18 mart 2019 10:44
3929

Ağ çayın hansı faydaları var?

Bu gün o qədər də tanınmayan və az istifadə olunan ağ çay kamellia sinensis bitkisinin yarpaqlarının tam yetişmədən yığılması ilə hazırlanır. Yarpaqları tam yetişmədiyi üçün ağ görünüşü olur. Ağ çay adını bu görünüşünə görə alıb. Ağ çayın bir çox növü var. Növlər aromasına, tumurcuq sayına və yarpaqlarına görə fərqlənir.

Ağ çayın populyarlığının ən vacib amili onun artıq çəkidən qurtulmaq üçün faydalı olmasıdır. Lakin artıq çəki atma prosesindən başqa bir çox digər faydaları da var.

Ağ çayın faydaları

-Ağ çay insanın yaddaşını möhkəmləndirir. Unutqanlıq üçün mükəmməldir.

- Gün ərzində yorğunluğu aradan qaldırır.

-Ürəyin sağlamlığını qoruyur. Cinsi sağlamlıq baxımından da çox faydaları vardır.

-Antioksidant tərkiblidir və dərinin aşınmasının qarşısını alır. Dəri sağlamlığı üçün çox təsirli bir bitkidir.

-Qan təzyiqini normallaşdırır və xolesterolu azaldır.

-Diş sağlamlığı üçün çox təsirlidir.

-Ağ çay yaşıl və qara çaydan daha çox antioksidant tərkiblidir. Güclü antioksidant tərkibi ilə orqanizmin sərbəst radikallarını yox edir.

-İmmunitet sistemini gücləndirir. Bu xəstəliklərə qarşı qoruyucu təsir göstərir.

-Kofein nisbəti yaşıl və qara çayla müqayisədə çox aşağıdır.

-Sümük quruluşunu gücləndirir. Romatoid artrit və revmatik xəstəliklərə müsbət təsir göstərir.

-Ağ çay zərərli yağ hüceyrələrini məhv edir və yeni yağ hüceyrələrinin meydana gəlməsinə maneə törədir. Digər çay növlərinə nisbətən zərərli yağları yoxedici maddələrlə daha zəngindir.

-Daha az emal olunma prosesinə məruz qaldığı üçün  ağ çay kateşin adlı maddə ilə daha zəngindir. Kateşin maddəsinin beyin inkişafı və xərçəng hüceyrələrinin meydana gəlməsinin qarşısının alınmasında bir çox təsirləri var.

Bəs bu qədər faydalarını saydığımız ağ çayın zərəri varmı? Təbii ki, hər şeyin artığı ziyandır. Ağ çayın da həddindən artıq istifadə olunmasının bəzi riskləri var.

Ağ çayın zərərləri

Biz ağ çaydakı kofein miqdarının qara və yaşıl çayla müqayisədə az olduğunu qeyd etdik. Lakin az da olsa tərkibində kafein ehtiva edir. Kafein isə normadan artıq ürək döyüntüsünə, narahatlıq və  yuxusuzluğa səbəb olur. Bu səbəbdən də ağ çayı gün ərzində normal dozada istehlak etməkdə fayda var. Ekspertlər deyirlər ki, gündə maksimum 2 stəkan ağ çay içilməsi zərər vermir.

Ağ çayın tərkibində olan flavonoid maddəsi orqanizmdə dəmirin miqdarını artıra bilər. Buna görə də, ağ çayı yeməkdən əvvəl içmək məsləhət görülür. Həmçinin əgər həkiminiz dəmir çatışmazlığı səbəbi ilə sizə qəbul etməyiniz üçün dərman yazıbsa, bu dərmanlarla birlikdə ağ çay içməməyə diqqət göstərin.

Röya Rasimqızı, “İki sahil”