20 iyun 2019 18:16
1171

Bolqarıstanlı qonaqlar İçərişəhərdən xoş təəssüratla ayrılıblar

Azərbaycanda səfərdə olan Bolqarıstan Respublikası Xalq Məclisinin sədri xanım Tsveta Karayançevanın başçılıq etdiyi nümayəndə heyəti iyunun 20-də İçərişəhərlə tanış olub.

AZƏRTAC xəbər verir ki, qonaqlar gəzintiyə İçərişəhərin küçələrindən başlayıblar.

Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür.

Elektromobillə gəzinti zamanı qonaqlara UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, həmçinin burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qorunub saxlanılır.

Gəzinti zamanı qonaqlar "Brilyantovaya ruka" kafesində və Qız qalası yaxıblığındakı "Abad" ticarət mərkəzində olublar.

Qız qalasının yaxınlığındakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki daş ekspozisiyanın yenidən təşkili işləri qonaqların böyük marağına səbəb olub.

Sonra Qız qalası ilə tanış olan qonaqlara Bakının rəmzlərindən biri sayılan abidənin tarixi barədə məlumat verilib. Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilib. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Dünya əhəmiyyətli bu abidənin qorunub saxlanması və mövcud görkəmdə gələcək nəsillərə çatdırılması üçün Prezident İlham Əliyevin tapşırıqları əsasında 2009-2013-cü illərdə burada konservasiya işləri aparılıb.

İçərişəhərlə tanışlıq qonaqlarda xoş təəssürat yaradıb.