19 mart 2019 11:04
3362

Novruz çərşənbələri: ana təbiətimizin, ruhumuzun oyandığı günlər

Novruz təbiətə bağlılıq və sevgidən təşəkkül tapan bahar bayramıdır. Bu bayramın özünəməxsus xüsusiyyətlərindən biri də onun çərşənbələrdir.

Bəs illərdir qeyd etdiyimiz çərşənbələrin tarixi haqqında nələri bilirik? Novruz çərşənbələri necə yaranıb?

Bakı Dövlət Universitetinin  Filologiya fakültəsinin dosenti Məhəmməd Məmmədli  mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, çərşənbələrin  adları və sıralanması heç də təsadüf deyil, xüsusi məna və tarixi səciyyə daşıyır: “Çərşənbələrin birincisi  “Əzəl çərşənbə”, “Su çərşənbəsi”, “Müjdəçi çərşənbə”, “Toz çərşənbəsi” və s. adlarla tanınır.Yazın yaxınlaşmasını xəbər verən ilk çərşənbədə - Toz çərşənbəsində ev-eşik təmizlənir, pal-paltarın, xalça-palazın tozu çırpılır. Hətta evdəki köhnə taxta qab-qacaq da Toz çərşənbəsinin axşam tonqalında yandırılıb əvəzinə təzəsi alınır. Su çərşənbəsi adı ilə tanınan bu çərşənbəni azərbaycanlılar  təmtəraqla qarşılayırlar. Səhər tezdən axar suyun üstünə gedər, çillə kəsdirər, niyyət edib suyun üstündən tullanar və bu sözləri deyərdilər: “Ağırlığımı su götürsün”. Bu çərşənbədə hamı bulaqda, axar çayda əl-üzünü yuyar, bir-birinin üstünə su çiləyərlər. Təzə sudan gətirib evə, həyət-bacaya səpərdilər. Deyirlər belədə il ruzili olar, bərəkət artar. Qucaqda körpələri, xəstələri, hətta qocaları belə axar su üstündən hoppandırarlar ki, salamatlıq, əmin-amanlıq, xoşbəxtlik olsun. Su çərşənbəsi günü bir anlıq “təzə suya” qovuşanlar, azar-bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olar, günahlarını su yuyub aparar.”

“Novruz bayramının ikinci çərşənbəsi “Kül çərşənbəsi”, “Külə çərşənbə”, “Od çərşənbəsi”, “Üsgü çərşənbə”, “İkinci çərşənbə”, “Addı çərşənbə” və s. adlarla tanınır. Od dünyanın xeyirxah qüvvələrinin başlanğıcı, günəşin yerdəki rəmzi kimi düşünülmüşdür. Qədim etiqadlara görə insanlar odu-ocağı nə qədər çox əzizləsələr, təbiət bir o qədər tez isinər, canlanar və torpaq tez oyanardı. Od insanı həm də yaşadığı yurda, yerə, elə-obaya bağlayır. Elə babalarımızın yurd-yuvası da od-ocaq duyğusu ilə tanınır. Qobustan qayaüstü rəsmləri arasında aşkar olunmuş “Yallı” rəqsinin od ətrafında ifa edilməsi də əcdadlarımızın günəşə, oda olan sevgisinin bariz nümunəsidir. Bu çərşənbə həm də bəzi regionlarda “Kül çərşənbəsi” adı ilə də tanınır. Kül çərşənbəsində təsərrüfatçı bağ-bostanın, əkin-biçinin qış yuxusundan oyanmasını istədiyindən axşam yandırılmış çərşənbə tonqalının külünü isti-isti bağa, bostana, əkiləcək yerə səpər. İstiliyin bu şəkildə simvolunu yaratmaq, üstlərinə kül səpdiklərinin tezliklə oyanması, canlanması istəyini ifadə edir”- deyə, dosent bildirdi.

M.Məmmədli üçüncü çərşənbə haqqında da  bir çox faktları vurğuladı: “Çərşənbənin üçüncüsü  “Yel çərşənbə”, “Gül çərşənbə”, “Ata-baba günü çərşənbəsi”, “Ölü çərşənbəsi” və s. adları vardır. Külək Yer üzünü gəzir, oyanmış suyu, odu hərəkətə gətirir. Yel çərşənbəsində gün ərzində küləklər bir neçə dəfə dəyişir ki, bu da onun özünün tənzimlənməsi kimi qəbul edilir. Erkən dövrlərdə küləyi öz istəklərinə uyğun yönəltməkdən ötrü müəyyən mərasimlər keçirməyi və şərəfinə nəğmələr oxumağı lazım bilmişlər. Əsasən xalq arasında yel çərşənbəsi kimi tanınan bu çərşənbə təbiətdə oyanmanın, canlanmanın şərtlərindən biri olub, hava, yel ilə bağlıdır. Bu günə həm də xalq arasında “külək oyadan çərşənbə”, “yelli çərşənbə” də deyilir. Küləyə belə münasibət yalnız bizim əcdadlarımıza deyil, demək olar ki, bütün dünya xalqlarına aiddir. “Gül çərşənbəsi” kimi tanınan bu çərşənbədə meşələrdə, çöllərdə novruzgülü açır, uşaqlar, gənclər həmin güllərdən toplayaraq çərşənbə xonçasına qoyur, eyni zamanda, “yaz nübarıdı” deyə hamını muştuluqlayırlar. Üçüncü çərşənbəyə məhz novruzgülü ilə bağlı olduğundan “Gül çərşənbəsi” də deyilir.”Ölü çərşənbə” və ya “Ata-baba günü” kimi də el arasında tanınan bu çərşənbədəki inama görə dünyasını dəyişənlərin ruhlarının gözləri yolda olur və yaxınlarının gəlib onları ziyarət etməsini istəyirlər.”

Bayramqabağı qeyd olunan sonuncu çərşənbə isə  Torpaq çərşənbəsidir. Bu çərşənbənin də özünəməxsus cəhətləri var imiş: ““Torpaq çərşənbəsi”, “Axır çərşənbə”, “Böyük çərşənbə”, “İlaxır çərşənbə”, “İlin axır çərşənbəsi” və s. adlarla müxtəlif regionlarda tanınır. Bu çərşənbə torpağın qış yuxusundan ayılması, əkinçilik həyatının başlanğıcını rəmziləşdirir. Bu çərşənbə özünün təntənəsi, ayin və inancları ilə digər çərşənbələrdən seçilir. Hətta bir sıra bölgələrdə, o cümlədən Naxçıvan, Ərdəbil və s. ərazilərdə özünün təntənəsi ilə Novruz şənliyinin özünü belə kölgədə qoyur. İlaxır çərşənbədə tonqallar qalanar, gənclər, uşaqlar, böyüklər odun üstündən  yeddi dəfə atlanarkən ürəklərində arzu tutub “Atıl-batıl çərşənbə // Ayna tək bəxtim açıl çərşənbə” deyərdilər, bununla adamlar köhnə ilin azar-bezarını , dərd-bəlalarını özlərindən qovub təzə ilə sağlam cisimlə, sağlam canla qədəm qoyacaqlarına, gələcək azar-bezardan qorunacaqlarına inanarlar. Bu bayram axşamı tonqal üzərindən atılan adamların öz çilə və ağırlıqlarını yanan odun üstünə tökmələri sübuta yetirir ki, od elementi daşıdığı simvolikasına görə müqəddəs bilinib ilahi anlam verildiyi, hətta insan nəfəsi toxunmağının yasaq eləndiyi zərdüştilik etiqadı ilə deyil, odun  saflığa, təmizliyə, arınmaya  aparan yolda bir vasitə sayıldığı türk düşüncəsi ilə bağlıdır. Sınayıblar ki, çərşənbə ocağı muradı hasil edər. İlaxır çərşənbədə müxtəlif oyunlar, tamaşalar ifa olunar, gənclərimiz qulaq falına çıxar, qurşaqsallama, şalsallama ayinini  icra edər, “Ayna falı”, “İynə falı”, “Kuzə falı” və s. yerinə yetirərdilər. İlaxır çərşənbədə  hava qaralandan sonra niyyəti, bəxti sınamaq üçün qulaq falına çıxırlar. Ürəyində niyyət tutan kimsə özü ilə bir qab su, güzgü, açar götürüb qonşu qapılarına gedər. İçəridə danışılan söz-söhbətlə ürəyində tutduğu niyyəti, arzunu tutuşdurar. Əgər sözlə niyyət arasında uyğunluq varsa, deməli, arzu, istək də tezliklə həyata keçəcək, yoxdursa, onda həmin niyyətin həyata keçməsi üçün dözməli olacaq. Çərşənbələrdə, xüsusən ilaxır çərşənbədə icra olunan bütün mərasim, oyun və əyləndirici vasitələr bütövlükdə bir tam halında saflaşdırıcılıq, yüngülləşdiricilik funksiyası daşıyır və həmin funksiya yeni ovqatın, yeni ruhun - yaz ovqatının, ruhunun gəlişi və qəbulu üçün psixoloji - estetik zəmin hazırlayır”- deyə, həmsöhbətimiz bildirdi.

Yaqut Ağaşahqızı, “İki sahil”