23 aprel 2019 10:41
1133

Səfillər ölkəsində özbaşınalıq

Artıq bütün dünyaya məlumdur ki, Ermənistan hər bir sahədə dərin böhranla üz-üzədir. İctimai-siyasi vəziyyətin gərginliyinin stabil qalması isə böhranın davam edəcəyindən xəbər verir. “Araratsement” istehsalat birliyində çalışan 1200 nəfər fəhlənin tətilə çıxmaları, Armavir vilayətində əhalinin İrəvan-Gümrü  dəmir yolu xəttini bağlaması, ölkə daxilində  Nikol Paşinyan və Qaqik Sarukyan qarşıdurmasının hələ də davam etməsi söylədiklərimizə əyani sübutdur.

İcra nümayəndələrinin özbaşınalıqlarından narazı olan Armavir vilayətinin ən böyük kəndi hesab edilən Zartonkda əhali Paruyr Sarkisyanın kəndlilərin pay torpaqlarını qeyri-qanuni yolla əllərindən almasından şikayətçidirlər. Bu, işğalçı ölkədə baş verən neçənci məmur özbaşınalıqlarıdır ki, yerli əhali artıq bezərək etiraz aksiyaları keçirir. Aksiya iştirakçıları İrəvan-Gümrü  dəmir yolu xəttini bağlayıblar. Erməni mediasında yer alan xəbərlərə görə, Zartonk əhalisi icra nümayəndəsinin 27 yaşlı övladının da soyğunçuluq və özbaşınalıqda ad çıxardığını dilə gətiriblər.  Vəziyyət elə bir həddə çatıb ki, o, narazı sakinlərə atəş açıb. Nəticədə  7 nəfər yaralanıb. Zərərçəkənlər Metsamur mərkəzi xəstəxanasına yerləşdiriliblər. Başından güllə yarası alan kənd sakini Vardan Poğosyanın vəziyyətinin ağır olduğu bildirilir. Hal-hazırda Zartonkda vəziyyət o qədər gərgindir ki, hakimiyyətin başıboşluğundan təngə gələn yerli sakinlər İrəvan-Gümrü dəmir yolu relslərində oturaraq Paşinyan hakimiyyətini lənətləyir və  bu özbaşınalıqlara son qoymasını tələb edirlər.

Ölkəsində bu qədər saysız-hesabsız rəzilliklərin gündən -günə artmasına, əhalinin etirazlarına  baxmayaraq, Paşinyanın başı   oliqarx-deputat Qaqik Sarukyanla münaqişəyə qarışıb. Bu da təməli 1914-cü ildə Abbasqulu bəy tərəfindən qurulan, daha sonra mənfurlar tərəfindən adı dəyişilən və hazırda Sarukyana məxsus “Araratsement” istehsalat birliyində çalışan 1200 nəfərin tətil elan etməsi ilə nəticələnib. Zavodun rəhbərliyinə 15 iyun tarixindən rentabelli olmadığı üçün müəssisənin fəaliyyətinin dayandırılması ilə bağlı göstəriş verilib. Bu da təbii olaraq orada çalışan işçilərin ciddi və genişmiqyaslı etirazlarına səbəb olub. Belə ki, Ermənistan inşaat sektorunun 80 faizini təşkil edən “Araratsement” istehsalat birliyinin bağlanması həm bu bölgə əhalisi üçün ziyanlıdır , həm də ölkənin inşaat sektorunun çökməsi deməkdir. Ancaq bu, böyük ümidlərlə 1 il öncə hakimiyyətə gətirilən baş nazir Paşinyanın heç vecinə də deyil. Öz şəxsi mənafeləri naminə ölkəsini və xalqını heçə sayan başı boş “liderin”  idarə etdiyi hakimiyyətdən də bundan artığını gözləmək özü gərəksizdir. Özbaşınalıqların tüğyan etdiyi işğalçı ölkədə etirazların hələ bundan sonra da geniş miqyas alacağı gözləniləndir. Belə ki, etirazçılar ciddi şəkildə ayağa qalxaraq hökuməti problemlərin həll olunmayacağı təqdirdə daha pis günlərin gözləyəcəyi ilə bağlı öz fikirlərini səsləndiriblər.  “Sizin vicdanınız necə yol verə bilər ki, bizim övladlarımız bir tikə quru çörəyə möhtac olsun. Qoy Paşinyanlar eşitsinlər və agah olsunlar; əgər bizim zavodumuz 2 aydan sonra bağlanarsa, onda Ararat bölgəsinin sakinləri İrəvanın küçələrində “Paşinyana YOX” şüarları ilə irimiqyaslı nümayişlər  keçirəcəklər”, deyə etirazçılar bildiriblər.

Heç vaxt düzgün idarəçilik sistemi olmayan, xarici ölkələrə özlərini məzlum, çarəsiz kimi göstərib öz daxillərində bir-birilərini yeyən, oliqarxiyanın, rüşvətxorluğun, ikiüzlülüyün, özbaşınalıqların hökm sürdüyü “səfillər” ölkəsinin bugünkü mənzərəsi heç də təəccüblü hal deyil. Məhv olmağa məhkum olanların gözlənilən sonunu yaxınlaşdığı açıq-aşkardır. Geriyə isə pərdənin enməsini gözləmək qalır.

Nilufər Mustafaqızı, “İki sahil”