05 fevral 2019 11:03
2307

Şərq-Qərb müəllifləri Azərbaycan, Xəzər dənizi və neft haqqında

Orta əsrlərə aid əsərlər arasında yalnız VII əsrin alban müəllifi sayılan Moisey Kalankatuklunun “Alban tarixi” əsərində qeyd olunur ki,  “Uca Böyük və Kiçik Qafqaz dağlarının qoynunda yerləşən Alban ölkəsi öz saysız-hesabsız təbii sərvətləriylə həddindən artıq gözəl və heyranedici bir məmləkətdir. Böyük Kür çayı sakit-sakit bu ölkənin düz ortasından axır, özü ilə iri və xırda balıqlar gətirir və Xəzər dənizinə tökülür. Çayın sahilləri boyu münbit çöllərdə taxıl və üzüm, neft və duz, ipək və pambıq, sonsuz sayda zeytun ağacları var. Onun dağlarında qızıl, gümüş, mis və orxa çıxarılır”. Şübhə etməmək olar ki, Moisey Kalankatuklu sözügedən mətndə Abşerondakı neft və duzdan danışır. Belə ki, IX-X əsrlər ərəb müəlliflərinin xeyli sonrakı dövrlərə aid əsərlərində və “Dərbəndnamə”də (883 - 884-cü illər) də Bakı və Abşeronda III və sonrakı əsrlərdə neft və qaz hasilatı barədə söz açılır. Neft hasilatı, belə görünür, daha erkən vaxtlarda, Sasanilər imperiyası dövründə də varmış və bu o qədər böyük həcmdə olub ki, bu barədə Bakıdan çox-çox uzaqlarda xəbərdar imişlər.

643-705-ci illər ərzində bütün Azərbaycanı işğal etdikdən sonra  Ərəb xilafəti  Abşeronda olan neft quyularından və duz göllərindən əldə edilən gəlirlərə vergi tətbiq etmişdi.

Ərəb tarixçisi Əhməd əl-Bəlazurinin (təqribən 820-892-ci illər) məlumatına görə, VIII əsrin ikinci yarısında xəlifə Mənsurun hakimiyyəti dövründə Aran və Şirvan hökmdarı Yəzid ibn Üsayd öz vergiyığanlarını Şirvan sakinlərinin yanına “...Şirvanda neft və duz çıxaranların yanına göndərmişdir ki, vergiyığanlar onlardan vergi tutsunlar, sonra isə o, bunu xüsusi toplayıcılara tapşırmışdır”. Burada Bakı nefti və duzunun da nəzərdə tutulduğu aydındır. Həmin dövrdə Bakı Abbasilər Xilafətinin tərkibinə daxil olmuş Azərbaycanın Şirvan bölgəsinin ərazisində idi. Yığılan vəsait xilafət canişini Yəzidə Dərbənddəki ərəb qarnizonunu saxlamaq üçün lazım idi. Bu qarnizon xilafətin zəbt etdiyi yeni torpaqların şimal sərhədlərini ona qorxu törədən xəzərlərin basqınlarından qorumaq üçün saxlanılırdı.

Ərəb xəlifələri Dərbənd qarnizonunun saxlanmasına böyük vəsait sərf edirdilər. Onlar bu vəsaiti Azərbaycanın Abşeron yarımadasında olan neft yataqlarından və duz mədənlərindən əldə olunan gəlirdən götürürdülər. Ərəblər bu qaydanı öz sələflərindən - Sasanilərdən əxz etmişdilər. Sasanilər də III-VII əsrlərdə Dərbənddə böyük qarnizon saxlayırdılar. Bu qarnizon onların etimadını qazanmış müxtəlif xalqların nümayəndələrindən təşkil olunurdu. Onların arasında Şirvan bölgəsinin sakinləri də vardı.

Ərəb coğrafiyaşünası Yaqut əl Həməvinin məlumatından görünür ki, Sasanilər Dərbənd istehkamlarının müdafiəsi üçün maliyyə vəsaitini Bakıdan alırmışlar. Hərbi əməliyyatlar zamanı düşmənə qarşı neftdən daha çox istifadə edilirmiş. Ərəb sərkərdələri Dərbəndi tutduqdan (VIII əsrin birinci yarısı) sonra orada Bakıdan Dərbəndə gətirilən neft ehtiyatları üçün anbarlar tikdirmişdilər.

“Dərbəndnamə”də o da xatırlanır ki, Azərbaycan canişini Məsləmə İbn Əbd Əl-Məlik hicri tarixilə 115-ci ildə (733-cü il) 20 minlik ordu ilə Dərbəndi almış və Narınqalada, dağıtdığı köhnə bir binanın yerində cəbbəxana, ərzaq və neft üçün anbarlar tikdirmişdi. “Dərbəndnamə”də bildirilir ki, xəlifələr Abşeronun neft yataqlarını və duz mədənlərini Şirvan hakiminin əlindən alaraq, onları Dərbənd sakinlərinə vəqf kimi bağışlamışlar. Beləliklə də, yerli xalq xəlifələrə qarşı hədsiz rəğbətini bildirir və onlara sədaqətlə qulluq edirdi.

Ərəb xilafəti tərəfindən tamamilə işğal olunan Azərbaycanın bütün torpaqları, həmin dövrdə Şirvanşahın mülklərinin tərkibinə daxil olmuş Bakının neft və duz mədənləri də xilafətin mülkiyyəti elan edildi. Bir çox ərəb tarixçiləri, coğrafiyaşünasları, səyyahları qeyd edirdilər ki, ərəblərin hakimiyyəti dövründə Abşeronun neft mədənləri fərdi şəxslərin iltizamlı ixtiyarında idi. Qara və ağ neftin satışından xəlifənin çanişinləri tərəfindən əldə edilən gəlir bütünlüklə müdafiə qurğularının inşasına və Dərbənd keçidini şimalda güclü orduya malik xəzərlərdən qoruyan ərəb qarnizonunun saxlanılmasına xərclənirdi.

“Dərbəndnamə”də  xatırladılır ki, “ərəb qoşunları xəzərlərə qarşı vuruşarkən yanan neftdən istifadə edirdilər. Neftin satışına nəzarət edən məmur Məhəmməd ibn Əmmar satışdan götürülən bütün gəliri yığır və keçidləri qoruyan döyüşçülər arasında bölüşdürülmək üçün Dərbəndə verirdi”.

IX əsrdə Şirvanın hakimi Şirvanşah Məhəmməd ibn Yəzid oldu. Məhəmməd ibn Yəzid neft yataqları və duz mədənlərinə nəzarət edən məmur təyin etdi ki, vəkil olunmuş şəxs kimi o, çıxarılan hər şeyi qəbul etsin və qəbz versin. O, neft və duz haqqında yeni fərman verərək, onlardan götürülən gəliri (vəqfi) Dərbənd döyüşçülərinə bağışladı. Şirvanşah, bütün əmir və canişinlərə Dərbənd hökmdarının möhürü ilə təsdiqlənmiş qəbz vermiş və ona riayət etməyənləri cəzalandırmaq haqqında fərman imzalamışdı. Həmin məmur ona görə təyin olunurdu ki, Dərbənd sakinlərinin gəliri israf edilməsin, Şirvanşahın özü isə “nə zərrə qədər bir şeyə, nə də bir dinara belə tamah salmasın”.

Dərbəndin müdafiəsinə şirvanşahlar da böyük əhəmiyyət verirdilər. Lakin elə hallar olurdu ki, Dərbənd hakimləri bu pulları mənimsəyirdilər. Mərkəzi hakimiyyətin zəiflədiyi və xilafətin parçalandığı dövrdə yerli hökmdarlar - istər şirvanşahlar, istərsə də Dərbənd hakimləri neft və duzdan götürülən gəliri öz əllərinə keçirirdilər.

Sonrakı dövrlərə aid mənbələrdə Bakı nefti və Bakı şəhərinin özü haqqında daha ətraflı məlumatlar verilir. Ərəb çoğrafiyaşünası Əbu-İshaq əl-İstəhri Bakıda ağ və tünd boz rəngdə olan neft hasilatı barədə 930-cu ildə belə yazmışdı: “Bu ölkələr Təbəristan dənizi ilə əhatə olunmuşlar, Bab - əl - Əbvab şəhəri bu dənizin sahilindədir və orada (dənizdə) Bakıda və Muğan şəhərində ağ və tünd boz neft mənbələri var. Həmin şəhərlər arasındakı dəniz körfəzində sərmahi ovlayır və onu bütün ölkələrə aparırlar...”. Bu kiçik parçadan görünür ki, Bakı bölgəsində müxtəlif növ neft çıxarılırdı və onların arasında ən qiymətlisi ağ neft idi. Abşerondan başqa, köhnə Bakı qalasının lap yaxınlığında, dəniz sahilində də neft quyuları vardı. Buna Bayıl rayonunda buxtaya torpaq doldurularkən aşkara çıxarılmış qədim quyuların qalıqları sübutdur.

942-ci ildə Bakıda olmuş ərəb səyyahı Əbu-Dülaf yazır: “Mən Şirvan vilayətlərinə mənsub olan Bakuyə adlanan yerə çatanacan Böyük Təbəristan dənizinin sahili boyunca ağacların altı ilə səksən fərsəx yol (1 fərsəx - 5549 metrdir) getdim. Orada neft mənbəyi tapdım. Onun gündəlik icarə haqqı min dirhəmə çatır. Onun yanındakı başqa bir mənbədən gecə-gündüz fasiləsiz olaraq jasmin yağı kimi ağappaq neft çıxır, bunun iltizamı birinci mənbənin iltizamına bərabərdir”.

Əbu-Dülafın yazdığına görə, bu iki neft quyusunun hər birinin gündəlik gəliri 1000 dirhəm, yaxud ildə 720000 dirhəm idi ki, bu da o vaxtlar böyük miqdarda neft çıxarıldığına sübutdur. O ki qaldı həmin sitatda xatırladılan icarə haqqına, görünür, burada söhbət iltizama verilmiş dövlət neft quyularından gedir. Hər quyudan 1000 dirhəm məbləğində gəlir isə ayrı-ayrı şəxslərdən alınırmış. Neft mənbələrinin bu cür istismar üsulu sonralar Səlcuqların dövrlərində də tətbiq edilmişdir. Əbu-Dülafın göstərdiyi gəlirin böyük rəqəmi onunla izah olunur ki, o vaxtlar hərbi texnikada neftdən geniş istifadə edilirdi. Xəzərlərə və Bizansa qarşı vuruşmuş müsəlman orduları barədə məlumatlarda neftdən daim söhbət açılır. Yanan kükürd və neftdən istifadə edən dəstələr bir növ artilleriya hissələri idi.

X əsrin birinci yarısında Bakıda olmuş ərəb tarixçisi və səyyahı Əbdül Həsən Əli ibn əl-Hüseyn Məsudi (təxminən 956-957-ci illərdə vəfat etmişdir) Abşeron yarımadasında neft hasilatı haqqında bizə zəngin məlumat qoyub getmişdir. O, özünün “Orta kitab”ında yazır ki, Bakıda iki əsas mənbə vardı: “Birindən sarı və ağ neft, digərindən isə qara və mavi neft çıxarılırdı. Hər bir mənbənin gəliri 1000 dirhəm təşkil edirdi”.

Əbdül Həsən Məsudi yerin altından kükrəyib çıxan od mənbələrini də xatırladır: “Elə həmin dənizdə (Xəzər dənizində) Bakı  adlanan məkan yerləşir.  Burada Bab-əl-Əbvabın qonşuluğundakı Şirvan səltənətinin neft mənbələri var. Orada ağ neft çıxarırlar. Orada vulkanlar (Atma), yəni yerin altından kükrəyib çıxan od mənbələri də var”. Ağ neft Bakı yaxınlığındakı Suraxanı kəndində çıxarılırdı. Mətndəki “Atma” sözü, görünür, Suraxanı kəndindəki məbədin daxilində yanar qazların yerdən çıxmasına aiddir. Əbdül Həsən qeyd edir ki, Gil (Gilan), Deyləman vilayətləri ilə İtil şəhəri arasında gəmilər daim işləyir və sonra Xəzər dənizinə yola düşür. Belə nətiçə çıxarmaq olar ki, Xəzər dənizinin sahillərində yerləşmiş ölkələr arasında ticarət gəmiləri işləyir və onlar Bakıdan İrana və başqa ölkələrə neft, duz və digər mallar daşıyırdılar. Naməlum fars coğrafiyaşünasının 982-983-cü ildə yazdığı kitabda belə bir məlumat var ki, “Bakı dəniz sahilində və bir dağın yaxınlığında kiçik bir yerdir (şəhərcikdir) və Deyləmanda işlədilən bütün neft oradan gətirilir”. Xəzərin cənub və cənub-şərq sahillərindəki bütün vilayətlər Deyləmana aid edilirdi.

Mətndən görünür ki, Bakı nefti o dövrdə daha çox İrana aparılırdı və orada bu mühüm məhsula böyük tələbat vardı. X əsrin sonuna yaxın Bakı Azərbaycanın mühüm ticarət və mədəniyyət mərkəzlərindən birinə  çevrildi.

Ərəb coğrafiyaşünası əl-Müqəddəsi 985-ci ildə Bakı haqqında yazırdı: “Bakı dəniz sahilindədir. O, vilayətin yeganə limanıdır...”. Əl-Müqəddəsinin məlumatında Bakı ilk dəfə olaraq liman adlandırılır. Əl-Biruni XI əsrin birinci rübündə Bakı barədə çox qısa olaraq deyir: “Bakı ağ neft mədənidir”. Hicri tarixilə 520-ci ildə (1126-cı ildə) yazılmış anonim mənbədə deyilir: “Bakı adasında ağ və qara neft çıxarılır və onun torpağı həmişə hərəkətdədir və od püskürür...”.

1131-ci ildə Xəzər dənizinin çənub-qərb sahilini gəzib dolaşmış ərəb səyyahı Əbu Xalid əl-Əndəlusi əl-Qərnati Abşeronun neftli torpaqlarını və Bakı yaxınlığında, Xəzər dənizindəki neftli adaları belə təsvir edir: “Orada kömür kimi qapqara ada var, oradan üfunətli su axır. Bu su ilə birlikdə dördkünc daşlar çıxır, onlar əla sarı misə oxşayır. Adamlar onları çəki daşı kimi götürüb aparırlar. Dənizdə bu ada ilə üzbəüz kömür kimi qapqara torpaq var, burada ot bitir və müxtəlif heyvanlar yaşayır. Bu qara torpaqdan bitum, qara və ağ neft çıxır. Bu torpaq Bakının yaxınlığında, Şirvan vilayətindədir. Gecələr bu torpaqda və bu adada kükürd alovu kimi mavi od peyda olur və yanmağa başlayır, amma otları yandırmır, onun istisi də yoxdur. Yağış yağdıqda bu od artır, şiddətlənir və elə hündürə qalxır ki, adamlar onu uzaqdan da görürlər. Gündüzlər isə ondan əsər-əlamət qalmır”. Burada söhbət Pirallahı adasından gedir. Orada yanar qaz çıxan yerlər var. Ağ neft çıxarılan Suraxanı və onun “əbədi atəşləri”, digər neftli torpaqlar həmin yerlə üzbəüz ərazidə yerləşir.

XIII əsrin birinci rübündə neft hasilatı xeyli artmışdı. Bunu farsdilli coğrafiyaşünas Məhəmməd ibn Nəçib Bəkranə də göstərir. O, neftin müxtəlif növlərinin təsvirini verir və onların arasında Bakıda və Muğanda neft quyularından çıxarılan ağ nefti, Dərbənd yaxınlığında hasil olunan yaşıl nefti və Bəlxan sərhədində çıxarılan qara nefti qeyd edir. Sonra o, qara neftin ağ neftə çevrilməsindən danışır və onu saf neft (taktir və ya təqtir) adlandırır.

XIII əsrin 20-ci illərində Bakı haqqında fars dilində yazılmış anonim çoğrafi əsərdə deyilir: “...Bu şəhər Şirvan vilayətində, dəniz sahilindədir. Onun torpağı bütün gecə alovlanıb yanır; alovun üstündə qazana su töküb qaynadırlar. Sərvətləri qara, ağ və yaşıl neft, duz və sairədir”.

Abşeronda qədim zamanlardan neftin çıxarıldığını XIII-XVI əsrlərin mənbələri də təsdiqləyirlər: Yaqut əl-Həməvi, Zəkəriyyə Qəzvini, habelə sonrakı dövrlərdə Övliya Çələbi, Əbdürrəşid Bakuvi öz əsərlərində bu haqda məlumat verirlər.

Yaqut əl Həməvi və Zəkəriyyə Qəzvini öz əsərləri üçün məlumatı Əbu-Dülafdan (X əsr) götürmüşlər.

Zəkəriyyə Qəzvini öz əsərlərində Əbu-Xalib əl-Əndəlusinin məlumatından da istifadə etmişdir. Həmdullah Qəzvini hicri tarixilə 749-cu ildə (1339-1340-cı ildə) özünün “Nüzhət ül-Qülub” əsərində Bakı haqqında yazmışdı: “Bakuyə beşinci iqlimə aiddir. Onun iqlimi isti iqlimə yaxındır”. Həmdullah Qəzvini neft hasilatı üsulunu da təsvir etmişdir: “Onun ən böyük yatağı Bakuyədədir. Orada elə yerlər var ki, neftin üzə çıxması üçün quyular qazırlar. Neft suyun üstündədir, onu da həmin mənbələrdən çıxarırlar”.

XIII əsrdən etibarən Abşeronda Qərbi Avropa səyyahları görünməyə başladılar. Onlar da bu yerlərdə çoxlu neft çıxarıldığını qeyd edirdilər. Məşhur venesiyalı tacir və səyyah Marko Polo (1254-1324) Bakının neft mənbələri barədə yazır: “Gürcüstan sərhədində yağ (neft) mənbəyi var və bu yağ çoxdur - bu yağı yüzədək gəmiyə doldurmaq olar. Onu yemək olmaz, ancaq yandırmaq, yaxud bədənə və ya qoturu olan dəvələrə yaxmaq olar. Uzaqlardan bu yağı almağa gəlirlər və bütün ölkədə yalnız onu yandırırlar”. Marko Polo yerin altından müstəqil surətdə çıxmış böyük bir neft fontanını da xatırladır. Yazır ki, “bu fontan bir saat ərzində o qədər neft püskürür ki, onunla yüzədək gəmini doldurmaq olar”.

Təxminən 1320-ci ildə İrandan Azərbaycana gəlmiş fransız missioneri rahib Jurden-Katalani de Severak öz qeydlərində Azərbaycanın şəhərləri barədə qısa məlumat verir və burada Bakının da adını çəkir: “Bakı adlanan bir yerdə quyular qazılmışdır və oradan “neft” adlanan yağ çıxarırlar. Bu yağ çox istidir və şəfavericidir, həqiqətən yaxşı yanır”.

Bakı neftinin müalicəvi xüsusiyyətlərini venesiyalı səyyah İosafato (XV əsrin ikinci yarısı, təqribən 1471-ci il) qeyd edir: “Dənizin bu hissəsində Bakı adlanan başqa bir şəhər var, orada dəniz Bakı dənizi adlanırdı. Onun yaxınlığında qara yağ tökülən dağ var. Bu yağ çox üfunətlidir, ondan gecələr çıraqları yandırmaq və ildə iki dəfə dəvələrin bədəninə çəkmək üçün istifadə edirlər, çünki bu yağdan dəvələrə yaxmasalar, onlar qoturluq xəstəliyinə tutula bilər”.

Ardı növbəti sayda

Cəbi Bəhramov

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, t.ü.f.d., dosent