Körpələrin infeksiyalara qarşı ən böyük müdafiəçisi ana südü və peyvəndlərdir. Uşaqlar peyvənd olunmadıqda infeksion xəstəliklərin mikrobları ilə qarşılaşır və orqanizmdə mübarizə apara biləcək immunitet olmur. Bu zaman onlar ən yüngül, ən sadə xəstəlik dönəmini belə çox ağır və ağrılı keçirirlər.
Peyvənd nədir?
Peyvənd- virus və mikrobların zəiflədilmiş və xəstəlik törətmə qabiliyyəti olmayan bir formasıdır. Xəstəlik törədicisinin zəiflədilmiş formada orqanizmə yeridilməsidir. Orqanizmə yeridilən peyvənd sayəsində orqanizm həmin infeksiyanı tanıyır və ona qarşı immunitet yaranır. Peyvənd olunmuş uşaq ya o xəstəliyə tutulmur, ya da yüngül formada keçirir. Yəni gələcəkdə yaranacaq ağır fəsadları sanki qabaqlanmış olur.
Peyvəndin tarixi
İlk dəfə peyvənd 590-cı ildə Çində çiçək xəstəliyindən qorunmaq məqsədi ilə vurulub. Həmin vaxta qədər isə çiçək xəstəliyindən minlərlə insan həyatını itirirdi. Belə ki, çiçək xəstəliyi keçirən insanın səpkisindən irin alınaraq sağlam insanların burnuna yeridilirdi.
1700-cü illərdə Osmanlı dövründə Edirnədə çiçək xəstəliyinə tutulmuş insanın səpkisindən irin alınaraq uşaqlara peyvənd kimi vurulurdu. Peyvənd işi ilə məşğul olan qadınlar çiçək xəstəliyi olan insanların səpkisindən irin alıb qoz qabığına və əncir yarpağına yığırdılar. Sonra isə sağlam insanların dərisi cızılaraq yeridilir və üzərinə gül yarpaqları qoyulurdu.
Peyvənd - sağlamlığın qoruyucusu
Dünyada hər il peyvənd ilə qoruna biləcək xəstəliklərdən təqribən 2 milyon insan həyatını itirir. Peyvənd uşaqları bir çox xəstəliklərdən qoruduğu halda, peyvənd olunmayan uşaqlarda xəstəlik, əlillik və ölüm hallarına daha çox rast gəlinir.
Pediatr-neonatoloq Xanım Bəkirova sözügedən məsələ haqqında “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, peyvənd vurmadan öncə pediatr müayinəsi olduqca vacibdir. Peyvənd zamanı mütləq uşağın tam sağlam olmasına və peyvəndə heç bir əks göstərişin olmamasına diqqət etməkdə fayda var. Bəzi hallarda uşaqlara peyvənd vurmaq olmaz. Bunun üçün mütləq müəyyən müddət gözləmək tələb olunur: “Uşaqda ishal, yüksək hərarət zamanı peyvənd müvəqqəti olaraq vurulmamalıdır. Sağaldıqdan sonra peyvənd oluna bilər. Qan və ya plazma köçürülmüş uşağa isə 3-6 ay sonra vurula bilər. İmmun çatışmazlığı, proqressivləşən sinir sistemi xəstəlikləri zamanı peyvənd əks göstərişlər yarada bilər. Serebral iflici olan uşaqlarda qıcolma yoxdursa peyvənd vurula bilər. Hepatit B virusu ilə doğulan körpəyə həm hepatit B peyvəndi, həm də immunoglobulin vurulur. Qrip əleyhinə peyvənd isə tez-tez xəstələnən və allergiyası olan uşaqlara mövsümi ştammlar ilə vurulur.”
“Bəzən temperaturun artması, peyvənd vurulan yerdə şişkinlik, halsızlıq kimi yan təsirlərlə rastlaşa bilərik, hansı ki, heç bir xüsusi müalicə tələb etmədən aradan qalxır. Sadəcə yüngül temperatur yüksəlməsi kimi, ümumi narahatlıq ola bilər. Bu da orqanizmin peyvəndə reaksiyasıdır”,- deyə pediatr vurğuladı.
Xanım Bəkirova valideynlər arasında peyvənd haqqında yaranan “süni ajiotaj” məsələsindən söz açdı: “2-5 yaşında uşaqlarda immunitet sistemi zəif olur. Xüsusən qış aylarında körpələr infeksion xəstəliyə tutulurlar. Buna səbəb onların hələ zəif immun gücüdür. Uşaq təmiz ev mühitindən birdən-birə müəyyən bir toplum arasına - bağçaya, parka, həyət kimi kiçik kollektiv içərisinə düşür. Bu zaman onun mühafizə olunmuş orqanizmi olmalıdır ki, yarana biləcək xəstəliklərə davam gətirə bilsin. Bir pediatr kimi bunu deyim ki, ilbəil peyvənd üçün gətirilən uşaqların sayı azalır. Bunun bir səbəbi də valideynlərdir. Çünki onlar bir-birlərinə yersiz “maarifləndirmə” təbliğ edirlər: “Peyvənd uşaqlarda xəstəlik yaradır, heç bir faydası olmur, artıq işdir, etsək də, etməsək də eynidir.” Valideynlərə məsləhətim odur ki, heç bir tibbi əsası olmayan bu fikirlərə inanıb, ona uyğun hərəkət etməsinlər. Çünki bu, sonda onunla nəticələnəcək ki, keçmişə qayıdacağıq ki, necə əvvəllər adi bir xəstəlikdən immuniteti zəifliyən insanlar həyatını itirirdi. Bu gedişlə gələcəkdə də elə olacaq. Övladlarınızın vaxtında peyvənd olunmasına nəzarət edin. Peyvənd mütləq sağlam orqanizmə vurulmalıdır. Öncədən hər hansı ağrıkəsici vurmağa da ehtiyac yoxdur.”
Pediatr-allerqoloq İlahə Həsənli isə vurğuladı ki, bəzi insanlar risk qrupunda olduğu üçün onlar mütləq peyvənd olunmalıdır: “Qrip Influenza A və B viruslarının törətdiyi bir xəstəlikdir. Qripə tutulan insanda yüksək hərarət, sümük, əzələ ağrıları, kəskin baş ağrısı, öskürək, burun-boğaz tutulması kimi şikayətlər olur. Qrip vaksini inaktiv, yəni ölü bir vaksindir və hər il qış aylarında həmin il üçün törədici ola biləcək ştammlara görə hazırlanır. Bu insanlar mütləq hər il peyvənd olunmalıdır: Astma, diabet, böyrək və ürək xəstəliyi, nevroloji və neyromuskular xəstəlikləri olan uşaqlar və onlarla bir evdə yaşayanlar; immun sistemi aşağı olanlar, xərçəng, orqan və sümük iliyi transplantasiyası olanlar və onlarla eyni evdə yaşayanlar; uzun müddət aspirin müalicəsi alan uşaq və böyüklər; tibb işçiləri; 6 ay-5 yaş arası olan uşaqlar; hamilə qadınlar (hamiləliyin ilk 3 ayından sonra); südverən analar; 6 aydan kiçik körpələrin olduğu evdə yaşayanlar və onun baxıcısı. Unutmayaq ki, qrip vaksini edilməsi körpənizin qripə yoluxması riskini tamamilə azaldır.”
Pediatr Arzu Musayeva da peyvəndlərin təxirə salınmasını yolverilməz hesab edir: “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi qorumaq, cəmiyyətin sağlamlığına dəstək olmaq üçün övladlarımızı vaxtında peyvənd etdirməliyik. Bəzi xəstəliklərin spesifik müalicəsi olmadığı üçün müdafiənin yeganə yolu peyvənd vurulmasıdır.”
Arzu Musayeva, həmçinin peyvəndlərin yan təsirləri haqqında öz fikirlərini bildirdi: “Peyvənd vurulan zaman orqanizmə yad maddələr daxil olur. Vaksinlər daxil olan bədəndə antitellər əmələ gəlir. İynənin yerində azca şişkinlik, bəzən qaşınma, qızartı olur. Peyvənd yerini çox bərk qaşımaq, eyni zamanda su vurmaq olmaz. Həmin gün uşaqlarda qəribə bir “inciklik, mız-mızlıq” müşahidə olunur. Gecə narahat yatma, iştahsızlıq, çox yüksək dərəcə olmasa da temperatur, hərarət halları yaşanır. Hər xırda şeyə görə ağlayırlar. Bu kimi narahatedici əlamətlər 24-48 saat ərzində tədricən aradan qalxmağa başlayır.”
Bəli, qabaqlayıcı və müdafiə xarakteri daşıyan bu mühüm tibbi tədbiri təxirə salmamaq övladlarımızın sağlam gələcəyi üçün olduqca labüd əhəmiyyət daşıyır. Unutmayaq ki, uşaqlar bizim gələcəyimizdir. Həm uşaqlarımızı, həm də gələcəyimizi qoruyaq.
Yaqut Ağaşahqızı, “İki sahil”