01 mart 2019 11:28
2409

Magistraturaya qəbul imtahanları:  ekspert şərhi və iştirakçıların fikirləri

Məlum olduğu kimi, fevralın 26-da Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrini elan edib.

İmtahanda iştirakı nəzərdə tutulan 12684 bakalavrdan 138 nəfəri imtahana gəlməyib. 1 nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub. İmtahanda ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 97 bal olub.

Müsabiqə şərtlərini ödəyən bakalavrlar imtahanın II mərhələsinə (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına) buraxılırlar. Bu bakalavrlar 2019-cu il aprelin 26-dan mayın 7-dək olan müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər. Magistraturaya qəbul imtahanının II mərhələsi mayın 26-da keçiriləcək.

Bəs magistraturaya qəbul üçün keçid ballarında hansı dəyişikliklər olacaq?

Dövlət İmtahan Mərkəzindən verilən açıqlamada qeyd olunub ki, keçid ballarında heç bir yenilik gözlənilmir. Belə ki, hər iki imtahan mərhələsində qeyd olunan keçid balları toplanmalıdır: texniki ixtisas üzrə dövlət sifarişi əsasında təhsil almaq istəyənlər 65, ödənişli əsaslarla təhsil almaq istəyənlər isə 60 bal toplamalıdırlar. Humanitar və sosial ixtisas üzrə dövlət sifarişi əsasında təhsil almaq istəyənlər 75, ödənişli əsaslarla təhsil almaq istəyənlər isə 70 bal toplamalıdırlar. Təbiət ixtisaslar qrupu (iqtisadiyyat və idarəetmə ixtisaslar qrupu) üzrə dövlət sifarişi əsasında təhsil almaq istəyənlər 70, ödənişli əsaslarla təhsil almaq istəyənlər isə 60 bal toplamalıdırlar. Mədəniyyət və incəsənət ixtisasları qrupu , kənd təsərrüfatı ixtisasları, xüsusi təyinatlı ixtisaslar, bədən tərbiyəsi və idman ixtisası üzrə dövlət sifarişi əsasında təhsil almaq istəyənlər 50, ödənişli əsaslarla təhsil almaq istəyənlər isə 45 bal toplamalıdırlar. Keçid ballarından əlavə olaraq, diqqət olunan əsas məqamlardan biri də imtahan iştirakçılarının məntiqdən 15, informatika və xarici dildən 5 sualın cavablandırılması vacib meyar kimi qiymətləndirilir.

Magistraturaya keçirilən qəbul imtahanın nəticələrini uğurlu hesab etmək olarmı? Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, müasir gənclərimizin təhsilə bu qədər önəm verməsi sevindirici haldır: “Elm və təhsil hər bir dövlətin rifahının sağlam və möhkəm olması üçün təməl şərtlərdən birincisidir. Gənclərin təhsil almaq üçün bu qədər həvəs göstərməsi isə müsbət məqamdır. Təbii ki, övladlarımızın elmə bu qədər maraq göstərməsində isə dövlətimizin siyasi kursunda təhsil sisteminin və onun inkişaf etdirilməsi məsələsinin əsas yer tutmasından irəli gəlir. Bu il keçirilmiş magistraturaya qəbul imtahanlarına sənəd verən tələbələrin sayının artması da deyilənlərə əyani sübutdur.”

“Bu il, 2019-2020 tədris ilində ali məktəblərin magistratura pilləsinə qəbul olunmaq üçün müraciət edən şəxslərin sayı əvvəlki illərlə müqayisədə ciddi şəkildə artıb. Əvvəlki illərdə bu pillədə təhsil almaq istəyənlərin sayı azalırdısa, bu il artım müşahidə olundu. Belə ki, cari ildə imtahanda iştirak üçün 12685 bakalavr ərizə təqdim edib. Onlardan 11503 nəfəri Azərbaycan bölməsi, 1182 nəfəri rus bölməsi üzrə imtahan verəcəkdir. Ərizə verənlərin 5508 nəfəri oğlan, 7177 nəfəri isə qızlardır. Bakalavrlardan 7311-i cari ilin, 5374-ü isə əvvəlki illərin məzunlarıdır, 23 nəfər xarici ölkə vətəndaşıdır. Müqayisə etsək görərik ki, magistratura imtahanlarında iştirak etmək üçün sənəd verənlərin sayı 298 nəfər artıb.

Kamran Əsədov imtahanda maksimum nəticənin toplanmamasına münasibət bildirdi: “Magistr pilləsinə qəbul imtahanlarının birinci mərtəbəsində bakalavrların verdiyi imtahan fənləri - məntiq, xarici dil, informatikadır. Bu fənlər üzrə qəbul imtahanlarında istifadə olunan test tapşırığı üçün olan materiallar ali məktəblərdə tədris olunmur. Qəbul imtahanlarında iştirak edən bakalavrlardan riyazi məntiq, proqramçı səviyyəsində informatika, akademik səviyyədə xarici dil bilgiləri tələb olunur. Bunun üçün də onlar öz vəsaitləri hesabına hazırlıq kurslarına, repititorlara müraciət edirlər. Texniki və dəqiq ixtisaslar üzrə təhsilalan tələbələr üçün məntiq, informatika fənləri asan olsa da, humanitar ixtisaslar üzrə təhsilalanlar üçün bu çox çətindir. Magistratura pilləsinə qəbul imtahanlarının ikinci mərhələsində isə təqdim olunan ixtisas üzrə test tapşırıqları isə bütün tədris ilini əhatə edir ki, bu zaman da bakalavrlar I kursdan IV kursa qədər bütün materialları yenidən oxumalıdırlar. Hesab edirəm ki, məhz bu səbəblər imtahanda iştirak edən şəxslərin maksimum nəticə əldə etməsinə maneə yaradır. Bundan başqa, magistr pilləsinə qəbulun ikinci mərhələsi üçün ixtisaslar üzrə materiallar, resurslar, rəsmi test banklar yoxdur. Bu da imtahan verəcək şəxlərin səmərəli şəkildə hazırlaşmasına imkan vermir. Hesab edirəm ki, magistr pilləsinə keçirilən qəbul imtahanlarının birinci mərhələsi ləğv olunmalı, bu pillədə təhsil almaq istəyən şəxslər yalnız öz ixtisasları və xarici dildən imtahan verməlidirlər.”

Magistratura imtahanında iştirak edənlərin də suallar və nəticələr haqqında fikirlərini öyrəndik:

Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Şəhla İsmayılova: “İmtahan sualları arasında nisbətən çətin məntiq sualları idi. İnformatikaya yaxşı hazırlaşsaydım daha yaxşı nəticə göstərə bilərdim. İngilis dilindən olan suallar normal idi. Yeni əlavə olunan dinləmə tipli suallar çox aşağı səviyyədə eşidilirdi. Bu da vaxt aparır, diqqəti yayındırırdı. Onun yerinə başqa tipli suallar təqdim oluna bilərdi.

Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin tələbəsi Flora Qazaxlı isə məntiq və informatika fənnindən sualları normal hesab edir: “Lakin ingilis dilindən dinləmə mətni çox pis idi. Mətni səsləndirənin ləhcəsini heç cür başa düşmək olmurdu. Cümlələr uzun və yorucu idi. Nəticədə sualları düzgün cavablandırmaq mümkün olmadı”.

Bakı Dövlət Universitetinin tələbəsi Sadiq Nağızadə əldə etdiyi nəticədən razı qaldığını bildirdi: “Narazı olduğum məqam isə dinləmə suallarını səsləndirən texnoloji vasitələrin nasaz vəziyyətdə olması idi. Bu da sualların rahat eşidilməsinə mane olurdu. İmtahan nəzarətçiləri daha təcrübəli şəxslərdən seçilərsə düşünürəm ki, daha yaxşı olar.”

Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Murad Teymurlu isə imtahanlara hazırlaşmadan yüksək nəticə topladığını bildirdi: “Mən heç bir əlavə hazırlıq kursuna getmədim. Mövcud bilik bazamı bir az da təkmilləşdirərək imtahanlara girdim. 81 bal topladım. Nəticəmdən də razıyam. Suallarla bağlı onu deyə bilərəm ki, normal səviyyədə idi. Məmnun olduğum əsas məqam isə ingilis dili fənninə yeni əlavə olunan dinləmə suallarıdır. Zənnimcə, dil biliyi üçün təkcə qrammatika kafi deyil, magistr təhsilin daha üst səviyyəsidir. Əgər magistraturaya qəbul olunmaq istəyiriksə tələblərə maksimum səviyyədə cavab verməliyik. Yenilikləri çox müsbət qarşılayıram.”

Yaqut Ağaşahqızı, “İki sahil”