhsil Nazirliyi tərəfindən seçilmiş ümumi təhsil müəssisələrində həyata keçirilən “Sağlam təhsil - sağlam millət” layihəsi çərçivəsində hazırlanmış “Sinif gigiyenası” adlı vəsaitdə sağlam həyat tərzinin təbliği və narkomanlığın ziyanı ilə bağlı məlumatlara geniş yer verilmişdir.

Respublikada fəaliyyət göstərən internat məktəblərində daxili işlər və səhiyyə orqanlarının nümayəndələrinin iştirakı ilə narkomaniya, narkotik vasitələr və onun orqanizmə zərərli təsiri barədə maarifləndirici tədbirlər keçirilmişdir. Tədbirlərdə narkomaniya, narkotik vasitələr, alkoqollu içkilərin, tütün və tütün məmulatlarının orqanizmə zərərli təsiri, reproduktiv sağlamlıq, narkomaniyaya qarşı mübarizə mövzusunda mühazirələr oxunmuşdur.

Peşə təhsili müəssisələrində yerli hüquq-mühafizə orqanlarının  əməkdaşlarının iştirakı ilə tütündən istifadə, narkomaniya və digər psixoaktiv maddələrin qəbulu, QİÇS və digər infeksion xəstəliklərə yoluxmanın qarşısını almaq məqsədilə mühazirələr, maarifləndirici  və profilaktik görüşlər təşkil edilmiş, videomateriallar nümayiş etdirilmiş və “Narkomaniyaya “yox” deyək”, “Antinarkomaniyaya qarşı təbliğatın gücləndirilməsi barəsində maarifləndirmə işinin aparılması”, 26 iyun BMT-nin Narkotiklə Mübarizə Günü, “Narkomaniya - əsrin bəlasıdır”, “Zərərli vərdişlər və onların profilaktikası”,  “Narkomaniya - ağ ölümdür” kimi mövzularda tədbirlər təşkil edilmişdir.

Təhsil Nazirliyinin Təhsil İnstitutu tərəfindən “Məktəblilərin narkotik vasitələrdən qorunması yolları” adlı metodik vəsait hazırlanmışdır. Qeyd edilən metodik vəsaitin elektron formatda ölkənin bütün dövlət ümumtəhsil müəssisələrinə çatdırılması təmin edilmişdir.

Ali, orta ixtisas, peşə təhsili müəssisələrinin tələbələri və ümumtəhsil məktəblərinin şagirdləri arasında sağlam həyat tərzini təbliğ etmək, onların idman ustalıqlarını artırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə həmin təhsil müəssisələri arasında stolüstü tennis, futbol, voleybol, basketbol, həndbol, badminton, cüdo, güləş, şahmat, dama və s. idman növləri üzrə yarışlar keçirilmişdir. Yarışlarda on minə yaxın tələbə və şagird iştirak etmişdir.

Firudin Qurbanov,

Təhsil nazirinin müavini